Koronavirusla əlaqədar avqustun 8-9-da Özbəkistanda nəqliyyatın hərəkəti tam dayandırılıb

Koronavirusla əlaqədar avqustun 8-9-da Özbəkistanda nəqliyyatın hərəkəti tam dayandırılıb

 

Daşkənd, 8 avqust, АZƏRTAC

Özbəkistanda koronavirusla mübarizə tədbirləri çərçivəsində avqustun 8-9-da taksilər də daxil olmaqla ölkənin bütün şəhərlərində nəqliyyat vasitələrinin hərəkəti tam dayandırılıb. Yalnız təcili yardım maşınlarının və xüsusi icazəsi olan nəqliyyat vasitələrinin hərəkətinə icazə verilib.

AZƏRTAC Özbəkistanın Koronavirusla Mübarizə üzrə Xüsusi Respublika Komissiyasına istinadla xəbər verir ki, ölkədə virusa yoluxma hallarının və ölənlərin sayının artması ilə bağlı artıq dördüncü həftədir ki, şənbə və bazar günləri belə qərar qəbul edilir.

Xatırladırıq ki, avqustun 15-dək ölkədə karantin rejimi qüvvədədir, yaşı 65-dən yuxarı olanlar özünütəcrid rejiminə keçirilib, toy və ailə şənliklərinin təşkili də qadağandır.

Son sutkada Özbəkistanda koronavirusa yoluxanların sayı 650 nəfər artıb və 29 min 459-a çatıb. Son gündə 10 pasiyent ölüb, bu virusdan ölənlərin ümumi sayı 183-dür.

 

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Mənbə: azertag.az