Millət vəkili biləsuvarlıları təbrik edi: “Biləsuvar həm də Azərbaycanın qəhrəmanlıq paytaxtı sayılır”

Millət vəkili biləsuvarlıları təbrik edi: “Biləsuvar həm də Azərbaycanın qəhrəmanlıq paytaxtı sayılır”

Bu gün Biləsuvar rayonunun təşkil edilməsindən 70 il ötür.

Cebhe.info-nun xəbərinə görə, Biləsuvardan Milli Məclis üzvü seçilən Bəhruz Məhərrəmov bildirib ki, Biləsuvar zəngin və mürəkkəb tarixi keçmişi olan bölgələrimizdən biridir:

“Mənbələrdə şəhər kimi X əsrdə salındığı deyilsə də, tunc dövrünə aid Yeddi təpə (Bəydili) və Qoşa təpə kurqanları (Təzəkənd) burada daha qədimdən yaşayış məskənlərinin olmasını göstərir.

Biləsuvar XIV əsr feodal çəkişmələri nəticəsində tənəzzülə uğrayanadək böyük ticarət və sənətkarlıq mərkəzlərindən biri kimi tanınmışdır. Şəhər 1828-ci il Türkmənçay müqaviləsinə əsasən iki hissəyə bölünmüş, 1914-cü ildə Rusiya imperiyasının sərhəd siyasəti çərçivəsində əraziyə ruslar köçürülmüş, yeni mərkəz kimi Puşkin qəsəbəsi salınmışdır. 8 avqust 1930-cu ildə Puşkin qəsəbəsi mərkəz olmaqla Biləsuvar rayonu təşkil edilmiş, 8 il sonra, 1938-ci ildə adı dəyişdirilərək Puşkin rayonu adlandırılmışdır.

1963-cü ildə Cəlilabad ilə birləşdirilsə də, 1 il sonra yenidən müstəqil rayon olmuş, 7 fevral 1991-ci ildən tarixi ədalət bərpa olunaraq yenidən Biləsuvar adlandırılmışdır.

Bu gün 105 min əhalisi olan, 26 kənd və 1 şəhərdən ibarət Biləsuvar Azərbaycanın aqrar mərkəzlərindən biri, böyük pambıqçılıq rayonudur”.

Millət vəkili vurğulayıb ki, Biləsuvar həm də Azərbaycanın qəhrəmanlıq paytaxtı sayılır, Ermənistanla savaşda ilk könüllü batalyonlardan biri biləsuvarlılardan ibarət olub:

“Təsadüfi deyil ki, bu gün Biləsuvarın 134 şəhidi, 128 nəfər qazisi var. Bundan başqa rayon kifayət qədər aktiv siyasi ruha malikdir və Ümummilli lider Heydər Əliyevə Naxçıvandan sonra ilk mütəşəkkil dəstək Biləsuvardan gəlmiş, YAP-ın ilk rayon təşkilatı bu rayonda təsis edilmişdir. 70 illik yubiley münasibətilə hər bir rayon sakininə təbrik və ən xoş arzularımı çatdırır, çətinliklərin, problemlərin hamısının arxada qalacağına inamımı ifadə edirəm”.

Vilayət Muxtar
Cebhe.info

Mənbə: cebhe.info