Qəribsədiyimiz torpaqlar, zirvələr, yüksəkliklər üçrəngli bayrağımızın həsrətindədir - “Həsrətə son qoyacağıq”

Qəribsədiyimiz torpaqlar, zirvələr, yüksəkliklər üçrəngli bayrağımızın həsrətindədir - “Həsrətə son qoyacağıq”

Azərbaycan cəmiyyətində hər zaman ordu amili, ordu dəyərləri uca tutulub və artıq bu bizim mənəvi-psixoloji kodeksimizə çevrilib. Uzun illərdir bu qiymətli sərvətimiz dünyanın mütərəqqi mənəvi dəyərlərindən də istifadə edərək zənginləşir, püxtələşir və inkişaf edir. İnkişafının qürur duyulası dönəmində olan Azərbaycan Ordusunun şəxsi heyəti bu gün yaşadığı ömrün tarixini yazmaqla yanaşı, ömrünü xalqının, millətinin, ordusunun inkişafına həsr edir, onun da tarixinin yazılmasında yaxından iştirak edir. Sözsüz ki, örnək ola biləcək bir ömür yaşamağın və yazmağın özü fədakarlıq, eyni zamanda, hünərdir. Azərbaycan Ordusunun tarixinin yazılmasında iştirak edən hərbi qulluqçulardan biri də gizir Elçin Qəhrəmanovdur. "Elçin o hərbi qulluqçulardandır ki, üzərinə düşən işi və vəzifəni layiqincə yerinə yetirərək, Vətənə xidməti həyatının məqsədinə çevirib", - deyə zabit Rəşad Əliyev onun haqqında xoş sözlərlə söhbətə körpü saldı. - Münaqişəyə cəlb olunduğumuz indiki dönəmdə biz həyatı elə yaşamalıyıq ki, özümüzə, ailəmizə, cəmiyyətimizə, millətimizə, xalqımıza və nəhayət ordumuza faydalı olaq. Praqmatik düşünsək, yaşamaq fayda vermək deməkdir. Hesab edirəm ki, gizir Elçin Qəhrəmanov da Azərbaycan Ordusuna faydalı ola biləcək hərbi qulluqçulardandır. Az müddətdir xidmət etməsinə baxmayaraq, hərbi kollektiv arasında kifayət qədər nüfuz qazana bilib. Bu da onun yaxşı hərbi qulluqçu olmasından xəbər verir.
Gizir Elçin Qəhrəmanov söhbət əsnasında bildirdi ki, hərbçinin əsl hərbçi kimi yetişməsində təlim və məşqlərdən əlavə, düşdüyü mühit və şəraitin də çox böyük rolu vardır. Hərbi qulluqçu onu da qeyd etdi ki, düşdüyü şərait, keçdiyi formalaşma prosesi onun da fəaliyyətinə təsirsiz ötüşməyib.
Həmsöhbətim qeyd etdi ki, ən böyük arzusuna gedən yol yüksək biliklərə yiyələnməkdən keçir: "Ən böyük arzum Ağdamı, Şuşanı, Laçını və digər torpaqlarımızı azad görməkdir. Əlbəttə, bu asan başa gəlməyəcək. Ancaq Azərbaycan Ordusu çətini asan etmək gücündədi. Ordumuzun günbəgün qüdrətlənməsi, hərbçilərimizə olan xüsusi diqqət və qayğı bizim hamımızın mənəvi-psixoloji vəziyyətinə birbaşa təsir edir. Arxamızda güclü dövlətin olduğunu hiss edəndə daha mübariz olur, torpaqlarımızın işğaldan azad edilməsi üçün alışıb yanırıq”.
"Vətən mənim və valideynlərim üçün qürur yeridir", - deyə gizir sözünə davam etdi. - Uzun illər xalqımız Qarabağla bağlı xatirələrlə yaşayır. Oradan köçkün düşən insanlar doğma ocağının, yurd-yuva həsrətilə yaşayırlar. Ona görə hərbçi olmuşam ki, torpaqlarımızın azad olunmasında mənim də payım olsun. Valideynlərimi, əzizlərimi Qarabağımızın görüşünə qürurla aparım. Ana torpağıma səcdə edərək mənəvi rahatlıq tapım.
İnanırıq ki, döyüşlər zamanı tökülən qanların, şəhidlərimizin qisası yalnız qələbə ola bilər... Ali Baş Komandanımızın rəhbərliyi ilə qələbə müjdəli sabahlar bizi gözləyir... Daha Vətənimizin, torpağımızın vahid komandanlıq altında birləşən, müasir silahlarla təmin olunan nizami bir ordusu var. Bu nizami ordunun arxasında ona öz misilsiz məhəbbətilə dəstək olan xalqımız dayanır. Ordu, xalq, dövlət birliyi - bax, bu gördüyünüz yüksəkliklərdə keşik çəkən əsgər və zabit heyətinə, o cümlədən ordumuza daim qol-qanad verir. Biz güclüyük. Təkcə silah-sursatımızla, hərbi texnikamızla, mənəvi-psixoloji hazırlığımızla deyil, həm də haqqımızı tələb etməkdə, ədalətimizə güvənməkdə güclü və qüdrətliyik. Bu dəyərlərdir Azərbaycan Ordusunun şəxsi heyətini qələbədən qələbəyə aparan. Qəribsədiyimiz torpaqlar, zirvələr, yüksəkliklər üçrəngli bayrağımızın həsrətindədir, xalqımız da müqəddəs torpaqlarımızın. Qarşılıqlı həsrətə Azərbaycan əsgəri son qoyacaq!

Məhəmməd Əliyeva, "Azərbaycan Ordusu"
Ordu.az

 

Mənbə: ordu.az