"Yoluxma və sağalanlar arasında olan müsbət tendensiya bizə atılan addımların doğru olduğunu göstərir"

"Yoluxma və sağalanlar arasında olan müsbət tendensiya bizə atılan addımların doğru olduğunu göstərir"

"Bu gün pandemiya ilə mübarizədə qazanmış olduğumuz uğurun təməlinə baxdığımız zaman, bu dönəm içərisində itirdiklərimiz də var, qazandıqlarımız da".

Bunu Milli.Az-a açıqlamasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.

O bildirib ki, pandemiya ilə mübarizə dönəmi çox ağır bir sınaq oldu, bu sınaqda həm səhiyyə işçiləri, həm hökümət üzvləri, həm də cəmiyyətin hər bir üzvü bəs qədər çətinliklər çəkdi:

"Hökümət xüsusən may ayının ortalarından sonra yenidən vüsət alan yoluxma sayının getdikcə artması nəticəsində daha sərt tədbirlər görmək məcburiyətində qaldı və bunun da obyektiv səbəbləri var idi. Bu, bir çox problemlərin olmasına, cəmiyyət içərisində insanların iqtisadi fəallığına, sosial problemlər və digər sıxıntılar yaratmasına baxmayaraq, hər zaman olduğu kimi dövlət üçün hər bir vətəndaşın pandemiya qarşısında təhlükəsizliyini təmin etmək üçün dövlətin atmalı olduğu adımlar idi. Və düşünürəm ki, bu müddət içərisində ən azından bugünkü reallıq, yoluxma və sağalanlar arasında olan müsbət tendensiya bizə atılan addımların doğru olduğunu göstərir. Bu çox ağır bir sınaq oldu. Bu sınaqda həm səhiyyə işçiləri, həm hökümət üzvləri, həm də cəmiyyətin hər bir üzvü bəs qədər çətinliklər çəkdi. Amma hökümət cənab Prezidentin ortaya qoymuş olduğu xüsusi plan çərçivəsində bu müddət ərzində gələcəkdə ola biləcək böyük dalğaya hazırlıq işləri gördü. Bunlar nə idi? - Ölkədə COVİD-lə mübarizədə hər nə qədər 5 minə yaxın yataq çarpayısı olsa da, xəsətəxana sayları artıq 46-ya çatdırıldı. Buna baxmayaraq, 3 ay ərzində 9-a yaxın modul tipli xəstəxana sifariş verilməsi, onun qurulması və açılması kimi mürəkəb işlərin görülməsi, ardınca əvvəlcə 2100, daha sonra ikinci mərhələ üçün hətta 4 minə çatacaq yataq-çarpayı sayının hazırlanması təmin edildi. Hansı ki, hər birinin içərisində yüzlərlə xəstəyə eyni anda süni tənəffüs aparatı və istənilən yüksək texnoloji xidmətləri verə biləcək imkanları olan hazırlıq işləri məhz bu dönəmdə görüldü".

Tanınmış ürək-damar cərrahı qeyd edib ki, Azərbaycan höküməti hər bir vətəndaşının sağlamlığı üçün dünyada istifadə edilən ən önəmli dərmanların hər birini zamanında tədarük edib:

"Bu maddi texniki bazayla birlikdə ölkədə bu günə qədər hər bir vətəndaş fərqindədir ki, ölkəmizdə hər nə qədər dünyadakı bu qlobal problemlər çərçivəsində, ölkələr arası münasibətlərdə yeri gələndə sıxıntılar olmasına baxmayaraq, Azərbaycan höküməti xəstəxanalara yerləşdirdiyi hər bir vətəndaşının sağlamlığı üçün dünyada istifadə oluna biləcək ən önəmli dərmanları zamanında tədarük edərək ölkə vətəndaşının xidmətinə təqdim etdi. Bütün bunlara baxmayaraq itkilər də az deyil. Bu, bilinən bir həqiqətdir ki, bütün tibbi imkanları ortaya qoysaq da əfsuslar olsun ki, hələ ki COVİD-lə mübarizədə dünya səhiyyəsi də, dünya səhiyyə işçiləri də acizdir. Bunları nəzərə alaraq mənim deyəcəyim odur ki, bugünkü əldə etdiyimiz uğur mənə görə, hökümətin və aidiyyatı qurumların kordinasiyalı iş planının nəticəsidir. Dövlətin ortaya qoymuş olduğu bu mübarizəyə vətəndaş cəmiyətinin böyük bir hissəsinin vermiş olduğu reaksiya nəticəsində nail ola bildik. Arzum budur ki, bu birliyi davam etdirə bilək".

Təhməz Təkin
Milli.Az

Mənbə: news.milli.az