“Azərbaycanın yüksək gəlirli ölkəyə çevrilməsi başlıca məqsəddir”

“Azərbaycanın yüksək gəlirli ölkəyə çevrilməsi başlıca məqsəddir”

“Bu gün ölkəmizin enerji resursları tam şəkildə Azərbaycan xalqının maraqlarının xidmətindədir”

“Ölkəmizin artan iqtisadi imkanları uğurlu sosial siyasətin həyata keçirilməsini təmin edir”

"Bundan sonrakı dövrdə həyata keçiriləcək sosial-iqtisadi siyasət, yaradılmış potensial iqtisadi inkişafın sürətləndirilməsi və davamlı inkişafın təmin edilməsində mühüm rol oynayacaq".

Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, Azərbaycanın hazırki inkişafından danışarkən, ilk olaraq, sosial və iqtisadi sahədəki nailiyyətləri qeyd etmək lazımdır:

"Sosial-iqtisadi sahədə həyata keçirilən siyasətin nəticəsində formalaşan siyasi-ictimai sabitlik hazırda hökm sürməkdədir. Bu fakt cəmiyyətimizin bütün sahələrinin sürətli inkişafına öz müsbət təsirini göstərir. Ölkəmizlə iqtisadi əməkdaşdlıqda maraqlı olan dövlətlərin sayı günbəgün artır. Son illər müxtəlif ölkələrlə imzalanan sazişlər, anlaşma memorandumları bunu söyləməyə əsas verir ki, ölkəmiz qarşıdakı illərdə regionun və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında rolunu daha da artıracaq. Beləliklə bu gün Azərbaycanın enerji resursları tam şəkildə Azərbaycan xalqının maraqlarının xidmətindədir və ölkəmizin artan iqtisadi imkanları uğurlu sosial siyasətin həyata keçirilməsini təmin edir. Azərbaycanın iştirakı olmadan regionda hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü də ölkəmizin artan nüfuzunun və siyasi çəkişməsinin təsdiqidir.

Azərbaycanın uğurlu iqtisadi inkişafı, siyasi çəkisinin artması və dünya proseslərində fəal iştirakı ölkəmizin iqtisadi imkanları ilə bilavasitə bağlıdır. Son dövrlər aparılan islahatlarla iqtisadi strategiyamız daha da möhkəmlənib".

M.Cəfərov vurğulayıb ki, son illər ərzində sənayeləşmə siyasətinin düzgün istiqamətdə aparılması qeyri-neft sektorunun sürətlə inkişafına zəmin yaradıb:

"İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların nəticəsi olaraq paytaxt və bölgələrdə quruculuq-abadlıq işləri geniş vüsət alıb. Regionlarımız sosial-iqtisadi inkişafı ilə dünyanın diqqətində olub. Dövlət başçısı İlham Əliyevin regionların inkişaf proqramlarının icrası ilə yaxından tanış olmaq üçün bölgələrə mütəmadi səfərləri, hər səfərdə yeni-yeni obyektlərin açılışı, ən əsası regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün sərəncamlar imzalaması, Prezidentin Ehtiyat Fondundan müvafiq məbləğlərin ayrılması ölkənin hərtərəfli inkişafında xüsusi önəm daşıyır. Görülən işlər əhalinin həyat səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Pandemiya dövründə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn tədbirlər davamlılığı ilə diqqət çəkir.

Azərbaycanda vətəndaşların əmək haqlarının artırılmasına davamlı proses kimi diqqət yetirilir. Beynəlxalq standartlara əsaslanan pensiya-sığorta sisteminin tətbiqi ilə ölkə əhalisinin rifahı yüksəlib. Bütün bunlar dövlət başçısının Azərbaycan vətəndaşlarının güzəranının yaxşılaşdırmasına yönəlmiş addım idi.

"Bizim bütün fəaliyyətimizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır" - deyən cənab Prezidentin gərgin və səmərəli fəaliyyəti, regionların sosial-iqtisadi inkişafı ilə bağlı söylədiyi sözlərdə bir daha öz təsdiqini tapmış oldu.

Son 10 il ərzində davamlı olaraq müxtəlif sosial proqramlar icra edilmiş və edilməkdədir. Sosial infrastrukturun yaradılması ilə bağlı böyük işlər görülüb. Yüzlərlə məktəblər, xəstəxanalar, olimpiya idman kompleksləri, digər sosial obyektlər tikilib, təmir edilib".

Parlament üzvü qeyd edib ki, son illərdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlaması, yüksək gəlirli ölkəyə çevrilməsi başlıca məqsəddir:

"Təqdirəlayiq hal bütün bu proseslərin pandemiya dövrünə baxmayaraq davam etməsidir. Hazırda dünyanın əksər ölkələrində sosial-iqtisadi durğunluq hökm sürür.

Bu durğunluğa baxmayaraq ölkədə nquruculuq abadlıq və sosial-iqtisadi inkişafı şərtləndirən bütün prosseslər axsamadan davam edir. Pandemiya dövründə zərər çəkmiş sahibkarlar dəstəkləndi, təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi. Dövlət sektorunda çalışan 900 min şəxsin əksəriyyəti dövlət tərəfindən əmək haqqı ilə təmin edildi.

Təbii ki, bu məqsədlər üçün böyük maliyyə resursları xərclənib. Bundan sonrakı dövrdə həyata keçiriləcək sosial-iqtisadi siyasət, yaradılmış iqtisadi potensial iqtisadi inkişafın sürətləndirilməsi və davamlı inkişafın təmin edilməsində mühüm rol oynayacaq".

Mənbə: sherg.az