Lukaşenkonun seçkidəki əsas rəqibi internetdir

Lukaşenkonun seçkidəki əsas rəqibi internetdir

Belarusda prezident seçkisinə çox qısa müddət qala müxalif namizədlər kütləvi mitinqlər keçirirlər, Prezident Aleksandr Lukaşenko isə biznesləri ziyarət edir, Təhlükəsizlik Şurasında və parlamentdə çıxışlar edir, mətbuat orqanlarını tənqid edir.

Seçki kampaniyasının işçiləri ilə görüş zamanı Lukaşenko yerli və beynəlxalq medianı tənqid edib və deyib ki, Rusiyanın gündəlik Komsomolskaya Pravda qəzetinin Belarus nəşri “yaxınlarda tabloid qəzetinə çevriləcək.” O, BBC və Azadlıq Radiosu daxil olmaqla xarici media təşkilatlarını qərəzli olmaqda və iğtişaşa çağırış etməkdə ittiham edib.

26 ildir hakimiyyətdə olan Lukaşenko Xarici İşlər Nazirliyini müdaxilə etməyə çağırıb.

“Seçki kampaniyasının sonunu gözləməyə ehtiyac yoxdur. Onlar bizim qanunlara əməl etmirlərsə və insanları Maydana çıxmağa çağırırlarsa, onları ölkədən çıxarmaq lazımdır” – iyulun 23-də Lukaşenko 2013-cü ildə Ukraynada ölkəni Avropa İttifaqından uzaqlaşdıran addıma cavab olaraq keçirilən kütləvi etirazlara istinadən söyləyib.

Svetlana Tixanovskayanın tərəfdarları Minksdə mitinq keçirir

Belarusda avqustun 9-da keçiriləcək seçkidən öncə jurnalistlər və blogerlər həbs olunub, təqib edilib və hətta deportasiya olunub. Lukaşenko çətin bir seçki, habelə iqtisadiyyat və koronavirus pandemiyasını pis idarə etməsi ilə bağlı narazılıqlarla üzləşir.

Koronavirus testinin müsbət çıxdığını söyləyən prezident ölkədə bağlama tədbirləri görməyib və virusa qarşı saunalar və araqla mübarizə aparmağı tövsiyyə edib.

Prezidentliyə müxalif namizədlər prezident yarışından kənarlaşdırılıb. Onların ikisi həbs olunub, üçüncü isə - Birləşmiş Ştatlardakı sabiq səfir Valeri Tsepkalo – həbs olmaq qorxusu ilə Rusiyaya qaçmağa məcbur olub.

Belarus mediası onsuz da repressiv şərtlər altında fəaliyyət göstərir, onlara sərt akkreditasiya qaydaları tətbiq olunub, müstəqil xəbər saytlarına çıxış qadağan olunub. Belarus Sərhədsiz Reportyorlar təşkilatının hazırladığı Dünya Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 153-cü yerdə gəlir.

“Belarusda söz azadlığının vəziyyəti ənənəvi olaraq pisdir”, BelaPAN xəbər agentliyinin analitik layihələrinin başçısı Aleksandr Klaskovski Amerikanın Səsinə bildirib. “Vəziyyət seçki kampaniyaları zamanı daha da pisləşir,” o deyib.

Kalskovski jurnalistlərin Lukaşenkonun çətin prezident kampaniyasının yükünü daşıdığını bildirib.

Polis avqustun 5-də Almaniyanın Deutsche Welle xəbər agentliyində işləyən frilanseri bir gündə iki dəfə həbs edib. İyulun 31-də müxalif namizəd Svetlana Tixanovskayanın lehinə Maladzeçna şəhərində keçirilən mitinq zamanı polis Belarus dilində yayımlanan müstəqil Belsat TV stansiyasının komandasını həbs edib.

Tixanovskaya həyat yoldaşı Sergey Tixanovskinin həbsindən sonra namizədliyini irəli sürüb. Tixanovski YouTube-da “Country to Live In,” kanalını idarə edən populyar video bloggerdir və o seçkidə iştirak etmək üçün namizədliyini irəli sürmüşdü.

Svetlana Tixanovskaya

Belarusda müstəqil mediaya hələ də sərt şəkildə nəzarət olunur. Jurnalistlər rəsmi tədbirlərə daxil ola bilmək üçün akkreditasiya almalıdırlar, hələ də KQB kimi tanınan Dövlət Təhlükəsizlik Komitəsi mətbuata nəzarət edir.

"Bütün xarici jurnalistlər Xarici İşlər Nazirliyi tərəfindən akkreditasiya olunmalıdır. Bu akkreditasiya ilə də müəyyən cizgiləri keçmək qadağandır. Əgər keçsəniz, akkreditasiyanız ləğv oluna bilər,” Novaya Qazeta qəzetinin Belarus üzrə müxbiri İrina Xalip bildirir.

Xarici işlər Nazirliyi may ayında Birinci Kanalın müxbirinin akkreditasiyasını ləğv edərək, onu Rusiyaya deportasiya edib. Nazirlik buna nəyin səbəb olduğunu bildirməsə də, Rusiyanın dövlət telekanalı olan Birinci Kanal bunun kanalda Belarusdakı koronavirusa yoluxma halları ilə bağlı süjetdən bir gün sonra baş verdiyini xəbər verib.

Mətbuat boğulduğu üçün Telegram kanalları və video bloglar getdikcə populyarlaşır – və onlar artıq Lukaşenkonun diqqətini cəlb edirlər.

“Lukaşenko bütün iclaslarında hər şeyə görə onları günahlandırır,” Xalip deyir. O bildirir ki, rəsmilər əvvəllər onlara qarşı necə mübarizə edəcəklərini bilmirdilər. “Siz jurnalistin akkreditasiyasını ləğv edə bilərsiniz, amma YouTube kanalına nə etmək olar?”

Rəsmilər artıq bloggerlərə qarşı təqib və həbsləri artırıblar. Amma Xalip onların bu mübarizədə məğlub olduqlarını deyir:

"Belarusda fəaliyyət göstərən müəyyən sayda jurnalisti qətib etmək mümkündür, amma internetə qarşı mübarizə aparmaq mümkün deyil. Ona görə də, fikrimcə, onlar bu mübarizədə artıq məğlub olublar.”

Mənbə: www.amerikaninsesi.org