"Seçicilər aktivdir" - Belarusda seçkiləri müşahidə edən azərbaycanlı deputat

"Seçicilər aktivdir" - Belarusda seçkiləri müşahidə edən azərbaycanlı deputat

Bu gün Belarusda prezident seçkiləri keçirilir. MDB PA xətti ilə Belarusa prezident seçkilərində beynəlxalq müşahidəçi qismində səfər edən Azərbaycan parlamentariləri seçkiləri müşahidə edirlər.

Deputat Kamran Bayramov Modern.az-a açıqlamasında vətəndaşların səsverməyə qatıldıqlarını bildirib:

“Səhər saat 8-dən bir neçə seçki məntəqəsində olduq. Vaxtından əvvəl səsvermənin izlənilməsi üçün bir sıra seçki məntəqəsinə baş çəkdik, səsvermənin gedişatını izlədik. İnsanlar səsverməyə gəlir. Səhər olmasına baxmayaraq, aktivlik müşahidə edirik. Hələlik, heç bir qanun pozuntusu aşkar olunmayıb”.

Azərbaycanlı müşahidəçinin sözlərinə görə, pandemiya səbəbindən insanların kütləvi axını tənzimlənir:

 

“Hər məntəqədə pandemiya ilə bağlı xəbərdarlıq lövhəsi vurulub. Səsverməyə gələnlərə tibbi maska verilir. Eyni zamanda, hər kəs sosial məsafəyə diqqət edir. Həmçinin dünən MDB İcraiyyə Komitəsinin Seçkilərə Müşahidə Missiyası çərçivəsində missiyanın qərargahında Belarus Respublikası Mərkəzi Seçki Komissiyasının sədri və MDB İcraiyyə Komitəsinin sədri ilə keçirilən görüşdə iştirak etdik”.

 

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibində MDB Parlamentlərarası Assambleyası Azərbaycan Milli Məclisinin daimi nümayəndəsi, Şuranın Baş katibinin müavini Aydın Cəfərov, Milli Məclisin deputatları Azər Badamov, Naqif Həmzəyev, Arzu Nağıyev və Kamran Bayramov bu gün Belarusda keçiriləcək prezident seçkilərini müşahidə edir.

Mənbə: modern.az