Bu il avqustun 6-da Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib. Azərbaycan Prezidentinin nitqində səslənən dəyərli fikir və tövsiyələr ölkə ictimaiyyətinin ən geniş təbəqələrinin nümayəndələri tərəfindən dərin razılıq hissi ilə qarşılanıb. Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru Anar Ağayev bu barədə fikirlərini bizimlə bölüşərkən dedi:
Mən möhtərəm Prezidentin müşavirədəki giriş və yekun nitqlərini, tədbirin digər iştirakçılarının çıxışlarını televiziyadan böyük maraqla izlədim. Bir daha əmin oldum ki, Azərbaycan dövlətinin əsas məqsədi ölkə vətəndaşlarının sağlamlığının qorunmasıdır.
Dövlətimizin başçısı tədbirdə demişdir: “İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq. Artıq üç həftədir ki, bu müsbət dinamika, əlbəttə, bizi çox sevindirir. Prinsip etibarilə, ilk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq”.
Bəli, Azərbaycan digər dövlətlrlə müqayisədə pandemiya ilə mübarizəyə ən ciddi yanaşan ölkələrdəndir. Belə ki, Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizdə infeksiyanın kütləvi yayılmasının qarşısının alınması məqsədilə önləyici tədbirlər görülmüşdür, çox sayda modul tipli xəstəxanalar inşa edilmişdir. Fakt budur ki, Azərbaycan dövləti öz vətəndaşına doğması kimi yanaşmışdır. Son müşavirə bir daha göstərdi ki, pandemiya ilə mübarizədə Azərbaycan dövləti, xalqımızın sevimli lideri cənab İlham Əliyev sonacan ölkə vətəndaşının yanında olacaq.
Mən fəxrlə qeyd etməyi özümə borc bilirəm ki, COVID-19 infeksiyası ilə mübarizə başlanan andan həmkarlarım, bütün tibb işçiləri öz peşə və vətəndaşlıq borclarını böyük şərəf və ləyaqətlə yerinə yetirmişlər. Şübhə etmirəm ki, onlar bundan sonra da bu missiyanı dərin məsuliyyət hissilə yerinə yetirəcəklər. Azərbaycan səhiyyəsi son aylar ərzində ən çətin və ağır vəzifələrin öhdəsindən uğurla gəlməyə qadir olduğunu sübut etmişdir.
Xalqımız, o cümlədən, bir Azərbaycan ziyalısı kimi, mən də bu gün Prezident İlham Əliyevin pandemiya ilə mübarizə istiqamətində gördüyü titanik işlərdən sonsuz fəxr duyuram. Eyni zamanda, bir təcrübəli həkim kimi, hər kəsi bundan sonra da ehtiyatlı olmağa çağırıram. Biz hamımız böyük məsuliyyət hissi ilə özümüzü, ailəmizi, xalqımızı qorumağa çalışmalıyıq. Allah Azərbaycanı qorusun!
Söhbəti qələmə aldı: M.HACIXANLI, “Xalq qəzeti”
Mənbə: xalqqazeti.com