Bəşəriyyəti çənginə almış COVID–19 pandemiyasının ikinci dalğasının başlayacağı ilə bağlı proqnozlar və artıq bir sıra ölkələrdə bunun əlamətlərinin müşahidə olunması dünyanı narahat etməkdədir. Nüfuzlu tədqiqat mərkəzləri və tibbi qurumlarının mütəxəssislərinin açıqlamaları bunu deməyə əsas verir ki, zəruri tədbirlər görülməzsə, koronavirusun ikinci dalğasının yayılma ehtimalı yüksək ola bilər.
İyuldan başlayaraq Avropanın bir sıra bölgələrində koronavirusa yoluxma sayının artması müşahidə edilir. Artıq bir sıra ölkələr karantin rejiminin yenidən sərtləşdirilməsinə qərar verib. Almaniyada fəaliyyət göstərən Alman Həkimləri Birliyi “Marburger Bund”un nümayəndəsi Suzanne Yona mediaya müsahibəsində artıq ölkədə ikinci dalğanın başlandığını bildirib və qeyd edib ki, ikinci dalğa birincidən zəifdir. Onun sözlərinə görə, artıq ölkə xəstəxanaları ikinci dalğa üçün hazırlıq vəziyyətinə gətirilir.
İspaniyanın Kataloniya başda olmaqla, bir sıra bölgələrində də yoluxma ilə bağlı statistik göstəricilər yüksəkdir. Odur ki, Almaniyanın Xarici İşlər Nazirliyi öz vətəndaşlarına həmin bölgələrə səyahət etməməyi tövsiyə edib. İkinci dalğa İspaniyada payızda gözlənsə də, bu, daha tez baş verib. Mütəxəssislər yoluxma sayında sıçrayışı ispaniyalıların tətil mövsümündə səyahəti sevmələri və müxtəlif kütləvi festival və bayram tədbirlərinə üstünlük vermələri və yoluxmanın yüksək olduğu ölkələrdən qeyi-qanuni miqrantların iş üçün axını ilə izah edirlər.
İsveçrə epidemioloqu Anders Teqnell hadisələrin inkişaf tempindən narahatlığını ifadə edib və etiraf edib ki, yoluxmanın bu cür erkən yayılması gözlənilməz olub. O, Avropadakı yoluxma tempini təhlil edərək vəziyyətin həyəcanverici olduğunu bildirib: “Baxaq görək, hadisələrin inkişafı nəyə gətirib çıxaracaq. Əgər indi başlayarsa, bu, narahatlıq doğurur. Bizim fikrimizə görə, ikinci dalğa payızda olmalı idi”.
Fransa kurortları başda olmaqla, Atlantik okeanı və Aralıq dənizi sahillərində məcburi şəkildə, tibbi maskaların taxılması tətbiq edilir. Belə ki, bu ərazilərdə şəhər mərkəzi, sahil əraziləri və əsas küçələrdə hərəkət edərkən vətəndaşlar mütləq maska ilə gəzməlidirlər. Fransada hazırda 140 yoluxma ocağı qeydə alınıb ki, bunlar da məzuniyyət zamanı səyahət, kütləvi və ailəvi görüşlər, toylar və təntənəli mərasimlərlə əlaqədardır.
Cənubi Afrika Respublikasında (CAR) da vəziyyət gərgindir. Ölkənin səhiyyə naziri Tsveli Mxize KİV nümayəndələri ilə keçirdiyi virtual brifinqdə bəyan edib ki, avqustun sonlarında yoluxma sayında kəskin sıçrayış aradan qalxa bilər, lakin bununla belə, koronavirusun ikinci dalğası ehtimalı hələ də aktualdır. CAR yoluxma sayına görə dünyada beşinci yeri tutur. Bununla belə, koronavirusa qarşı vaksinlərin hazırlanması işləri müxtəlif ölkələrdə davam edir. Və ikinci dalğanın qarşısını almaq və onun təsirini müəyyən qədər azaltmaq üçün Rusiya qripə qarşı vaksinasiya aparacaq.
Artıq avqustun 17-dən başlayaraq, Rusiyanın Sankt-Peterburq şəhərində qripə qarşı peyvəndləmə prosesi başlanacaq. Rəsmi məlumata görə, peyvəndlərin 2,7 milyon sakini əhatə etməsi nəzərdə tutulur ki, bu da şəhər əhalisinin yarısını təşkil edir. Qaydaya uyğun olaraq, ilk növbədə, xroniki xəstəlikləri olan şəxslər, uşaq və hamilə qadınlar və çağırışçılar peyvənd olunacaq.
Rus virusoloqları da payız-qış mövsümü ərəfəsində insanların qripə qarşı vaksinasiyasını məsləhət görürlər. Bildirirlər ki, bu, koronavirusun mümkün ikinci dalğasının nəticələrinin yumşaldılmasına müsbət təsir edə bilər. Moskvanın meri Sergey Sobyanin koronovirusla bağlı məhdudiyyətlərin hələ bir neçə ay davam edəcəyini vurğulayıb. O, paytaxt sakinlərinə əvvəlki tək maska, sosial məsafə, gigiyena qaydaları kimi tələblərə əməl etməli olduğunu qeyd edib.
Baltikyanı ölkələr arasında Litva səyahətsevərlər üçün sərhədi açsa da, hökümət yüksək yoluxma olan ölkələrdən qayıdan vətəndaşlarını sosial izolyasiya tədbirlərinə əməl etməyə çağırır. Estoniyada isə Səhiyyə departamenti koronavirusun ikinci dalğasının başladığını artıq rəsmən açıqlayıb. Yoluxma sayında artım var. Belə ki, ötən ay 1 olan yoluxma səviyyəsi indi 2,6-ya çatıb. Odur ki, hökumət yenidən koronavirusla mübarizə tədbirlərini sərtləşdirməyə məcbur olub.
Qardaş Türkiyədə isə avqustun 7-də koronavirusla bağlı bütün karantin dövründə ən genişmiqyaslı yoxlamalar başlayıb. Bütün şəhərlərdə valilər, bələdiyyə rəhbərləri və dövlət orqanları, hüquq-mühafizə orqanlarının nümayəndələri səfərbər ediliblər. İnsanların kütləvi baxımdan çox ola biləcəyi məkanlarda–bazarlarda, ictimai nəqliyyatda, ticarət obyektlərində, restoran və kafelərdə, taksilərdə – hər yerdə insanların sosial məsafə, maska, gigiyena ilə bağlı tələblərə əməl olunması ilə bağlı intensiv yoxlamalar nəzərdə tutulub.
Almaniyanın “ Deutsche Welle” radiosunun əməkdaşı Benrd Riqert bu yaxınlarda pandemiyanın ikinci dalğası ilə bağlı şərh xarakterli yazı verib. Bildirib ki, xarici ölkələrdən gəlmiş vətəndaşlar Berlində əyləncə tədbirləri təşkil edən gənclərə, istənilən kiçik şəhərdə olan məktəblilərə nisbətən heç də daha təhlükəli deyillər. Məqalədə vurğulanır ki, virusoloqlar COVID–19-un yeni sıçrayışlarının dövlət sərhədlərindən asılı olmayaraq, istənilən yerdə başlaya biləcəyi ilə bağlı xəbərdarlıq edirlər. Məqalə müəllifi yay tətilindən yeni tədris mövsümünə qayıdarkən məktəbli və tələbələrin mütəmadi testdən keçməli olduğunu vurğulayır. Bu qaydanın, həmçinin uşaq bağçaları, iri və kiçik müəssisələrin, dövlət müəssisələrinin kollektivinə şamil olunmasını təklif edir.
Müəllif növbəti yoluxma dalğalarından qorunmaq üçün insanların sakit davranmasının vacibliyini məsləhət görür: “Biz virusla yaşamağı öyrənməliyik. Bundan sonra da koronavirusa yoluxan və həyatını itirən insanlar olacaq. Avroplalılar bundan təlaşa düşməməlidir”. “Deutsche Welle” əməkdaşı sonda pandemiya dövründə insani, eləcə də iqtisadi əlaqələrin dəstəklənməsinin mürəkkəb olduğunu qeyd edib.
Bir müddət əvvəl sərt karantin rejimlərini ləğv etmiş ölkələr hazırda xəstəliyin geniş yayılması səbəbindən yenidən məhdudiyyətlər tətbiq etməli olublar. Dünyada koronavirusla mübarizədə aparılan zəruri tədbirləri, tətbiq edilən məhdudiyyətləri araşdırdıqda, eləcə də ölkəmizdə aparılan pandemiya ilə mübarizəni müqayisə etdikdə, belə qənaətə gəlmək olar ki, Azərbaycan höküməti ikinci dəfə sərt karantin qaydalarını tətbiq etməkdə doğru qərar verdi. Bunun nəticəsidir ki, artıq koronavirusdan sağalanların sayı yoluxanları ötüb.
Əldə edilmiş müsbət dinamika, məhz, tətbiq edilmiş məhdudiyyətlər nəticəsində əldə olunub. Hazırda Azərbaycanda xüsusi karantin rejimi yavaş-yavaş yumşaldılır. Lakin bununla belə, ehtiyatı əldən vermək olmaz. Yumşaldılmalar tətbiq edilsə də, vətəndaşların sosial məsuliyyəti daha da artmalı, sosial məsafə, qorurucu maskalardan istifadə kimi qaydalara yenə də əvvəlki kimi əməl olunmalıdır. Əgər əldə edilmiş müsbət dinamikanı qoruyub saxlaya bilsək, ehtimal olunan ikinci dalğanın təsirindən də az ziyan çəkərik. Pandemiyaya yalnız özümüzü, ətrafımızı, yaxınlarımızı qorumaqla, insanların sıx olduğu məkanlarda sosial məsafəni gözləməklə, qoruyucu tibbi maskalar taxmaqla qalib gələ bilərik.
Mənbə: xalqqazeti.com