Qərbi Azərbaycan adından imtina etmirik, ad dəyişikliyinin səbəbi... - Qafar Çaxmaqlı açıqladı

Qərbi Azərbaycan adından imtina etmirik, ad dəyişikliyinin səbəbi... - Qafar Çaxmaqlı açıqladı

Teleqraf.com-un suallarını Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikası Millət Şurasının sədri, Türkiyənin Ərciyəz Universitetinin azərbaycanlı professoru Qafar Çaxmaqlı cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Yaradılmasından qısa müddət sonra Qərbi Azərbaycan (İrəvan) Respublikasının adının İrəvan Türk Cümhuriyyəti olaraq dəyişdirilməsi hansı zərurətdən yarandı?

- Əslində Qərbi Azərbaycan kəlməsi Azərbaycan cəmiyyətində vətəndaşlıq hüququ almış bir termindir və biz bundan imtina etmirik. Azərbaycan cəmiyyətində Qərbi Azərbaycan və qərbi azərbaycanlı ifadəsi işlədilir və bundan sonra da işlədiləcək. Biz respublikanı elan edəndə Qərbi Azərbaycan (İrəvan) Respublikası adı ilə elan etmişdik. Sonrakı mərhələdə müəyyən rəyləri də nəzərə aldıq, hüquqşünaslarla fikir mübadiləsi apardıq, belə fikri bizə təlqin etdilər ki, Qərbi Azərbaycan (İrəvan) Respublikası adından beynəlxalq təşkilatlara müraciət edəndə müəyyən dolaşıqlıq yarana bilər. Çünki İranın Qərbi Azərbaycan ostandarlığı var. Beynəlxalq təşkilatlara müraciət edəndə İrəvan kəlməsinə o qədər də fikir vermirlər, oranı nəzərdə tuturlar. Adın dəyişdirilməsinin birinci səbəbi budur.

İkincisi, İrəvan və Qərbi Azərbaycan eyni anlama gəlir, İrəvan xanlıq mərkəzi olub, onun 16 mahalı olub, həmin mahallar elə Qərbi Azərbaycanın özüdür. Biz İrəvan kəlməsini bu mənada işlətməyə çalışdıq, bu ifadənin üzərində dayandıq. Orada yaşayan insanların 99.9 faizi türklərdir. Şübhəsiz ki, digər xalqlar da olub, o xalqlara da sayğı göstəririk. Tarixdə, dünyada örnəklər var. Türkiyə Cümhuriyyətinin özündə də fərqli xalqlar yaşayır, amma dövlətin adı Türkiyədir. Şimali Kipr Türk Cümhuriyyətini də misal çəkə bilərik. Türk adı bəzi adamlarda mənfi assosiasiya doğursa da, biz öz tarixi adımızı bərpa etməyə çalışdıq və dövlətimizin adına bir türk kəlməsini də əlavə etdik. Bilirsiniz ki, cümhuriyyət sözü də ərəb sözüdür, respublikasözü də heç Azərbaycan türkcəsində deyil. Amma biz cümhuriyyət kəlməsi üzərində dayandıq, çünki cümhuriyyət sözü bir çox səviyyələrdə vətəndaşlıq hüququ qazanıb. Beynəlxalq təşkilatlara müraciət edəndə respublika kəliməsini işləyəcəyik. və bu belə də olacaq. Dəyişdirməyimizin səbəbləri bunlardan ibarətdir. İrəvan Türk Cümhuriyyətinin ortaya çıxması bölgədə yeni bir siyasi situasiyadan da qaynaqlanır.

- Azərbaycan-Ermənistan sərhəddində Tovuz istiqamətində erməni təxribatından sonra Azərbaycanın Türkiyə ilə birgə hərbi təlimlərini nəzərdə tutursunuz?

- Bəli. Türk ordusunun Azərbaycana müəyyən dəstək verməsi fonunda Türkiyəyə bu mənada mesajımızı verdik. Üçüncü səbəblərdən biri ondan ibarətdir ki, biz indiki Ermənistanı 1918-ci ildə ortaya çıxanda 9000 kvadrat kilometrlə tanımışıq və indi Ermənistan dövlətini tarix səhnəsindən, xəritədən silmək məqsədimiz yoxdur. Bizim hədəflərimizdən biri ondan ibarətdir ki, daha sonrakı illərdə, 1918-ci il 29 may protokolu ilə İrəvanın, sonra Zəngəzurun, Göyçənin verilməsi və digər ərazilərin Ermənistana keçməsinə qarşıyıq. Bununla bağlı tarixi qərarlar, hüquqi aktlar var və biz bunlara söykənərək İrəvanın və digər ərazilərin Azərbaycana geri qaytarılmasını istəyirik. Yəni bu torpaqlarə İrəvan Türk cümhuriyyətinin əraziləri olaraq görürük. Digər bir aspek bütövlükdə indiki Qərbi Azərbaycan, İrəvanın 16 mahalında olan əhalinin haqlarıdır. Onların hüquqlarının bərpası üçün mübarizəmizi aparacağıq, bu insanların o torpaqlara geri dönməyə haqqı var. Bunun üçün hər səviyyədə mübarizə aparmağı özümüzə vətəndaşlıq borcu bilirik. Dördüncü məqam ondan ibarətdir ki, biz həmişə deyirik Ermənistan Azərbaycan ərazilərini, Dağlıq Qarabağ və ətrafında 7 bölgəni işğal edib və burada ikinci bir erməni dövləti qurmaq istəyir. Eyni ittihamı bizə qarşı səsləndirməsinlər deyə, biz ikinci Azərbaycan dövləti qurmaq kimi ittihamlardan qaçmaq üçün bu addımı atdıq. Yəni İrəvan Türk Cümhuriyyəti fərqli bir anlamdadır. Bu cümhuriyyət qeyd etdiyim ərazilərə iddialıdır və əhalinin ora geri qayıtmasını təmin etmək üçün bu ada üstünlük verdik. Artıq 3 aydır bu cümhuriyyəti elan etmişik, mənə elə gəlir ki, İrəvan Türk Cümhuriyyəti xalqımız tərəfindən çox rəğbətlə qarşılanır. İctimai rəyi hesablamışıq, demokratik mühitdə bu qərarı qəbul etdik. Sədarətin 12 nəfər üzvü var, neçə vaxtdır ciddi müzakirələr aparırdıq, dünən səsvermə keçirdik.

- Sosial şəbəkələrdə ad dəyişikliyi birmənalı qarşılanmadı. Bəs İrəvan Respublikasının sədarətində təmsil olunanların qərarı yekdil idi?

- Qarşı çıxanlar da oldu, onlara böyük sayğımız var, amma böyük əksəriyyət qərarı dəstəklədi, bu adı qəbul etdik, xalqımız üçün xeyirli-uğurlu olsun. Adın dəyişdirilməsini başqa səmtə yozanlar, yanlış nəticələr çıxarmaq istəyənlər də tapıla bilər. Əmin ola bilərsiniz ki, bu, bizim iradəmizdir, Millət Şurasının sədri kimi mənim təklifimlə qəbul olunmuş qərardır. Qərbi Azərbaycan adından imtina etmirik, bizim respublikanın gələcək fəaliyyətində də Qərbi Azərbaycan kəlməsi və qərbi azərbaycanlılar ifadəsi hər zaman işlənəcək.

Ülkər Şərifova

Mənbə: teleqraf.com