Erməni lobbisi Rusiyada buna da nail oldu – Tankerə bəstəkar Arno Babacanyanın adı verildi

Erməni lobbisi Rusiyada buna da nail oldu – Tankerə bəstəkar Arno Babacanyanın adı verildi

Vladivostokda erməni və sovet bəstəkarı, SSRİ xalq artisti Arno Babacanyanın şərəfinə transokean tankerinin adlandırılması mərasimi keçirilib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Ermənistanın Rusiyadakı səfirliyinin mətbuat xidməti yayıb.

Mənbə bildirir ki, mərasim bəstəkarın anadan olmasının 100 illiyinə təsadüf edib.

Mərasimdə çıxış edən Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan görkəmli bəstəkarın xatirəsinə həsr olunmuş təşəbbüs müəlliflərinə təşəkkür edib.

“Arno Babacanyan bu gün erməni-rus dostluğunun simvolu olaraq qalır və onun musiqisi Ermənistan, Rusiya və digər keçmiş sovet respublikaları xalqlarının mədəni irsidir”, – diplomatik nümayəndəliyin rəhbəri bildirib.

Vardan Toqanyan

Tədbirdə Primorsk diyarı Baş nazirinin müavini Yelena Bronnikova, Arno Babacanyanın xatirəsinə yaradılan beynəlxalq fondun nümayəndəsi Armen Sarkisyants, Kamçatka ərazisindəki “Rusiya Erməniləri Birliyi”nin region üzrə rəhbəri Artur Xaçatryan iştirak ediblər.

Mərasimdən sonra konsert baş tutub, Nevelsk Dənizçilik Universitetinin Estrada Orkestri (rəhbəri Anatoli Yakimenkodur) Babacanyanın məşhur əsərlərini ifa edib.

Qeyd edək ki, yanacaq dolduran tankerə Babacanyanın adının verilməsi təşəbbüsü “Rusiya Erməniləri İttifaqı”nın Kamçatka diyarındakı regional bölməsinə və BRAMS OIL şirkətinə aiddir.

Arno Arutyunoviç Babacanyan (22 yanvar 1921 – 11 noyabr 1983) – Sovet erməni bəstəkarı, pianoçu, müəllimdir. O, SSRİ xalq artisti və üçüncü dərəcəli Stalin mükafatı laureatıdır (1951).

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az