Hakimiyyətin hekayə problemi.


İstənilən islahatdan, dəyişikliklərdən öncə onun maraqlı təqdimatı, inandırıcı hekayəsi olmalıdır. Oturşmuş sistemi olan ölkələrdə hekayə problemi olmur, yeni ideyaların təqdimatı baş verir, nəticədə də seçicini inandıran siyasi partiya və təşkilatlar öz təqdimatı əsasında qalib gəlib hökumət formalaşdırırlar. İdeoloji cəmiyyətlərdə, maraq qruplarının formalaşdığı ölkələrdə təqdimatın dili, üslubu, hədəf kütləsi, aşğı-yuxarı bəlli olur deyə, heç bir siyasi qurum hamını qucaqlamağa, hamıya xoş görünməyə çalışmır. Oturuşmuş demokratik sistemlərdə hamını qucaqlamağa çalışan siyasi partiyalar həmən fiaskoya uğraya bilərlər, qeyri-ciddi qəbul olunarlar. Ona görə də Qərbdə siyasi təşkilatların məsələlərə baxışı çoxdan “sağ-sol” prizmasından çıxıb, ideoloji doqmalar əriyərək iqtisadiyyata müdaxilə alətlərinə çevriliblər.
Bizdə, təəssüf ki, hələ ideoloji toplum formalaşmayıb, maraq qrupları sağlam təməllər üzərində inşa edilməyib, amma bunun cücərtiləri var. Bizim əsas hədəflərimizdən biri bu cücərtiləri böyütmək, ideoloji dəyərlərə söykənən toplumun formalaşmasına dəstək olmaqdər. Hələ ki, bizdə toplum özünü futbol azarkeşi kimi aparır, yəni, bəlli ölkələrə, və ya liderlərə azarkeşlik edirlər. Toplumda təbii Türkiyə sevgisi, Rusiyadan iqtisadi asılılığı olan kəsm, dini baxışlarına görə İrana, və ya Səudiyyəyə azarkeşlik edən qruplar var. Azsaylı ideoloji qrupların yarandığını da görürük – solçular, millətçilər, liberallar, sağçılar, mühafizəkarlar, kosmopolitlər, feministlər var, amma burada da iki problem var: 1) Solçu – Rusiyaya, Millətçi – Türkiyəyə, Mühavizəkar – İrana, Səudiyyəyə, Liberal – Avropaya, Kosmopolit və feminist isə ancaq trendələr baxır. Yəni, Azərbaycanın özünün solu-sağı-liberalı-mühafizəkarı-kosmopoliti-feministi yoxdur, 2) Bizdə hələ də bu qavramların hesabını-kitabını, təməlini, fəlsəfəsini bilənlərin, dərinliyinə enənlərin sayı çox azdır.
Azərbaycanda hələ ideoloji toplum yoxdur deyə insanları təməl qavramlar üzərində birləşdirmək, bəsit, amma işlək hekayələrlə bir yerə gətirmək mümkündür. Ona görə də siyasi təşkilatların təməli sağlam olacaqsa, içində müxtəlif baxışlı, amma eyni hədəfə köklənən insanları birləşdirəcək: Məsələn, seçim belədir: Neo-Monarxiya, ya Respublika. Yəni, ilk hədəf Cümhuriyyətin – Respublikanın bərpasıdır, bu ideyanı ilk səsləndirənlərdən biri biz olduq, sonra hətta bu deyimi zarafata, lağlağıya çevirənlər də oldu, amma yolumuzdan dönmədik. Hədəf – Respublikadır, bu yolda müxtəlif ideoloji kimlik daşıyıcıları ilə birlikdə addımlamaq mümkündür, hədəfə çatdıqdan sonra mütləq maraq qpurparına və ideoloji təmələ görə siyasi təşkilatlar formalaşacaqlar. Bu gün siyasi səhnədə olan partiyaların böyük əksəriyyəti, bəlkə də, 95%-i Respublika bərqərar olandan sonra siyasi səhnədə olmayacaqlar. Amma əvəzinə şəxslərin deyildə, ideyaların ətrafında birləşən siyasi təşkilatlar yaranacaq və ölkə normallaşacaq.
İndi hakimiyyətin ən böyük problemi ideoloji boşluq, inandırıcı hekayənin olmamağıdır. YAP ideoloji partiya deyil, hətta ümumiyyətlə partiya deyil, son illər oliqarxiq sistemdən CEO-lar, menecerlər sisteminə keçid baş verib, amma aşağıdan-yuxarıya loyallığın ideoloji əsası yaradılmayıb, bəli, loyallıq ucuzlaşıb, amma fəlsəfəsi və dayağı yenə də maddi, şəxsi maraqlar olaraq qalıb. Ona görə də, hökumətin atdığı addımlara inamsızlıq var, problemlərdən danışanda insanlar qıcıq olur ki, axı sizsiniz 27 ildir ölkəni idarə edənlər, indi bizə - vətəndaşa kimdən və niyə şikayət edirsiniz ki?!
Yeni sistemin ilkin elementləri var, amma hekayəsi yoxdur, burada da iki yol var: 1) Hakim siyasi elita dəyərləri və vizionu, normal vitrini olan ikinci hakim partiya yaradır, həmin partiya yeni hekayə quruculuğuna başlayır, siyasi dialoqun əsas tərəfi olur, YAP tarixin arxivinə göndərilərək bütün siyasi sorumluluq həmin təşkilata yüklənilir, 2) Yeni hakim partiya ölkədə normal siyasi dialoq ortamə üçün təşəbbüs göstərir, bəlkə də koalision hökumət üçün qapıları açır, bununla da 27 ilin yükü çiyninlərindən atılmış olur, yeni səhifə açılır, yeni hekayə quruculuğu baş verir.
Bunun başqa yolu yoxdur – eyni yanaşma ilə keçmişlə hesablaşmadan, o səhifəni bağlamadan yeni səhifə açmaq mümkün deyil. Bu yol hətta xarici investorlar üçün də ən məqbul yoldur – inandırıcı hekayəsi, viziony, dəyərləri, qanuni zəmanət mexanizmləri olmayan ölkəyə heç kim investisiya qoymaz...
Natiq Cəfərli
Teref.az

Teref.az

ƏVVƏLKİ XƏBƏR

İstanbulda avtobus qəzasında 5 nəfər ölüb, 10-u ağır olmaqla, 25 nəfər yaralanıb

SONRAKI XƏBƏR

Türk professor: "Hər ölkədə xəstəliklə deyil, tədbirlərlə savaşan qruplar var"