"Azərbaycan Livana həmrəylik nümayiş etdirən ilk dövlətlərdəndir" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Livana həmrəylik nümayiş etdirən ilk dövlətlərdəndir" ÖZƏL-MÜNASİBƏT

"Avqustun 4 -də Livanın paytaxtı Beyrutda baş verən partlayış nəticəsində 160-a yaxın insan həyatını itirib, 6 mindən çox isə yaralanıb. Uçqunlar altında qalanların və itkin düşənlərin sayı bilinmir. Partlayış dalğası ölkənin paytaxtında acınacaqlı vəziyyət yaradıb. Şəhərdə 300 min mənzil və ev zədələnmişdir, sakinlərə və dövlətə böyük zərərlər dəyib. Təbii ki, belə fəlakətli hallarda dövlətlər bir-birlərinə əl uzadır, dəstək verir, yardım göstərirlər. Əlbəttə ki, bu könüllüdür, humanizmə, insanlığa bağlı məsələdir. Azərbaycan Livana həmrəylik nümayiş etdirən, maddi yardım edən ilk dövlətlərdəndir. Əfsuslar olsun ki, bu, cəmiyyətimizin bəzi üzvləri tərəfindən bir mənalı qarşılanmadı. Sosial şəbəkələrdə açıq etiraz edənlər də az deyil. Söz insan qəlbinin səsidir. Əgər kimsə danışırsa, səsini çıxarırsa, deməli, onun ürəyində bir səbəb,narahatlıq var...". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.

Partiya sədrinin sözlərinə görə, Livan deyəndə hələ də çox soydaşlarımızın yadına Qarabağ savaşlarında ölkəmizə qarşı erməni əsilli livanlı terrorçular düşür: "Azərbaycan əsgərləri döyüş meydanlarında yüzlərlə belə itləri cəhənnəmə göndərmişlər. Livan Ərəb dövlətidir. Əhalisinin 40%-i xristiandır. Bu səbəbdən həmin dövlətin siyasi sistemi konfessionalizm (müxtəlif din və təriqətin mövcudluğu) üzərində təməl tapıb. Parlamentli respublika olan Livanda, bir qayda olaraq, baş nazir sünnü məzhəbindən olan müsəlmanların, prezident xristianların (maronit ), parlamentin sədri isə şiə müsəlmanlarının içərisindən seçilir. Ermənilər azlıqdadırlar. Livan Azərbaycanın ərazi bütövlüyünü tanıyan İslam Əməkdaşlıq Təşkilatının, Ərəb Dövlətləri Liqasının üzvüdür. Şübhəsiz ki, Beyruta yardım əli uzadarkən dövlətimiz bunları nəzərə alıb. Lakin bir məsələni də vurğulamaq verinə düşər. Yalnız sağlam xalqlar və toplumlar başqalarını da düşünürlər. Pandemiya dövründə koronavirusdan əziyyət çəkən 30-dan çox ehtiyacı olan dövlətə Prezidentimizin tapşırığı ilə humanitar yardımlar göstərilmişdir. Bir sözlə, yaxşılıq etmək, insanlıq göstərmək bizim qanımızda və genetik kodlarımızdadır. Bir də unutmaq lazım deyil ki, yaxşılıq həmişə dostlar qazandırır. Başlıcası, bunu Uca Allah da təqdir edir!".

Mənbə: sia.az