Anar Xəlilov: "Testin qiymətlərində endirim edilsin" ÖZƏL - AÇIQLAMA

Anar Xəlilov: "Testin qiymətlərində endirim edilsin" ÖZƏL - AÇIQLAMA

"Bu gün dünyanın bir çox ölkələrində karantin qaydaları ləğv olunduqdan və ya yumuşaldılma tətbiq edildikdən sonra yenidən yoluxma halları artmışdır. Bunu yeni dalğa kimi qələmə verirlər. Əslində isə bu yeni dalğa deyil. Ölkə Prezidentinin müşavirədə də qeyd eydiyi kimi virus həmin ölkələrdə itməmişdi sadəcə karantin qaydaları dəyişdikdən sonra yoluxma artıb. Yeni dalğa onda olar ki, virus yox olsun yenidən qayıtsın. Əslində karantin qaydaları yumuşaldıqdan sonra həmin ölkələrdə də, bizdə də artımı müşahidə edirik". Bu sözləri SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, buna səbəb bəzi vətəndaşların arxayınçılığa və məsuliyyətsizlik hallarına yol verməsidir: "Nəticədə yoluxmalar yenidən artır. Bu gün Azərbaycanda virusa qarşı dövlət tərəfindən bütün lazımı tədbirlər atılır. Səhiyyə sahəsində və digər sahələrdə böyük tədbirlər həyata keçirilir. Yeni modul tipli xəstəxanalar, laboratoriyalar yaradılır. Tibbi ləvazimatlar alınır, xarici tibb mütəxəssisləri ölkəyə dəvət olunur. Əhalinin aztəminatlı hissəsinə müavinətlər verilir. Sahibkarlıq subyektlərinə yardım olunur. Demək olar ki, dövlət üzərinə düşən vəzifəsini yerinə yetirir. Bu işdə dövlətlə yanaşı Heydər Əliyev Fondunun göstərdiyi dəstəyi də yüksək qiymətləndirirəm".

QHT sədri vurğulayıb ki, avqustun 5-dən etibarən yenidən karantin qaydalarına yumuşaldılma edildi, SMS icazə ləğv edildi, çimərliklər açıldı, bəzi sahələrin fəaliyyətinə icazə verildi, artıq Baş nazir yeni yumuşaldılma olacağını bəyan eydi: "Təbii ki, buna səbəb yoluxma sayının kəskin yenməsidir. Amma unutmamalıyıq ki, sərt karantin qaydaları və cərimələrin artırılması olmasa idi, yoluxma daha yüksək olacaqdı. Əgər istəyiriksə yenidən sərt karantinə qayıtmayaq və virusa qalib gələk yenə də məsuliyyət biz vətəndaşların üzərinə düşür. Qaydalara ciddi mənada riayət etməliyik. Təəssüflə qeyd edim ki, bu bir neçə günün müşahidəsinə əsasən deyə bilərəm ki, yenə də az da olsa qaydalara əməl etməyənlərə rast gəlinir. Nəzarəti daha da gücləndirmək lazımdır. Yenə də şəhərdə tıxaclara rast gəlinir. Əgər əksər müəssisələr işləmirsə bu avtomobil sıxlığı nəyə görədir? - sualı yaranır. Vacib işlər yoxdursa evdən çıxmaq məsləhət görülmür axı. Çimərliklərdən də əgər xəstəliyiniz yoxdursa, həkim məsləhəti deyilsə çalışın az istifadə edin çünki yoluxma riski vardır".

Anar Xəlilov təklif edib ki, test yoxlaması verən vətəndaşlara rayonlara getmək icazəsi verilsin və testin qiymətlərində endirim edilsin: "Bu həm şəhərimizin yükünü azaldar, həm də regionda turizmin indiki durumuna müsbət təsir edər. Sadəcə orada da nəzarət mexanizmi gücləndirilməlidir. Bütün hallarda yenidən sərt karantin rejiminə qayıtmamağın yolu vətəndaş məsuliyyətindən asılıdır. İctimai nəzarət və qınaq halları geniş vüsət almalıdır. Məsuliyyəti və yükü tək dövlətin üzərinə yıxmaq düzgün deyil".

Mənbə: sia.az