Ziyalılarımızla vidalaşarkən...

Ziyalılarımızla vidalaşarkən...

Adətən yay aylarında məzuniyyətə çıxanlar kənd yerlərinə üz tuturlar. O üzdən Dədəli kəndi yalnız bizim doğulub, boya-başa çatdığımız yer deyil, həm də məzuniyyət zamanı istirahət məkanımız sayılır. Xəzər dənizindən 7 km məsafədə yerləşən Xaçmaz rayonunun Dədəli kəndi ziyalılarıyla sayılıb-seçilən kəndlərimizdəndir. Yay ayları, kəndə qayıdan hər kəs üçün sanki illik hesabat rolunu oynayır. Hamımız kəndə yığışaraq il boyu gördüyümüz işlərdən danışırıq.

Əsasən də tələbələr öz tədris ilində oxuduqlarından, öyrəndiklərindən kənd ağsaqqallarına və ali məktəb həvəsində olan məktəblilərə danışırlar. 2015-ci ilin yay ayları bu səbəbdən mənimçün çox məhsuldar il olmuşdu. Çünki Almaniyadan qayıtmışdım. Bayrot Universitetinin doktoru olduğum müddətdə Münhen, Hamburq, Nürnberq, Berlin, Bayrot kimi nəhəng elm şəhərlərini qarış-qarış gəzib gəlmişdim.

Almaniyanın sadəcə nəqliyyat sistemindən danışmaq kifayət idi ki, sadə kənd adamları saatlarla səni dinləsinlər. Elm-təhsil sistemindən, texnologiyanın inkişafından danişdıqda isə gənclərdə elmə böyük maraq oyatmaq olurdu. Amma bu il “hesabat” mənimçün o qədər də asan olmadı. Çünki bağ qonşumuz olan professor Fikrət Aslanovla elə bağda gəzərkən qarşılaşdım. Və məndən çox çətin hesabat götürdü.

İlk dəfə adını Hitlerin “Mənim mübarizəm” əsərindən oxuduğum məşhur Bayrot operasından tutmuş, “Pivə festivalında” Münhendə baş verən alman kobudluqlarına qədər hamısından xəbərdar olan professor sözün həqiqi mənasında avropaşünas alim idi. Avropa dillərini və mədəniyyətini yüksək səviyyədə araşdırmış alimin əsas tədqiqat obyekti “alman məktəbi” idi.

Dədəli kəndində demək olar ki, bütün əhalinin biri-biriylə qohumluq əlaqələri vardır. Bəzən olur ki, bu qohumluq əlaqələri yenilənir. Fikrət müəllimlə də qohumluq əlaqələrimiz son illərdə yenilənmişdir. Və ona görə də daha tez-tez görüşürdük. Son görüşlərimiz daha dərin fikirlər üzərində qurulurdu. Məni daha çox işləməyə səsləyirdi.

Bəzən elə tövsiyələr verirdi ki, mən o elmi işləri bəlkə də 60-70 yaşlarımda görə biləcəyimi düşünürdüm. Amma sonradan dərk edirdim ki, əsil ziyalı mövqeyi, özünün görə bilmədiyi işləri gənclərə gördürəndir. Zamanında ciddi yanaşmadığı məsələlərə gəncləri daha ciddi yanaşmağa sövq etdirməkdir. Məhz bu zaman elə həmin işlərdə özün o işləri görmüş qədər haqq sahibi olursan. Bu baxımdan mən professordan çox dəyərli məsləhətlər almış və çox yararlanmışam. Onun vəfatı xəbərini aldığım zaman elə onunla ilk dəfə həmsöhbət olduğum məkanda idim. Və bu xatirələri də həmin anda yazıya aldım.

Fikrət müəllim, çox təəssüf ki, sizdən öyrənəcəklərimiz var ikən bizləri tez tərk etdiniz…

Fikrət Aslanov 1943-cü il yanvarın 1-də Xaçmaz rayonunun Dədəli kəndində anadan olmuşdur. Xaçmaz rayonunun Dədəli kənd orta məktəbini bitirdikdən sonra, 1960-1965-ci illərdə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedoqoji Xarici Dillər İnstitutunda, Qərbi Avropa dilləri fakültəsinində Alman dilləri və Azərbaycan dilləri ixtisası üzrə təhsil almışdır. 1965-ci ildə İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra, Xaçmazın Qusarçay və Dədəli kənd orta məktəblərində alman dili müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1974-cü ildən həmin institutda laborant, müəllim, baş müəllim, kafedra müdiri, dekan vəzifələrində çalışmışdır. Ömrünün sonuna qədər Azərbaycan Dillər Universitetinin Praktik alman dili kafedrasının professor olmuşdur. 2006-2011-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetinin Xarici dillər kafedrasında çalışmışdır.

Həyatı boyunca professor Fikrət Aslanov Sankt-Peterburq Dövlət Universitetində, Kiyev Dövlət Universitetində, Almaniyanın Berlin şəhərindəki Humboldt Universitetində, Münhen şəhərindəki Ludviq Maksimilians Universitetində elmi ezamiyyətlərdə olmuş və elmi-tədqiqat laboratoriyalarında tədqiqat işlərini yerinə yetirmişdir. 2009-cu ildə “Müasir alman və Azərbaycan dillərində sintaqm problemi və onun eksperimental-fonetik tədqiqi” adlı elmlər doktorluğu dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Elmlər doktoru elmi dərəcəsini almışdır. Fikrət Aslanovun 2 monoqrafiyası, 2 dərsliyi (ali məktəb tələbələri üçün), alman dilinin ikinci dil kimi tədrisi ilə bağlı proqramları, o cümlədən yerli və beynəlxalq jurnallarda çap olunmuş 100-dən çox məqaləsi vardır. Onun rəhbərliyi altında doktorantlar yetişmiş, dissertasiya şuralarında üzvlük etmiş, dissertasiya müdafiələrində opponentlik etmişdir.

Professor Fikrət Aslanov əsil ziyalı, alim, aqsaqqal idi. Onun Azərbaycan elminə, gəncliyinə verdiyi töhfələr hələ uzun müddət öz bəhrəsini verəcəkdir. 8 avqust 2020-ci ildə öz əzizlərini tərk etməsinə baxmayaraq, uzun müddət yaddaşlarda yaşayacaqdır. Onun dərsliklərini oxuyan hər bir tələbə, monoqrafiyalarını oxuyan hər bir tədqiqatçı, məqalələrini oxuyan hər bir alim zaman-zaman Fikrət Aslanov imzasını xatırlayacaq, onun bizlər üçün qoyub getdiyi mirasdan yararlanacaqdır.

Ziyalılarımızla vidalaşarkən nə etməliyik? Onların yaxınlarına səbr diləməli və onların yolunu davam etdirməliyik. Professor Fikrət Aslanovun vəfatilə Azərbaycan elmi ictimaiyyətinə, Azərbaycan Dillər Universitetinə, Xaçmaz rayon ziyalılarına, onun doğulduğu və dəfn edildiyi Dədəli kənd sakinlərinə, ailə üzvlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verirəm.

ALLAH RƏHMƏT ELƏSİN.

Fizika üzrə fəlsəfə doktoru, dosent Sakin Cabarov.

Mənbə: sherg.az