Aleksandr Lukaşenko kimdir? - DOSYE

Aleksandr Lukaşenko kimdir? - DOSYE

Belarusiyada yayımlanan rəsmi nəticələrə əsasən, 26 ildir iqtidarda olan prezident Aleksandr Lukaşenko böyük bir fərqlə (81%) seçkilərdə qalib gəlib. Lakin cəmi 8% səs toplayan 37 yaşlı müxalifət lideri Svetlana Tixanovskaya bu nəticələrə inamsızlığını bildirib.

Nəticələr elan olunduqdan sonra paytaxt Minskdə etiraz aksiyaları keçirilib. Seçkilərin saxta olduğunu iddia edən yüzlərlə etirazçı saxlanılıb. İğtişaşlardan sonra Avropa Birliyi tərəfindən "diktator" elan olunan Lukaşenko diqqət mərkəzinə çevrilib.

Bu səbəbdən bu gün Lukaşenkonun həyatı bir çoxlarında maraq doğurur. Lukaşenko kimdir?

BiG.AZ oxucularına bu sualın cavabını verir.

ALEKSANDR LUKAŞENKO KİMDİR?

Aleksandr Lukaşenko Sovet İttifaqı dağıldıqdan sonra 10 iyul 1994-cü ildə keçirilən seçkilərdə qələbə çalaraq hakimiyyətə gəlib və indiyə qədər bu dövlətə başçılıq edir.

Təxminən 26 ildir iqtidarda olan siyasətçi, təcrübəsi və dövlət idarəetmə üslubuna görə Avropa Birliyi tərəfindən "diktator" kimi tanınır.

Lukaşenko 30 avqust 1954-cü ildə Belarusiyanın Vitebsk şəhrində anadan olub. Mogilev adına Pedaqoji İnstitutun məzunu olduqdan sonra 1985-ci ildə Belarus Kənd Təsərrüfatı Akademiyasını bitirən Lukaşenko 1975-1977-ci illərdə Sovet Sərhəd Mühafizə Korpusunda, 1980-1982-ci illərdə isə Sovet Ordusunda xidmət edib. Sovet ordusunda zabit kimi xidmət etdikdən sonra 1982-1985-ci illər arasında kolxoz təsərrüfatının vitse-prezidenti vəzifəsini icra edib, burada sovxoz və tikinti materialları fabriklərində rəhbər vəzifələrdə çalışıb.

1990-cı ildə siyasətə qatılan Aleksandr Lukashenko Belarus Sovet Sosialist Respublikasının parlamentinə millət vəkili seçilib. 1993-cü ildə antikorrupsiya komitəsinin sədri vəzifəsində çalışıb.

Sovet İttifaqı dağılandan sonra o vaxta qədər bir çox vəzifələrdə olan Lukaşenko 10 iyul 1994-cü ildə keçirilən seçkilərdə birinci turda 45,1 faiz səslə, ikinci seçkilərdə isə 80.1 faiz səslə prezident seçilib.

Vəzifəyə keçəndən, digər postsovet ölkələrində olduğu kimi, bu ölkədə də geniş yayılmış korrupsiyaya qarşı mübarizəyə başlayan Lukaşenkonun sərt tədbirləri diqqət cəlb etməyə başlayıb. İnsan hüquqları və beynəlxalq hüquqa qarşı etdiyi hərəkətlərə görə ABŞ və Avropa Birliyi tərəfindən "diktator" kimi tanınıb. Avropa Birliyi insan haqlarının pozulmasına görə ona qarşı sanksiyalar da tətbiq edib.

Lukaşenko qərb dövlətləri ilə deyil, şərq dövlətləri ilə güclü əlaqələr saxlayır. Sovet dövrünün sosial-iqtisadi siyasətinə əməl edərək ölkəsini inkişaf etdirməyə müvəffəq olub. Başda Rusiya olmaqla, Şimali Koreya, Türkmənistan, Türkiyə, İran, Qətər, Kuba, Çin, Sudan və Venesuela kimi ölkələrlə yaxşı münasibətləri var.

Natəvan Baxşiyeva

Mənbə: big.az