"Bir neçə ayda 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi" ÖZƏL - AÇIQLAMA

"Bir neçə ayda 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi"  ÖZƏL - AÇIQLAMA

"Artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Dövlət başçısı bu sosial dəstəyin bundan sonra da davam etdirilməsini, hazırda sərt karantin tətbiq edilmiş 13 şəhər və rayonda bu kateqoriyaya aid insanların müvafiq dəstəklə bundan sonra da əhatə olunmasının vacibliyini dilə gətirdi. Avqust ayında da onlara birdəfəlik 190 manat müavinətin verilməsini tapşırdı". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü olan deputatı Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, ölkəmizdə həyata keçirilən siyasətin başlıca xətlərindən birini sosial yönümlülük təşkil edir: "Təsadüfü deyil ki, son illər dövlət büdcəmiz məhz sosial yönümlülük üzərində qurulub. Bu sahəyə ayrılan vəsaitlər digərlərindən önəmli və əhəmiyyətli dərəcədə fərqlənib. Bu günlərdə Milli Məclisin növbədənkənar sessiyasının 3 günlük plenar iclası həyata keçirildi və iclasda geniş müzakirəyə çıxarılan məsələlərlə əlaqədar 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklərdə, onun dürüstləşdirilməsində, məhz, sosial sahə və sosial istiqamət əsas yerlərdən birini tutdu. Ümumiyyətlə, dünyamızda və onun önəmli bir hissəsi olan ölkəmizdə 6 aya yaxın müddətdə davam edən ağır koronavirus pandemiyası şəraitinə baxmayaraq, məhz, sosial istiqamətdə, sosial layihələrin icrasında heç bir geriliyə və ya axsamaya yol verilməyib. Əksinə bu istiqamətdə dövlət büdcəsindən böyük vəsait ayrılıb".

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin birbaşa təşəbbüsü və göstərişi ilə Nazirlər Kabineti tərəfindən hazırlanmış tədbirlər planında əksini tapan məsələlərin icrası və həlli üçün 3,5 milyard vəsait ayrıldi və son bir neçə ay ərzində 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi: "Avqustun 6-da da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə ölkə Prezidenti qeyd etdi ki, məlum pandemiya şəraiti ilə bağlı dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir. Ancaq dövlət tərəfindən əməkhaqqı alır. Bu baxımdan da 760 min insana lazımı maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Çünki, əks təqdirdə 760 min insan işsiz qala bilərdi. Eyni zamanda 600 min işsiz insan, o cümlədən, qeyri-formal məşğulluqla fəaliyyət göstərən, müvəqqəti olaraq öz işini itirən aztəminatlı təbəqəyə aid olan insanlar dövlət tərəfindən qayğı ilə əhatə olunur. Artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Dövlət başçısı bu sosial dəstəyin bundan sonra da davam etdirilməsini, hazırda sərt karantin tətbiq edilmiş 13 şəhər və rayonda bu kateqoriyaya aid insanların müvafiq dəstəklə bundan sonra da əhatə olunmasının vacibliyini dilə gətirdi. Avqust ayında da onlara birdəfəlik 190 manat müavinətin verilməsini tapşırdı".

Kamilə Əliyeva qeyd edib ki, artıq Baş nazir Əli Əsədovun qərarı ilə sərt karantin rejimi tətbiq edilən 13 rayonun adıçəkilən kateqoriyadan olan insanlarına 190 manatlıq birdəfəlik müavinətin verilməsi özünün müsbət həllini tapıb və müşavirə zamanı ölkə Prezidenti sosial dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirərək vətəndaşların, Azərbaycan xalqının yanında olduğunu nümayiş etdirdi: "Bütün bunlar bir daha onu deməyə imkan verir ki, Azərbaycan dövləti, ölkə Prezidenti Azərbaycan vətəndaşının həm sağlamlığının təmin edilməsi, həm də onun sosial durumunun yaxşılaşdırılması, pandemiyanın ağır fəsadlarına məruz qalmaması üçün əlindən gələni edir. Bununla bağlı heç bir tərəddüd olmayıb. Bundan sonra da olmayacaq. Bütün bunlar öz növbəsində Azərbaycan dövlətinin gücündən, qüdrətindən, inkişafından və ölkə Prezidentinin iradəsindən qaynaqlanan məsələlərdir. Odur ki, həm dövlətimiz, həm də dövlət başçımızla fəxr edirik, ona güvənir və etibar edirik".

Mənbə: sia.az