Azərbaycanın Penitensiar sistemi pandemiyadan tərtəmiz çıxdı – bircə nəfər də ölüm olmadı...

Azərbaycanın Penitensiar sistemi pandemiyadan tərtəmiz çıxdı – bircə nəfər də ölüm olmadı...

Səadət Bənənyarlı: “Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən vaxtında qabaqlayıcı tədbirlər görüldü”

Azərbaycanın penitensiar müəssisələrində koronavirusa yoluxan məhbuslar arasında ağırlaşma yoxdur və ən başlıcası odur ki, virusa yoluxanlar hamısı sağalıb.

Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanovun verdiyi məlumata görə, koronavirusa ilk yoluxma halı şəhər xəstəxanasından çıxarılan məhkumda aşkarlanıb. Təmas halı orada baş verib. Bundan sonra bütün təmasların nəzarətdə saxlanmasına başlanıb.

İ.Qurbanov qeyd edib ki, məhbuslar arasında tək-tək yoluxma halı var: “Koronavirusa yoluxma halı aşkarlandıqda dərhal karantin təmin olunur və həmin şəxsin müalicəsi və müayinəsi tətbiq edilir. Bu günə qədər koronavirusa yoluxmuş məhkumlar arasında vəziyyəti ağırlaşmış olmayıb, hamısı sağalıb. Səhhətində problem olan məhbusların nəzərdə tutulmuş müddətə uyğun olaraq müalicəsi davam edir və yalnız tam sağaldıqdan sonra cəza çəkdikləri müəssisəyə qaytarılırlar”.

Onu da qeyd edək ki, bir sıra dünya ölkələrində həbsxanalarda koronavirus tüğyan edir. Həmin ölkələrdə koronavirusa yoluxanlar sağalmayıb, məhbuslar arasında ölənlər artır. Azərbaycanda isə indiyədək həbsxanalarda virusdan ölən məhbus olmayıb. Bütün bunlar isə onu göstərir ki, Azərbaycanın penitensiar müəssisələrində məhbusların sağlamlığının qorunmasına xüsusi diqqət göstərilir.

“Bütün bunların vaxtında aşkar edilməsi imkan verdi ki, məhbuslar arasında ağırlaşma halları olmasın”

Sözügedən məsələyə aydınlıq gətirən Ədliyyə Nazirliyi yanında İctimai Komitənin koordinatoru, hüquq müdafiəçisi Səadət Bənənyarlı Azərbaycanın penitensiar müəssisələrində koronavirusa yoluxan məhbusların sağalmasını bir sıra amillərlə əlaqələndirdi: “Məsələ ondadır ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən vaxtında qabaqlayıcı tədbirlər görüldü. Pandemiya başlanan kimi məhbusların öz yaxınları ilə təmasları məhdudlaşdırıldı. Paralel olaraq tibbi-sanitar tədbirlər görüldü. Sanitar-epidemioloji vəziyyətə nəzarət gücləndirildi. Ancaq bütün bunlara baxmayaraq, penitensiar müəssisələrdə koronavirusa yoluxanlar oldu. Lakin bütün bunların vaxtında aşkar edilməsi imkan verdi ki, məhbuslar arasında ağırlaşma halları olmasın. Ən başlıcası isə imkan verilmədi ki, pandemiya həbsxanalarda geniş vüsət alsın. Bir neçə gün əvvəl Penitensiar Xidmətin tibb işçiləri ilə birgə mətbuat konfransı keçirdik. Məlum oldu ki, virusa yoluxan məhbusların sağalması başa çatıb. Bütövlükdə, ilbəil məhbusların saxlanma şəraiti daha da yaxşılaşır. Görülən kompleks işlərin nəticəsidir ki, ümumiyyətlə, həbsxanalarda xəstəlikdən ölüm halları azalır. Hansı ki, pandemiya dövründə bu arta da bilərdi. Ancaq bu baş vermədi. Nəzərə almaq lazımdır ki, bu işdə penitensiar müəssisələrdə çalışan həkimlərin də fədakarlığı böyükdür. Bütün hallarda, proses nəzarətdədir. Hesab edirəm ki, bütün bunlar yaxşı göstəricidir. Ancaq bütün bunlarla yanaşı, əlavə tədbirlər görülməlidir”.

Hüquq müdafiəçisinin fikrincə, vəziyyətin nəzarət altında olması əhəmiyyətli məsələdir.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com