Şəxsi heyətlə ideoloji iş daha da yüksək səviyyədə aparılacaq

Şəxsi heyətlə ideoloji iş daha da yüksək səviyyədə aparılacaq

Azərbaycan Prezidenti İlham Əliyev: Bütün hərbi hissələrdə ideoloji vəziyyətə xüsusi əhəmiyyət verilməlidir. Ölkəmizin tarixi - həm qədim tarixi, həm də müasir tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssürat olmalıdır. Azərbaycanda ordu quruculuğu həmişə dövlət üçün prioritet olub. Məhz bunun nəticəsidir ki, ordu quruculuğunda həyata keçirilən irimiqyaslı islahatlar böyük uğurlar gətirir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ön xətdə yeni hərbi hissələrin açılışında, eləcə də bu və ya digər tədbirlərdə də çıxışlarının mahiyyəti və məzmunu hərbi hissələrdə ideoloji işin səmərəliliyinin daha da artırılmasını tələb edir. Ölkə başçısının tövsiyələrinə müvafiq olaraq şəxsi heyətlə aparılan ideoloji işin tərkib hissələrindən biri də Azərbaycanın istər qədim, istər orta əsrlər, istərsə də müasir tarixinin öyrənilməsi istiqamətində yeniləşmələr aparılmaqdadır.


Müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçdi, tariximizin səhifələrinə faciəvi illər kimi daxil oldu. Daxildə baş verən çəkişmələr, hakimiyyət uğrunda gedən mübarizə vəziyyəti daha da ağırlaşdırırdı. İqtisadi tənəzzül, böhran hökm sürürdü. Belə vəziyyətdən istifadə edən düşmən öz işğalçılıq siyasətini yürüdürdü. Bunlar müstəqilliyini yenicə bərpa etmiş dövlətçiliyimizə böyük təhlükə idi. Ancaq xalqımızın uzaqgörənliyi və müdrikliyi buna imkan vermədi. Xalq təkidlə ümummilli lider Heydər Əliyevi ölkə rəhbərliyinə dəvət etdi. Ulu Öndər hakimiyyətə gələndən sonra uğurlu islahatlar sayəsində vəziyyət dövlətçilik baxımından sabitləşdi. Həmin illərdə qəbul olunan bir çox vacib qərarların sırasında nizami ordunun yaradılması da xüsusi yer tuturdu. Qəbul edilən qərarlar respublikamızın etibarlı müdafiəsinə, savadlı hərbi kadrların formalaşmasına zəmin yaratdı. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyevin də siyasi kursunun əsas istiqaməti ordu quruculuğu prosesini sürətlə təkmilləşdirmək, Silahlı Qüvvələri modernləşdirmək oldu. Bu gün müasir standartlara cavab verən hərbi hissələrin inşa edilməsi, yeni silah-sursat və texnikaların alınması bunun nəticəsidir. Ordu rəhbərliyinin qarşısında duran əsas vəzifələrdən biri şəxsi heyətin döyüş əzminin, qələbə ruhunun yüksəldilməsi, döyüşə daim hazır olmasıdır. Bu ordu quruculuğunun yüksək səviyyəsinin tələbidir. Son illərdə ordumuzda həyata keçirilən irimiqyaslı islahatlar, genişmiqyaslı təlimlər onun gücünü artırıb, dünya miqyasında güclü ordular sırasına çıxarıb. Orduda şəxsi heyətin döyüş əzminin, qələbə ruhunun yüksəlməsi də məhz bunun məntiqi davamıdır, yəni, Azərbaycan əsgərinin yüksək döyüş hazırlığı mənəvi-psixoloji hazırlıqla tamamlanır. Şəxsi heyət arasında ideoloji işin səmərəli aparılması bu bağlılığı daha da mətinləşdirir. Bunun üçün düşmənlə təmas xəttində xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, vətənpərvərlik ruhunun artırılması istiqamətində də tədbirlərin keçirilməsinə üstünlük verilir. İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri vaxtaşırı ön xətdə əsgərlərlə söhbətlər aparır, ictimai-siyasi hazırlıq dərslərinin daha da effektli və mahiyyətli təşkili üçün öz töşfələrini verirlər.


Şəxsi heyətin mənəvi-psixoloji hazırlığının və döyüş keyfiyyətlərinin formalaşmasında ictimai-siyasi hazırlıq dərslərinin rolu böyükdür. Məşğələ rəhbərləri hərbi qulluqçulara döyüş növbəsində, qarovul və daxili xidmət zamanı möhkəm intizamın və yüksək sayıqlığın əhəmiyyətini daha dərindən dərk etməkdə və yerinə yetirməkdə köməklik edirlər. Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində şəxsi heyətin ictimai-siyasi hazırlıq dərsində iştirak edərkən bunun şahidi olduq. Yüksək tərtibatla hazırlanmış və müasir avadanlıqlarla təmin olunmuş sinif otağında keçirilən məşğələdə Azərbaycan Ordusunun inkişaf tarixinin mərhələlərini, ulu öndər Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin əsgərlərlə görüşlərini, Ermənistanın Azərbaycana qarşı elan etmədən başladığı müharibəni, Hərbi andı və dövlətimizin atributlarını özündə əks etdirən maraqlı eksponatlar əsgərlərin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun artırılmasında, onlara vətənpərvərlik hissinin aşılanmasında müstəsna rol oynayır.

Leytenant Taleh Quliyev mövzunu ətraflı izah edir, əsgərlərin suallarını cavablandırır. Zabit ötən mövzular haqqında da sual verməyi unutmur. Cavablardan məlum olur ki, qrup rəhbəri mövzunu hərtərəfli çatdırdığı kimi, əsgərlər də dərsə ciddi və tam məsuliyyətlə yanaşırlar. Məşğələ başa çatdıqdan sonra zabitlə həmsöhbət olmaq imkanı qazandıq.

Öyrəndik ki, tələbəykən o da ordumuzla qürurlanıb, o da 2016-cı ilin Aprel döyüşlərinin qürurunu özünü əsgərlərin sırasında hiss etməklə yaşayıb. Azərbaycan Texniki Universitetinin məzunudur. "Hərbçi olmaq, Vətənin müdafiəsində dayanmaq ən müqəddəs vəzifələrdən biridir. Mən də bu peşə sahiblərinin sıralarında olmağımla fəxr edirəm. Ali təhsilimi başa vurduqdan sonra hərbçi olmağa qərar verdim. Sənədlərimi Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə təqdim etdim. İxtisas hazırlığı kursunu müvəffəqiyyətlə başa vurduqdan sonra cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində xidmətə başladım. Təhsil aldığım müddətdə zabitlərin öyrətdiklərini dərindən mənimsəməyə, hərbin sirlərinə mükəmməl yiyələnməyə çalışırdım. İndi əldə etdiyim bilik və bacarıqları şəxsi həyətə aşılayıram. Biz çox vacib və məsuliyyətli vəzifənin daşıyıcılarıyıq. Qarşımızda duran əsas vəzifə əsgərlərimizin savadlı, təcrübəli olmasına, layiqli vətəndaş kimi formalaşmasına vasitəçi olmaqdır. Bu vəzifənin öhdəsindən gəlmək üçün əlimizdən gələni əsirgəmirik. Çalışıram ki, dərslərimiz həm səmərəli, həm də maraqlı olsun. Hər birimiz yaxşı bilirik ki, döyüşlərdə yalnız yüksək hazırlıqlı əsgər düşməni məhv etməyə və xalqımıza qələbə sevincini yaşatmağa qadirdir", - deyə zabit bildirdi.

Şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin və qoşun xidmətinin yaxşılaşdırılması istiqamətində aparılan tədbirlərdən danışan zabit qeyd etdi ki, təsdiq edilmiş plana əsasən günün, həftənin və ayın yekununda xidmətin təhlili aparılır. "Aşkar edilmiş nöqsanlar göstərilir, aradan qaldırılması üçün tədbirlər müəyyən edilir və xidmətdə fərqlənənlər həvəsləndirilir. Bu haqda informasiya bölmənin aylıq divar qəzetində və döyüş vərəqələrində işıqlandırılır. Bu da əsgərlərimizin mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərir."

Məşğələdə komandirini maraqla dinləyən əsgər Əli Abdullazadə hərbi xidmət zamanı əldə etdikləri bilik və bacarıqlardan söz açdı. "Günün nizam qaydasına uyğun olaraq keçirilən hər məşğələdə yeni məlumatlar əldə edirik. Savadlı komandirlərimizin sayəsində bütün dərslərimiz maraqlı keçir. İctimai-siyasi hazırlıq məşğələlərinə xüsusilə maraq göstərirəm. Leytenant Taleh Quliyev bizə ölkəmizin müstəqilliyi, xarici siyasəti və hərb tarixi haqqında əlavə bilgilər verir. Bunlar hərbi biliklərimizi və dünyagörüşümüzü artırır."

Əli dayısını özünə örnək bilir, "Vətənimiz tarix boyu mənfur düşmənlərin işğalçılıq siyasəti ilə üzləşib. Ancaq mərd, cəsur, igid oğul və qızlarımızın qəhrəmanlıqları sayəsində azadlığımızı və müstəqilliyimizi qoruyub saxlaya bilmişik. Onlar bizim müstəqil dövlətdə yaşamağımız, ölkəmizin səmasında üçrəngli bayrağımızın dalğalanması naminə canlarını fəda etdilər. İndi bizim üzərimizə bu müstəqilliyi, bu azadlığı qoruyub saxlamaq və yeni nəsillərə ötürmək missiyası düşür."

Əsgər Mais Həsənov qeyd etdi ki, Vətənə xidmət etmək, torpaqlarımızın keşiyində durmaq hər birimizin müqəddəs borcudur. “Biz xalqımızın tarixinə orta məktəbdə oxuyandan bələdik. Bu bələdlik hərbi xidmətdə daha da dərinləşir. Burada xalqımızın tarixi ilə bağlı daha gərəkli faktları da öyrənirik. Onu da öyrənirik ki, bugünkü tariximiz min illərin əvvəlləriylə səsləşir. Bunlar həm öyrədənin, həm də öyrənənin vətənpərvərliyidir. Düşünmürəm ki, Vətənini sevməyən insan olsun. Hər birimiz Vətənimiz Azərbaycanla nəfəs alırıq. Üzərində böyüdüyümüz torpağın kədəri, sevinci hər birimizindir. Vətənini sevmək onun tarixini bilməkdən, şəhidlərini yaxından tanımaqdan keçir. Bu yerlər ata-babalarımızın doğulduğu, uğrunda göz qırpmadan canlarından keçən qəhrəman qardaş və bacılarımızın uyuduğu məkandır. Tutduğumuz mövqedən asılı olmayaraq bizləri yalnız bir amal birləşdirir: doğma Azərbaycanımıza məhəbbət, Qarabağ yanğısı, işğalda olan torpaqlarımızın ağrı-acısı. Xalqımızın illərdi çəkdiyi həsrətə son qoyacağıq. Bunun üçün komandirlərimizin öyrətdiklərini dərindən mənimsəyir, döyüş əmri veriləcəyi günü səbirsizliklə gözləyirik".

Əsgər Əli Abbasov dedi ki, komandirlərin əmr və tapşırıqlarını böyük məsuliyyətlə yerinə yetiririk. “Komandirlərimizin dediyi kimi, yaxşı əsgər həm xidmət edir, həm də xalqının tarixini, mədəniyyətini, ədəbiyyatını yaxşı öyrənir”.

Əsgərlər Asəf Əliyev, Elmir Quliyev və digərləri də bildirdilər ki, üzərlərinə düşən vəzifənin məsuliyyətini yaxşı dərk edirlər. Fəxr edirlər ki, güclü ordunun sıralarında xidmət edir, torpaqlarımızın müdafiəsində inamla dayanırlar. Onların sözlərindən hiss olunurdu ki, qəlblərində Vətənə məhəbbətləri, düşmənə nifrətləri böyükdür.

Ruslan Həsənzadə, "Azərbaycan Ordusu"
Ordu.az

 

Mənbə: ordu.az