Deputat haqqında yazılanlara sərt reaksiya verdi: “Sifarişçilər əlimdən “tapança”nı alıb, “pulemyot” verdilər”

Deputat haqqında yazılanlara sərt reaksiya verdi: “Sifarişçilər əlimdən “tapança”nı alıb, “pulemyot” verdilər”

Milli Məclisin deputatı Rüfət Quliyev övladlarının özəl ali məktəbdə oxuyarkən onlara yüksək məbləğdə pul xərcləməsi barədə xəbərlərə münasibət bildirib.

R.Quliyev Oxu.Az-a açıqlamasında deyib ki, bu cür xəbərlər sifarişlə dövriyyəyə buraxılır.

“Məlum iddianı xaricdə yaşayan jurnalist Cavanşir Həsənli ortaya atıb. Mən heç onu tanımırdım. O kim, mən kim? Adam bir rəqəmlərə baxar, heç Harvard Universitetinin xərcləri o qədər deyil”, - deyə R.Quliyev bildirib.

Millət vəkili söyləyib ki, Milli Məclisdə tənqid səsləndirəndən bir-iki gün sonra mətbuatda onun haqqında sifarişli yazılar dərc olunur.

“Sifarişçilər buradadır, sifarişi yerinə yetirənlər isə xaricdə. Amma sifarişçilər bilsinlər ki, əlimdən “tapança”nı alıb, "pulemyot" verdilər”, - deyə R.Quliyev əlavə edib.

Parlamentari qeyd edib ki, onun haqqında böhtan yazılırsa, deməli, düz yoldadır. R.Quliyevin fikrincə, heç kim onu yolundan döndərə bilməz.

Xatırladaq ki, jurnalist Cavanşir Həsənlinin iddiasına görə, R.Quliyev iki oğlunu Dubayda Amerikan Universitetində oxutmaq üçün ən azı 250-300 min dollar pul xərcləyib.

Aqşin Kərimov

Mənbə: www.oxu.az