Ankaraya sürpriz səfər: Türkiyənin bu sahədə təcrübəsinin öyrənilməsinə həmişə ehtiyac var

Ankaraya sürpriz səfər: Türkiyənin bu sahədə təcrübəsinin öyrənilməsinə həmişə ehtiyac var

"Bunun nəticəsidir ki, bu gün Türkiyənin Müdafiə naziri və Baş Qərargah rəisi başda olmaqla Türkiyənin yüksək rütbəli hərbçilərindən ibarət böyük bir nümayəndə heyəti Azərbaycana gəlir"

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ötən gün Türkiyəyə səfər edərək, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüş keçirib. Görüş zamanı ikitərəfli münasibətlərin geniş spektri müzakirə edilib. Təkbətək və nümayəndə heyətinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşdən sonra nazirlər jurnalistlərin suallarını cavablandırıblar.

Xarici İşlər naziri kimi ilk xarici səfərini məhz Türkiyəyə etdiyini qeyd edən Ceyhun Bayramov bu ölkə ilə münasibətlərin Azərbaycan üçün olduqca vacib istiqamət və prioritet olduğunu xatırladıb. O qeyd edib ki, bu günə kimi iki ölkə arasında müxtəlif sahələri əhatə edən 241 sənəd imzalanıb. Nazir, həmçinin hazırda 29 əlavə müqaviləyə baxıldığını və onların da yaxın günlərdə imzalana biləcəyini anons edib.

Daha bir maraqlı məqam isə Azərbaycan Müdafiə naziri Zakir Həsənovun Türkiyəyə səfəri oldu. Belə ki, nazirin qardaş ölkəyə səfəri əvvəlcədən anons edilməmişdi və bu fakt yalnız iki azərbaycanlı nazirin – Ceyhun Bayramov və Zakir Həsənovun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi olaraq qəbul olunduqları zaman üzə çıxdı. Bu görüşdən sonra isə Azərbaycanın Müdafiə Nazirliyi Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlərin Azərbaycana gələcəyi ilə bağlı məlumat yaydı. Görünən budur ki, hər iki dövlət xarici diplomatiya və hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində səylərini artırmaq niyyətindədir.

Sputnik Azərbaycan ölkənin hakim partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma Şöbəsinin müdiri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə ilə həmsöhbət olub.

Aydın Mirzəzadə xatırladıb ki, Azərbaycan və Türkiyə dost-qardaş, bir millətdən olan iki dövlətdir:

"Onlar arasında olan yaxın, sıx münasibətlər hər keçən gün daha da güclənir. Hesab edirəm ki, Azərbaycanın iki nazirinin – Xarici İşlər və Müdafiə nazirlərinin Türkiyəyə səfəri bu münasibətlərin daha dərinləşməsinə xidmət edir. Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, hər iki ölkənin iştirakı ilə beynəlxalq, strateji əhəmiyyətə malik layihələr həyata keçirilir. Bu səfərlər həmçinin gündəmdə olan layihələri müzakirə etmək, beynəlxalq aləmdə, müxtəlif təşkilatlar çərçivəsində daha sıx əməkdaşlığın qurulması üçün bir vasitədir".

Millət vəkili vurğulayıb ki, Türkiyə hərbi sahədə dünyanın ən inkişaf etmiş, texnoloji, güclü ölkələrdən biridir: "Onun bu sahədə təcrübəsinin öyrənilməsinə, Türkiyə ilə hərbi-texniki sahədə əməkdaşlığın güclənməsinə həmişə ehtiyac var. Bunun nəticəsidir ki, bu gün Türkiyənin Müdafiə naziri və Baş Qərargah rəisi başda olmaqla Türkiyənin yüksək rütbəli hərbçilərindən ibarət böyük bir nümayəndə heyəti Azərbaycana gəlir. Hesab edirəm ki, gerçəkləşdirilən bu səfər ölkələrimiz arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlığın güclənməsinə öz töhfəsini verəcək. Azərbaycan və Türkiyə həm uğurlar əldə olunan zaman, həm də müəyyən problemlər olanda daima bərabərdirlər, bir yerdədilər və bu həmişə də belə olacaq".

Mənbə: sputnik.az