Azərbaycanlı analitikin İndoneziyanın «INFODESA” jurnalında iki ölkənin münasibətlər haqqında məqaləsi çap edilib

Azərbaycanlı analitikin İndoneziyanın «INFODESA” jurnalında iki ölkənin münasibətlər haqqında məqaləsi çap edilib

Beynəlxalq münasibətlər üzrə mütəxəssis, müstəqil ictimai-siyasi analitik Elmar İskəndərovun İndoneziyanın «INFODESA” online jurnalında Azərbaycan və İndoneziya arasında qarşılıqlı ticarət münasibətlərinin perspektivləri haqqında məqaləsi dərc olunub.

Bu barədə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

Məqalədə Azərbaycanın Xəzər dənizinin qərb sahilində və Cənubi Qafqazın şərqində, Avropa, Asiya və Yaxın Şərq regionlarının geosiyasi, iqtisadi və mədəniyyətlərinin kəsişdiyi ərazidə yerləşməsi İndoneziya oxucularının diqqətinə çatdırılıb. Məlumat üçün İndoneziya Azərbaycan neftinin ən böyük idxalçılarından biridir. Məqalə əsasən qeyri-neft məhsulları xüsusilə kənd təsərrüfatı məhsullarının Azərbaycan və İndoneziya arasında qarşılıqlı ticarət əlaqələrinin daha da inkişaf etdirilməsində böyük rol oynaya biləcəyindən bəhs edir. İndoneziya hələ qədimdən əsrlər boyu ədviyyatlar ölkəsi kimi məşhur olub. Avropa ölkələri müstəmləkəçilik dövründə İndoneziyanın ədviyyatları üçün mübarizə aparıblar. Hal-hazırda da İndoneziya dünyanın ən böyük ədviyyat istehsalçılarından biridir. İndoneziya ədviyyatları Azərbaycan bazarı və əhalisi üçün də maraqlı ola biləcəyi bildirilib.

O cümlədən, İndoneziya ekzotik meyvələrin vətənidir. Azərbaycanda olmayan rambutan, manqostin, salak, drakon meyvəsi, manqo, avokado, papaya və s. ekzotik meyvələr Azərbaycan bazarı və əhalisi üçün xüsusi maraq kəsb edir.

Eyni zamanda, Elmar İskəndərov İndoneziyada olmayan və adətən idxal olunan meyvələrin Azərbaycanda yetişdiyini və daha keyfiyyətli olduğunu bildirib. Nar meyvəsinin Azərbaycanda yüzlərlə növünün olduğunu bildirən Elmar İskəndərov Azərbaycanın Göyçay şəhərində hər il nar festivalının da keçirildiyini bildirib. Bundan başqa İndoneziya əhalisi üçün çox maraqlı olan ərik, şaftalı, alma, armud, üzüm, gilas və s. meyvələrin Azərbaycandan İndoneziyaya ixrac etməyin mümkün ola biləcəyini bildirib. Azərbaycanda bu meyvələrin keyfiyyətli şirələrini, kompot, cem və mürəbbələrinin İndoneziya bazarı və əhalisi üçün çox maraqlı olacağına əmin olduğunu deyib.

Bundan başqa, o bildirib ki Azərbaycanda əhali əsasən çay içməyə üstünlük versə də son vaxtlar Bakıda “coffee shop”-lar sürətlə artır və əhali keyfiyyətli kofeyə dəyər verir. İndoneziya dünyanın ən böyük kofe istehsalçılarından biridir və İndoneziya kofe məhsullarının Azərbaycanda seviləcəyinə şübhə yoxdur. Xoş, istirahət verici İndoneziya yasəmən çayının da sevilə biləcəyindən bəhs edib.

Qeyd edək ki, İndoneziya Çin, Hindistan və ABŞ-dan sonra 250 milyondan çox olmaqla dünyanın ən böyük 4-cü əhalisinə və ən böyük bazarlarından birinə malikdir.

Sonda məqalənin müəllifi haqqında qeyd olunub:

Elmar İskəndərov, MSC, beynəlxalq münasibətlər üzrə mütəxəssisdir. 2008-ci ildə İndoneziya Respubikası Xarici İşlər Nazirliyinin dövlət təqaüdünün qalibi olub, 2012-2016 cı illərdə İndoneziya Respublikası Təhsil Nazirliyinin dövlət təqaüdünü qazanıb, 2013-cü ildə İndoneziya Beynəlxalq Tələbələr Assosiasiyasının sədri seçilib, İndoneziyanın Padjadjaran dövlət universitetinin beynəlxalq münasibətlər üzrə magistr məzunudur.

Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar.

https://infodesa.online/produk-hasil-tani-indonesia-sangat-diminati-di-negri-azerbaijan/?fbclid=IwAR2iXUNuvPaD0YoidPF_LIqMaUvfwSX-VawjFnObbhFxTJs91F9jn2Yaop4

 

 

Mənbə: moderator.az