Təhsil naziri İqtisadi Əməkdaşlıq Təşkilatının Təhsil İnstitutunun Himayəçilər Şurasının iclasında iştirak edib

Təhsil naziri İqtisadi Əməkdaşlıq Təşkilatının Təhsil İnstitutunun Himayəçilər Şurasının iclasında iştirak edib

Bakı, 13 avqust, AZƏRTAC

Təhsil naziri Emin Əmrullayev İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təhsil İnstitutunun Himayəçilər Şurasının videokonfrans formatında keçirilən üçüncü iclasında iştirak edib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk, İƏT-in Baş katibi Hadi Suleymanpur, İranın Təhsil naziri Mohsen Hacı Mirzae, Pakistanın Federal Təhsil və Peşə Təlimi naziri Şəfqət Mahmud və digər yüksək səviyyəli nümayəndələr iştirak ediblər.

İclas zamanı çıxış edən Emin Əmrullayev “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar və onların müsbət nəticələri barədə məlumat verib. Nazir, həmçinin koronavirus pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə təhsilin davamiyyətinin təmin edilməsi məqsədilə atılan addımlar haqqında tədbir iştirakçılarını məlumatlandırıb. O, İƏT-ə üzv dövlətlərlə təhsil sahəsində əməkdaşlığın cari vəziyyətinə və perspektivlərinə də toxunub.

Tədbirdə Təhsil İnstitutunun fəaliyyətinin gücləndirilməsi məqsədilə 2020-2022-ci illər üçün iş planı qəbul olunub.

Mənbə: azertag.az