"Azərbaycan-Türkiyə müttəfiqliyi qətiyyətli olmazsa, bizi əzərlər"

"Azərbaycan-Türkiyə müttəfiqliyi qətiyyətli olmazsa, bizi əzərlər"

Fərəc Quliyev: "Tovuza edilən hücum nə qədər Azərbaycana yönəlik təxribat idisə, o qədər də Türkiyəyə hücum idi. Qardaş ölkə üçün 5-ci cəbhə açmaq istəyirdilər"

Xarici işlər naziri Ceyhun Bayramovun ilk rəsmi səfərinə Türkiyədən başlaması tamamilə təbiidir. Hər şeydən əvvəl bu, iki qardaş ölkə arasında yazılmamış diplomatik-siyasi qaydalardan irəli gəlir. Türkiyə və Azərbaycan rəhbərlərinin, o cümlədən XİN başçılarının ilk rəsmi səfərlərini bir qayda olaraq Bakı və Ankaradan başlamaları qarşılıqlı dəyərin təzahürüdür. Bildiyimiz kimi XİN rəhbərlərinin bu görüşündə iki ölkə arasında mövcud əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda bundan sonra da davam etdiriləcəyindən əminlik ifadə edilib. Azərbaycanla Türkiyə hərtərəfli əməkdaşlığı və müttəfiqliyi daha da dərinləşdirməkdə maraqlıdır.


Xüsusən son aylar Türkiyənin Azərbaycana həm siyasi, həm də hərbi müstəvidə dəstəyi genişlənməkdədir. Görüşdən sonra keçirilən mətbuat brifinqində Türkiyə XİN-in başçısı Mövlud Çavuşoğlunun həmsədrləri tənqid etməsi görüşün əsas məqamlarından biri oldu. Çavuşoğlu vurğuladı ki, Qarabağla bağlı səmərəsiz və nəticəsiz danışıqlar dövrü artıq bitmiş sayılır. Bundan sonra sözdən işə keçmək lazımdır. Ceyhun Bayramovun görüşdə “bizim birliyimiz əbədidir” ifadəsini səsləndirməsi isə iki ölkənin bütün məsələlərdə bir-birinin haqq işinə dəstək verəcəyinin təsdiqi və zəmanəti idi. Bizim gücümüz həqiqətən də birliyimizə söykənir.

 

XİN rəhbəri C.Bayramovun Türkiyəyə səfərini “Şərq”ə şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev deyib ki, “5-ci kalon” və rusiyaqafalılar Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına qısqanclıqla yanaşır. Partiya rəhbərinin sözlərinə görə, zaman göstərdi ki, Türkiyə ilə münasibətlərimiz hər iki tərəf üçün həyati əhəmiyyətə malikdir:

“Zaman özü düşmənlərimizi eyniləşdirib. Düşmənlərimiz bizi ortaq hədəf seçiblər. Ermənistan Azərbaycan ərazilərini işğal edib, Türkiyə ərazilərinə isə iddialıdır. Tovuza edilən hücum nə qədər Azərbaycana yönəlik təxribat idisə, o qədər də Türkiyəyə hücum idi. Qardaş ölkə üçün 5-ci cəbhə açmaq istəyirdilər. Üstəlik, karbohidrogen ehtiyatların keçdiyi neft-qaz xətlərini və Bakı-Qars dəmir yolunu təhlükə altında qoymağa çalışırdılar. Bölgədə böyük oyunlar gedir. O baxımdan Türkiyə-Azərbaycan çox doğru qənaətə gələrək, bütün resursları birləşdirmək qərarına gəliblər”.

F.Quliyev qeyd edib ki, Tovuz hadisələrindən dərhal sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Xarici işlər naziri Mövlud Çavuşoğlu və Müdafiə naziri Hulusi Akar qəti şəkildə mövqelərini bəyan etdilər:

“Çavuşoğlu xüsusi olaraq vurğulamışdı ki, rəsmi Ankara indiyədək siyasi çözümlərdə Azərbaycanın yanında idisə, bundan sonra istənilən məsələdə rəsmi Bakının yanında yer alacaq. XİN rəhbərimiz Ceyhun Bayramovla görüşü zamanı da Çavuşoğlu bu ifadəni işlətdi. Bu, elə-belə fikir deyil. Xarici işlər və müdafiə nazirlərimizin Türkiyədə öz həmkarları və daha sonra hörmətli Ərdoğanla görüşməsi bütün dünyaya mühüm mesaj verdi. Azərbaycanın hərbi və xarici siyasəti Türkiyənin hərbi və xarici siyasəti ilə koordinasiya olunur.

 

Qardaş ölkə ilə ortaq dostlarımıza və düşmənlərimizə münasibətimiz eynidir. Hərbi təlimlərin ardınca müşahidə etdiyimiz bu hərəkətlilik göstərir ki, irəliyə doğru daha ciddi addımlar atılacaq. Türkiyə tərəfi ağır günümüzdə açıq şəkildə bəyan etdi ki, puaları, raketləri, elektron sistemləri, ümumiyyətlə hərbi-sənaye kompleksləri Azərbaycanın əmrindədir.

Biz də eyniylə deyirik ki, sahib olduğumuz bütün resurslarımız Türkiyənin ixtiyarındadır. Azərbaycan kosmos ölkəsidir, peykimiz, logistik imkanlarımız genişdir, yeraltı sərvətlərimiz çoxdur, coğrafi mövqeyimiz əlverişlidir.

1998-ci ildən gündəmə gətirdiyim bir məsələ var. Əgər Qərb ölkələri Avropa Birliyi yaradıbsa, Türkiyə, Azərbaycan və digər türk dövlətləri nəyə görə türk-islam dəyərlərinə söykənən birlik qurmasın? Nazirlərimizin Türkiyəyə səfəri və yüksək səviyyədə qarşılanması Türk Evinin qurulması yolunda ilk kərpiclərdir”.

 

Keçmiş deputat vurğulayıb ki, Azərbaycan-Türkiyə müttəfiqliyi dişli, qətiyyətli olmazsa, bizi əzərlər:

“Türkiyəni zəiflətmək cəhdləri hər zaman olub. Azərbaycanı da əzmək istəyirdilər, amma dövlət başçısı cənab İlham Əliyevin qətiyyətli mövqe sərgiləməsi bu prosesin önünü kəsdi. Türkiyənin Azərbaycanda genişmiqyaslı hərbi təlimlər keçirməsinə icazə vermək elə də asan məsələ deyildi. Hər kəs buna qısqanclıqla yanaşırdı. Lakin Azərbaycan tərəfinin qətiyyəti və seçimi, Türkiyənin sədaqəti göstərdi ki, bu birlik dünyanın istənilən gücünün qarşısında dayanmağa qadirdir. Əlbəttə, tələb etmirik ki, Türkiyə gəlib bizim yerimizə döyüşsün, bizim şüarımız “gəlin, düşmənlərimizə qarşı birlikdə döyüşək”dir. Necə ki, Çanaqqalada minlərlə Azərbaycan türkü döyüşüb. Lazım gəlsə, bu gün də Türkiyənin düşmənlərinə qarşı döyüşməyə hazırıq. Türkiyə və Azərbaycan xarici işlər, o cümlədən müdafiə nazirlərinin görüşməsi o deməkdir, bu iradə artıq reallığa çevrilib. Bu da bizi çox sevindirir”.

Mənbə: sherg.az