Ermənilərin yenidən hücumu gözləniləndir - AÇIQLAMA

Ermənilərin yenidən hücumu gözləniləndir - AÇIQLAMA

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz da daxil olmaqla cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini pozmaqda davam edir.

Bununla bağlı KONKRET.az-a danışan politoloq Elçin Quliyev bildirib ki, Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq ağır artilleriya qurğularından istifadə etməklə dövlət sərhədimizin Tovuz rayon istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi birmənalı şəkildə beynəlxalq aləmin əksər dövlətləri tərəfindən təcavüz kimi dəyərləndirilir, güc tətbiq etmək aktı və növbəti təxribat olması kimi qiymətləndirilir: “Sevindirici haldır ki, müasir silahlarla təchiz olunmuş Azərbaycan ordusunun əsgərləri həyata keçirdikləri əks tədbirlər nəticəsində düşməni geri otuzdurublar. Bir sözlə, Azərbaycan ordusu tərəfindən Ermənistanın təxribatına qətiyyətli cavab verilib.

Rəsmi məlumatlara görə, nəticədə düşmənin çoxlu sayda texnikası və canlı qüvvəsi məhv edilib. Hər kəsə məlumdur ki, Ermənistanın bu addımı ölkə daxilində baş qaldıran ciddi gərginliyi azaltmaq məqsədi güdür. Ermənistandakı bu günkü real vəziyyət Paşinyan hakimiyyətini çox mürəkkəb duruma saldığından Azərbaycanla sərhəddə təxribat yaratmaq Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxarmağa hesablanıb.

Bildiyimiz kimi, hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyanın yeganə məqsədi hansı vasitə ilə olursa – olsun hakimiyyətini qorumaqdan ibarətdir. Onun bu məqsədi əksər dünya dövlətləri tərəfindən başa düşülməkdədir. Əminəm ki, tezliklə dünya birliyi Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə pisləyəcəkdir”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Mənbə: konkret.az