XALQ SEVGİSİ - Bu dəyərə poladlar və mübarizlər layiq görülür

XALQ SEVGİSİ - Bu dəyərə poladlar və mübarizlər layiq görülür

Onun dəyəri misilsiz, qiymətsizdir. Bütün fəxri adlardan və titullardan yüksəkdir. Hər adama bu dəyəri qazanmaq, ona çatmaq, belə zirvəni fəth etmək nəsib olmur. Çünki könüldən qaynaqlanır, heç kimdən asılı deyil, qəsb etmək qeyri-mümkündür. Adı – XALQ SEVGİSİDİR.

Azərbaycanda belə sevgiyə layiq olan qardaş və bacılarımız, oğul və qızlarımız var. Son günlərdə isə bu ucalığa iyul hadisələrinin şəksiz qəhrəmanı general-mayor Polad Həşimov yüksəlib. Əlbəttə ki, onu Tovuz cəbhəsində həlak olan digər igid hərbçilərimizdən ayırmaq fikrimiz yoxdur. General-mayor Polad Həşimovla bərabər polkovnik İlqar Mirzəyev, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgərlər Xəyyam Daşdəmirov, Elçin Mustafazadə və Nazim İsmalıyovun adlarını qürurla və böyük fəxarət hissilə dilə gətirir, müstəqil Azərbaycan dövlətinin Tovuz istiqamətindəki sərhədini düşməndən qoruduqları üçün qarşılarında baş əyirik. Hazırda onların, eləcə də böyük igidlik mücəssəməsinə çevrilmiş Milli Qəhrəmanımız Mübariz İbrahimovun şəkilləri bütün dünyanın iri şəhərlərində dolaşır.

Amma Polad Həşimovun xalqın könlünü fəth etməsi həm də onun xalqımıza vətənpərvər və insanpərvər zabit kimi xidmət etməsi olub. Məhz ölümündən sonra xalqımız bildi ki, Polad Həşimov özünü əsgərlərindən ayırmayan bir şəxsiyyət idi. O, zabit andına sadiq qalıb. İsti otaqda yatan, əsgərlərini küçə söyüşləri ilə təhqir edən və bunu “kişilik məktəbi” sayan vəzifəli hərbçilərdən deyildi; özü ağayana gəzərək əsgərlərini bağında qul kimi işlətməyib, onları öz biznes məqsədləri üçün çalışdırmayıb, tabeliyində olan hərbçilərə böhtan atmayıb. Polad Həşimov lazım gələndə öz isti köynəklərini əsgərlərinə geyindirən, onlar üçün odun qırmaqdan belə çəkinməyən, mütəvazi davranışı, nizam-intizamı, mərdliyi və cəsarəti ilə bütün orduya nümunə olan general kimi hərb tarixinə düşüb.

Ən maraqlısı isə budur ki, bütün xidməti dövründə xalq öz qəhrəman oğlunu tanımayıb. Hərçənd, Aprel savaşı zamanı Polad Həşimovun torpaqlarımızın bir qisminin azad olunmasında böyük şücaət göstərdiyi üçün hərbi cameədə yaxşı tanınıb. Elə Talış yüksəkliklərindəki 7 döyüş postundan biri onun rəhbərliyi ilə azad olunduğu üçün “Polad postu” adlandırılıb.

Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident, Ali Baş Komandan İlham Əliyev general Polad Həşimovun haqqında danışarkən onu orduda çox böyük hörmətə malik insan kimi səciyyələndirdi. Polad Həşimovun Aprel döyüşlərində rəşadət göstərdiyini, general rütbəsinə layiq görüldüyünü, Tovuz cəbhəsində qəhrəmanlıqla həlak olduğunu xatırladan dövlət başçısı Azərbaycan xalqının və torpağının belə mərd övladlar yetişdirməsilə fəxr etdiyini söylədi.

Xalqın ona böyük sevgisi generalın ölüm xəbəri yayılarkən aşkar oldu. Minlərlə insan onunla vidalaşmaq üçün Qəbələdəki ata ocağının və Sumqayıtdakı evinin qarşısına toplaşdı, nəşini izdihamla II Fəxri xiyabana yola saldı.

Heyf ki, valideynlərinin ona verdikləri Polad adını bütün həyatı boyu doğruldan Vətən övladının ömrü çox qısa çəkdi, Xankəndidə, Şuşada qələbə paradının keçiriləcəyi günü görmək ona nəsib olmadı. Amma orduda onun davamçılarının, digər zabit və əsgərlərimizin Qələbə gününü yaxınlaşdırmaq naminə böyük qəhrəmanlıqlar göstərməyə, poladların, mübarizlərin və ərazi bütövlüyümüz uğrunda şəhid olan hər bir hərbçimizin ruhunu şad etməyə hazır olduğuna artıq hər kəs əmindir. Çünki biz öz torpaqlarımız uğrunda savaş apardığımız üçün düşməndən qat-qat güclüyük. Qəhrəmanlıq nümunələrimiz də var. Mübariz kimi, Polad kimi…

XATİRƏ SADİQ,

KONKRET.az

 

Mənbə: konkret.az