"Bu qədər həkim çatışmazlığı faciədir" - Razi Nurullayev İmişlinin Hacırüstəmli kəndinin sakinləri ilə görüşüb - FOTOLAR

"Bu qədər həkim çatışmazlığı faciədir" - Razi Nurullayev İmişlinin Hacırüstəmli kəndinin sakinləri ilə görüşüb - FOTOLAR

Milli Məclisin üzvü, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev İmişli sakinləri ilə görüşlərini davam etdirir.

Cebhe.info xəbər verir ki, millət vəkili rayonun Hacırüstəmli kəndində olub, sakinlərlə görüşüb:

“Hacırüstəmli kəndində görüşə çox adam toplaşmışdı. Vətəndaşları üç-üç qəbul etdim. Beş nəfərin səhiyyə problemi yerindəcə həll edildi. İki nəfərin protez ilə, bir nəfərin əlil arabası ilə təmin olunmasını “Uğur Gənclər Qrupu"u üzərinə götürdü. İki nəfər müayinə üçün bərpa mərkəzinə dəvət edildi. Bir nəfər Məşğulluq İdarəsində qeydiyyata alındı. Bir neçə şikayət də var və onlarla bağlı araşdırma aparılacaq”.

Görüşdə kənd sakinlərini narahat edən problemlərdən danışılıb: “Ümumi problem kənddə təbii qazın olmamasıdır və sakinlər çox narazıdır. Onları tam haqlı hesab edirəm. İki metrliyindən qaz boruları keçir və niyə bu kənd bu vəziyyətədə olmalıdır?

İkinci problem suvarma suyunun olmamasıdır. Həm Aranlı kəndinin bir hissəsi, həm də Hacirüstəmli kəndinin fermerləri pambıq əkib, amma ikinci suvarmanı belə başa çatdırmayıblar. İmişli Suvarma sistemləri idarəsinin rəhbəri Nizami Məmmədovla elə sakinlərin yanında danışdım. Bu gün zəng etdim, hələ də dəyişiklik yoxdur. Bu da cənab Əhməd Əhmədzadənin kadrı. Amma, belə qalmayacaq.

Kənddə içməli su problemi də var. Çünki, kənddən keçən su kanalı kəndin sahələrində bitir və su duraq suya çevrilir. İçmək üçün tam yararlı deyil. Ümid edirəm ki, "Azərsu" bu məsələni də sərmayə proqramına daxil edəcək”.

R.Nurullayev kənddə səhiyyə xidmətinin də yarıtmaz olduğunu deyib:

“Kənddə tibb məntəqəsi var, həkim yoxdur. Ümumiyyətlə, İmişli rayonunda 189 ixtisaslı həkimə ehtiyac var. Bu qədər həkim çatışmazlığı faciədir.

Kənddə ciddi internet problemi var. Telefon və internet xəttinin çəkilişi üçün smeta hazırlanıb və 65,000 AZN civarında smeta tutulub. İmişlinin çox yerlərində bu problem var. Birmənalı olaraq Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini də qınamaq olmur. Onlara dövlət büdcəsindən çox kiçik məbləğ ayrılır və bu şəkildə Azərbaycanda internet problemini həll etmək mümkün deyil.

Bir də kənd camaatı Mədəniyyət klubu istəyir. Ümumiyyətlə, Azərbaycan kəndlərində vətəndaşların istirahəti və mədəni həyatı üçün heç nə yoxdur. Bu həqiqətən böyük dərddir və gərək bu məsələlər dövlət sərmayəsi ilə həll edilsin”.

Aydın
Cebhe.info

Mənbə: cebhe.info