Akar Prezidentlə görüşdə Tovuz təxribatından danışdı

Akar Prezidentlə görüşdə Tovuz təxribatından danışdı

Türkiyədə 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür.

Axar.az xəbər verir ki, bu fikirləri Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Prezident İlham Əliyev tərəfindən qəbul edilərkən bildirib.

"Vaxt ayırıb bizi qəbul etdiyiniz üçün Sizə bir daha ehtiramımızı və təşəkkürümüzü bildirirəm. Eyni zamanda, cənab Prezidentimizin Zati-alinizə salamlarını və xoş arzularını çatdırmaq istəyirəm.

Bizim də, cənab Prezidentimizin də Sizi ailəlikcə tezliklə Türkiyədə gözlədiyimizi bildirmək istəyirəm. Həqiqətən biz bir millət, iki dövlətik və bunu ən kiçik fərdə qədər hər kəs bilir. Xüsusilə, Türkiyədə 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür.

Tovuzdakı son hücumu ilk gündən etibarən cənab Prezidentimiz başda olmaqla bütün 83 milyonluq xalqımız nifrətlə qınayır. Bu təxribatların böyük hücum və beynəlxalq hüquqa zidd olduğunu, Xocalı qətliamından, Dağlıq Qarabağın işğalından etibarən cinayətkar hərəkətlərin davamı olduğunu görürük. Buna qarşı bizim mövqeyimizi bilirsiniz", - Akar qeyd edib.

Mənbə: axar.az