"Bir gün döyüşməkdənsə, 10 il danışıqlar aparmaq yaxşıdır!" -


"Bir gün döyüşməkdənsə, 10 il danışıqlar aparmaq yaxşıdır!"
Sovet epoxasının nəhəng diplomatı, dünya diplomatiyasında hamının "Mister Net" ayaması ilə çağırdığı, SSRİ-nin 28 il 5 ay xarici işlər naziri, əslən belorus olan Andrey Andreyeviç Qromıkonun dünyanın qəbul və əməl etdiyi bir frazası var: "Bir gün döyüşməkdənsə, 10 il danışıqlar aparmaq yaxşıdır!"
Və... bu sözləri də ona görə demişdi ki, Stalindən Qorbaçova qədər nazir müavini, nazir, Ali Sovetin sədri olan nəhəng diplomatiya və dövlət xadimi:
"Mən 1955-ci ildə AFR-in kansleri Adenauerlə "Avropada müharibədən sonrakı sərhədlərin toxunulmazlığı" məsələsini müzakirə edərkən ona görə sərt və barışmaz, dönməz mövqe tutdum ki, əgər geri addım atsaydım, atsaydıq, biz işgəncəyə məruz qalmış və həlak olmuş insanlarımızın lənətinə tuş gələrdik! Həm də biz almanlarla danışıqlar aparanda bəzən elə olurdu ki, mən elə bil qeybdən eşidirdim: "Onlara təslim olma, Andrey, geri çəkilmə, o torpaqlar sənin deyil, bizimdir!"
Övladları - oğlanları və nəvələri Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirən, az qala nəsillikcə XİN sistemində çalışan xarici işlər naziri A.A.Qromıkodan ailə-klan idarəetməsini öyrənənlər, onun oğluyla söhbətlərini bizim rəhbərlərin ata-bala danışığı kimi xalqa təqdim edib sırıyanlar, unutmayın ki, sizdən başqa da SSRİ-nin sovet partiya və dövlət xadimlərinin memuarlarını oxuyanlar var, həyat və yaradıcılıqlarını bilənlər var və heç olmasa... nəzərə alın: Qromıkodan öyrəniləsi çox şey var - təkcə oğlanlarını-nəvələrini rəhbəri olduğu nazirlikdə və nazirliyə bağlı ali tədris ocaqlarında öz rəhbərliyi altında yerləşdirməkdən başqa da. Yalta, Tehran və s konfransların təşkili, 22 dəfə BMT-nin sessiyalarında çıxış etmək və "net" demək cəsarəti! Qromıkodan Stalinlə, Malenkovla, Bulqaninlə, Xruşşovla, Brejnevlə, Andropovla, Çernenko ilə, Qorbaçovla işləmək bicliyin-məharətini öyrənib Mütəllibovla, Elçibəylə, Heydər Əliyevlə, İlham Əliyevlə işləməyə nail olmaqla deyil ki!
Dövlət və xalq maraqları üçün də beynəlxalq miqyasda DİPLOMAT XARİZMAsını əxz etmək olardı!
Bizdən bizi hərif sayıb utanmayanlar, heç olmasa, buqələmunluğu və bicliyi plagiat etdiyiniz Qromıkodan, ölən oğlundan və yaşayan nəvələrindən utanın!
Bu ölkə dəyişməyə doğru gedir, dəyişəcək, dönməz xarakter alacaq bu dəyişikliklər - çox nazirləri, çox məddahları küçədə gəzən gördük, yenə də görəcəyik!
Təzədən eşitmək istəməzdik... 20 il, 15 il, 10 il qabaq rastlaşanda olduğu kimi: "Aydın, bilirəm, sən məni çox istədiyindən yazmısan, amma nəzərə al ki, mən ailəmi itirmək üzrəydim, nəyim vardı satıb xərcləmişdim"
O ailəni biz də itirdik, biz də nəyimiz vardı xərclədik qurtardıq: sizdən fərqli olaraq... bizim xərclədiyimiz ömrümüz, itirdiyimiz səhhətimiz oldu, LƏYAQƏTİMİZİ TOXUNULMAZ saxladıq!
Sərhədlərimizi də toxunulmaz saxlayardıq, amma və lakin... bacarmadıq sizlərə görə, baxmayaraq ki, elə biz özümüz özümüzə deyirdik işgəncə ilə öldürülən, düşmən əsirliyində inləyən, döyüş meydanında həlak olan soydaşlarımızın səsiylə: bu torpaqlar mənim deyil, bizimdir, elə edək ki, şəhidlərimizin ruhu bizi lənətləməsin!!!
Bizimlə bir olub demədiyinizə görə... itirdik... bizim olanı!
Gecələrimizi dirigözlü açırıq, günümüzü özümüz qaraldırıq, ay günü qara gələsilər, bəlkə düşünəsiniz?!
S.A. Qorbaçov dümbələyi SovşİKP MK Baş katibliyinə bu düdük təqdim etmişdi və dəstəkləmişdi! Yanlış adamın dövlət başına gətirilməyinin də bu düdükdən öyrənilməyinə şübhə olmasın!
Aydın Can
Teref.az

Teref.az

ƏVVƏLKİ XƏBƏR

Məşhur aktyor bəyan etdi: “Sovremennik” Teatrı “ölüb”

SONRAKI XƏBƏR

Ukraynada günlük yoluxma sayında yeni rekord