Niderlandlı deputatlar ermənilərin Tovuz rayonu istiqamətində törətdikləri hərbi təxribat barədə məlumatlandırılıb

 

Haaqa, 14 avqust, AZƏRTAC

Niderland Krallığının Haaqa şəhərində ikinci deputatlar palatasının “Nieuwspoort” beynəlxalq mətbuat mərkəzində Avropa-Azərbaycanlıları Konqresinin (AAK) mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında rəsmi nümayəndələrlə yanaşı, Avropa ölkələrindən dəvət olunmuş jurnalistlər iştirak ediblər.

Tədbir zamanı AAK-ın prezidenti Sahil Qasımov iyul ayında erməni silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla bağlı sualları cavablandırıb.

İyulun 12-də ermənilərin Tovuz rayonu istiqamətində qəfil hücuma keçdiyini, nəticədə azərbaycanlı hərbçilərin şəhid olduğunu və mülki şəxsin öldürüldüyünü qeyd edən S.Qasımov bildirib ki, Ermənistanın Azərbaycanın beynəlxalq sərhədlərini pozaraq ordumuzun mövqelərini və kəndləri atəşə tutması məqsədyönlü xarakter daşıyır. Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli cavabı ilə Ermənistanın növbəti təxribatının qarşısı alınıb. Xarici ölkələrdə yaşayan erməni radikal qüvvələr dünya mətbuatına saxta məlumatlar verərək, vəziyyəti tam əks formada təqdim edirlər. Erməni radikallar saxta məlumatlarla təxribat törədənləri gizlədir və beləliklə, beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd göstərirlər. Təxribatı törədənlər özlərini bu təxribatın qurbanı kimi təqdim edirlər.

Qeyd olunub ki, Avropanın müxtəlif ölkələrində, eləcə də ayrı-ayrı qitələrində yaşayan etnik azərbaycanlılar ASALA erməni terror təşkilatının üzvləri olan millətçi qrupların zorakılığına məruz qalıb və ağır fiziki xəsarətlər alıblar.

AAK-ın prezidenti dəlil və sübutlarla erməni hərbi təxribatının əsas mahiyyətini göstərib. Diqqətə çatdırıb ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi 30 ildir Ermənistanın işğalı altındadır. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə baxmayaraq, Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozur və heç bir ölkə tərəfindən tanımayan qondarma “respublika” yaradıb. Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllinə çalışsa da, Ermənistan bu prosesə mane olmaqla problemin həllində maraqlı olmadığını göstərir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Haaqa

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Məscidül-Əqsa imamı İsrail-BƏƏ razılaşmasına münasibət bildirdi

SONRAKI XƏBƏR

Azərbaycanda 500 min hektara qədər torpaq sahəsinin şoranlaşma təhlükəsi yaranıb