“Dağılan Amerika” və Milli Şuranın inəkləri... - Reaksiyalar...

“Dağılan Amerika” və Milli Şuranın inəkləri... - Reaksiyalar...


Milli Şuranın (MŞ) daha bir rüsvayçı videosu yayılıb. Qurumun Koordinasiya Mərkəzinin “zoom müşavirəsi”ndə hiddət doğuran fikirlər səsləndirilib. Videonun mərkəzi nöqtəsində isə Amerikada yaşayan Milli Şuranın sədri Cəmil Həsənli yer alıb. O, amerikalılarla müqayisədə azərbaycanlıları şüursuz adlandırıb.
Belə ki, Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkalam C.Həsənlidən orada koronavirusla bağlı küçəyə çıxmaq imkanının olub-olmadığını soruşur: “Cəmil müəllim, orada necədi vəziyyət, karantin necədi, amerikalılar necə gözləyirlər bəs karantin qaydalarını, karantin yoxdu bəyəm onlarda?”
İmkanlarının olduğunu deyən MŞ sədrinin cavabı belə olur: “Var, sadəcə bizimkilərdən fərqli olaraq buradakı adamlar özləri şüurludurlar”.
Onun sözləri iclas iştirakçıları tərəfindən gülüşlə qarşılanır. MŞ rəhbərləri son aylarda təşkil olunan AXCP sədri Əli Kərimlinin “blokada” şousuna da toxunurlar.
Vahid Məhərrəmli Kərimli ilə danışdığını deyir və bu barədə iclas iştirakçılarına “məruzə” edir: “Bir az bundan qabaq Əli bəylə əlaqə saxladım, vəziyyəti yaxşıdı, deyir istirahət eləyirəm, ümid edir ki, biz sosial şəbəkələrdə komanda kimi daha yaxşı işləyəcəyik. Sağ olun ki, siz də, cəbhəçilər də Əli Kərimlinin müsahibələrindən, sözlərindən kəsib ayrıca statuslar yazdız, plakatlar təşkil olundu. İndi orada kimin statusuna nə qədər layk gəldi - gəlmədi, bu, elə də əhəmiyyətli deyil, əsas odu yazdıq”.
Göründüyü kimi, V.Məhərrəmli AXCP sədrinin istirahət etdiyini deməklə son aylarda təşkil etdikləri şounu ifşa edir. Onu da qeyd edək ki, yayılan bu biabırçı videoların hər birində üzü görünməyən bir profil iclası izləyir. Çoxları ehtimal edir ki, məhz bu profilin arxasındakı şəxs Kərimlinin özüdür.
ALDP rəhbəri Fuad Əliyev “Yeni Müsavat”a açıqlamasında Rusiyada yaşayan MŞ-nin fəxri sədri Rüstəm İbrahimbəyova yönəlik bəzi suallar ünvanladı: “Mən bundan qabaq da qeyd etmişdim ki, bu Şura ”Rüstəm maski şou"sudur. Bunlar bu qədər xalqı aşağılayırlar, bəs görəsən bunların lideri Rüstəm İbrahimbəyov niyə susur? Özünü ziyalı hesab edən İbrahimbəyov susmaqla nə demək istəyir? Yəqin ki, Milli Şuranın keçmiş sədri, hazırda da lideri olan Rüstəm İbrahimbəyov elə bunlarla həm fikirdir. Tovuzda ermənilər tərəfindən törədilən təxribatla bağlı niyə öz fikrini bildirmədi? Hakimiyyət bunların şəxsi maraqlarını təmin edəndə, özlərinə saxta pensiya kəsənsə yaxşıdır, amma bunların maraqlarını təmin etməyən kimi “müxalifət”ə keçirlər. İndi də gündəmdə qalmaq üçün özlərinin səviyyələrinə uyğun “Rüstəm maski şou"da iştirak edirlər".
Siyasi şərhçi Yeganə Hacıyeva ehtimal edir ki, Əli Kərimli bu iclasların hər birini izləyir: “Milli Şura və AXCP rəhbərləri öz aralarında apardıqları müzakirələrdə cəmiyyətin tanınan ziyalılarını, müttəfiq partiyalarından sonra indi də xalqı aşağılayırlar. Videonu mən də izlədim və üzvlərin müzakirəsindən aydın oldu ki, Milli Şuranın Koordinasiya üzvlərindən biri özü tətildə olduğu halda ətrafı bunu cəmiyyətə blokadadadır kimi sırıyır. Diğər tərəfdən zoom-müşavirələrdə həmişə görüntüsüz qoşulan, müşavirəni sadəcə səsli izləyən Galaxy S4 profili var ki, ehtimal etmək olar ki məhz bu profil blokadadadır kimi görüntü verməyə çalışılan üzvdür. Ən pisi isə, Milli Şuranın ağsaqqal sədrinin Azərbaycandan fərqli olaraq Amerikada əhalinin şüurlu olması fikridir ki, bu da məntiqi olaraq Azərbaycanda əhalinin şüursuz adlandırması qənaətinə gəlinir. Məsələ ondadır ki, şüursuz adlandırdıqlarının səsi hesabına iki seçim parlamentdə deputat olmuş, onların hesabına siyasi sima kimi ölkədə və dünyada tanınıb və bunun hesabına həyatını maddi və s. kimi təminatını qurub. Biz çox vaxt Milli Şura rəhbərliyinin siyasi fəaliyyətlərini guya məhz ”xalq xidmət etmək" üzərindən yürüdüldüyü haqqında, bunun onlar üçün hansısa məhrumiyyətlər hesabına başa gəlməsi barədə fikirlər eşitmişik. Belə olan halda məntiqi sual yaranır ,doğrudanmı “şüursuz” adlandırdıqları üçün belə fəadakarlıq edilir, məhrumiyyətlərə gedilir, yoxsa fərdi maraqları və ya müxtəlif qütblərdən bağlı olduqları dairələrin onlara təyin etdiyi missiyanı daşıyırlar?".
Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev: “Milli Şura”deyilən qurum demək olar ki, öz missiyasını çoxdan bitirib. Artıq öz içlərində bir-birinə qarşı kampaniya da hazırlayırlar. Fiaskoya uğramış təşkilatın daxili müzakirələrində xalqı aşağılamaları, lağlağı danışıqları onların hansı xislət sahib olduqlarını göstərir. Bu kimi yanaşmalara görə onlar xalq qarşısında cavab verəcəklər. Əli Kərimli öz varlığını qorumaq üçün o müzakirələrə qatılmır. Bu birmənalı olaraq belədir".
“Yeni Müsavat”

Mənbə: www.dia.az