Avropa İttifaqı avqustun sonunadək Belarusa qarşı sanksiya tətbiq edə bilər

Avropa İttifaqı avqustun sonunadək Belarusa qarşı sanksiya tətbiq edə bilər

Avropa İttifaqı avqustun sonuna qədər Belarusa qarşı sanksiya tətbiq edə bilər. Banker.az xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi məlumat verib.

Qeyd edildiyi kimi, Belarusa qarşı sanksiyalar tətbiq etmək təklifi Almaniya, Litva, Latviya, Avstriya və İsveç tərəfindən dəstəklənib. Qaydalara əsasən, sanksiyaların tətbiq edilməsi üçün Aİ-yə üzv olan 27 ölkənin razılığı tələb olunur.

Xatırladaq ki, daha əvvəl Polşa, Litva, Latviya və Estoniya prezidentləri Aleksandr Lukoşenkoya etirazçılara qarşı güc tətbiq edilməsini dərhal dayandırmağı, bütün məhbusları sərbəst buraxmağı və cəmiyyətlə dialoqa başlamağı tələb ediblər.

“Əgər Belarus hakimiyyəti bu tələbləri yerinə yetirsə, beynəlxalq ictimaiyyətlə əməkdaşlıq onun üçün açıq olacaqdır. Təcrid – heç bir xalq üçün rifah və inkişaf yolu deyil”, – bəyanatda deyilir. Dörd ölkənin liderləri Belarusdakı vəziyyətin sülh yolu ilə həllində vasitəçi olmağı təklif ediblər.

Polşanın xarici işlər nazirinin verdiyi məlumata görə, Belarusdakı vəziyyət yaxşılaşmadığı təqdirdə, sanksiyalardan qaçmaq “çox çətin olacaqdır”. Onun İsveçdəki həmkarı Ann Linde isə “etirazçılara qarşı güc tətbiq edən şəxslərə münasibətdə sanksiyalar tətbiq etməyi” təklif edib.

Mənbə: banker.az