“Gürcüstanın idarəetməsində azərbaycanlıların rolu artacaq” – Marneuli meri

“Gürcüstanın idarəetməsində azərbaycanlıların rolu artacaq” – Marneuli meri

Hakim “Gürcü arzusu” Partiyası tərəfindən namizədliyim irəli sürülüb. Mənə etimad göstərdiklərinə görə, hakim partiyaya təşəkkürümü bildirirəm”. Bu fikirləri Modern.az-a Hakim “Gürcü arzusu” Partiyasından namizədliyi irəli sürülən Zaur Darğallı oktyabrın 31-də Gürcüstanda keçiriləcək parlament seçkilərindən danışarkən deyib.

Azərbaycanlı namizəd seçkilərdə qalib gələcəyinə ümidli olduğunu da bildirib:

“Bir ilə yaxındır ki, Marneuli meri vəzifəsində çalışıram. Ötən il əhalinin 79%-nin dəstəyi ilə qalib gəlmişdik. Əminik ki, bu il də xalqımızın dəstəyi ilə uğurlu qalibiyyət əldə edəcəyik. Bu gün həm beynəlxalq, həm müxalifətə bağlı olan təşkilatların apardığı sorğu onu göstərir ki, “Gürcü arzusu” Partiyasının ölkə üzrə dəstəyi 3 dəfə hər bir partiyadan çoxdur. Ona görə də uğurlu qələbə əldə edəcəyimizdən əminik”.

 

Zaur Darğallı Gürcüstan parlamentinə deputat seçiləcəyi təqdirdə xalqın yanında olacağını da qeyd edib:

“Gürcü arzusu” üçüncü dəfə hakim partiya olaraq hakimiyyəti formalaşdıracaq. “Gürcü arzusu” Partiyasının gələcək parlament üzvü kimi demək istəyirəm ki, ötən bir il ərzində Marneuli əhalisinə hərtərəfli qulluq etmişəm. Geniş miqyaslı önəmli layihələr həyata keçirtmişik. Hazırda bu şəkildə də Marneuli- Qardabani dairəsindən həmkarlarımızla birlikdə əhalimizə, xalqımıza, bölgəmizə xidmət etmək üçün çalışırıq. Əminəm ki, biz Gürcüstan dövlətinin idarəetməsində rolumuzu artıaracayıq, siyaasi proseslərdə aktiv şəkildə iştirak edərək, Gürcüstan azərbaycanlılarının dövlətin idarəsində fəal iştirakını təmin edəcəyik”.

 

Qeyd edək ki, oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçiriləcək.

Hazırda Gürcüstan parlamentində 150 deputatdan 4-ü azərbaycanlı olsa da, növbəti seçkilərdə onların sayının artması gözlənilir.

Məlumat üçün bildirək ki, Gürcüstanda 30 seçki dairəsi var. Parlamentdə 30 yer majoritar, 120 yer isə proporsional seçki siyahısı ilə müəyyən olunacaq.

Mənbə: modern.az