Ərəb dünyasının daha bir yarası qanayır – Növbəti “Suriya ssenarisi”

Ərəb dünyasının daha bir yarası qanayır – Növbəti “Suriya ssenarisi”

Elxan Şahinoğlu: “Beynəlxalq aləm Livana dəstək verməsə ölkə özbaşına bu ağır vəziyyətdən çıxa bilməyəcək”

Ötən günlərdə Livanın paytaxtı Beyrutda ard-arda partlayışlar baş verdi və hadisə ölkəyə ciddi zərər vurmaqla yanaşı, xeyli sayda insanın ölümünə, yaralanmasına səbəb oldu.

Partlayışdan sonra Livan xalqı küçələrə axışıb hökumət əleyhinə etirazlara başladı. Etiraz edənlər hökumətin istefasını tələb etməklə yanaşı, növbədənkənar parlament seçkilərinin keçirilməsini də tələb etdilər.

Etirazların geniş vüsət almasından sonra Livanın Baş Naziri Həsən Diyab xalqa müraciət edərək hökumətin tam tərkibdə istefa verdiyini bəyan etdi. Livan Prezidenti Mişel Aun isə Baş Nazir Həsən Diyab və hökumətin istefasını qəbul etdiyini açıqladı.

Diqqətçəkən məqamlardan biri isə Beyrutdakı partlayışdan dərhal sonra Fransa Prezidenti Emmanuel Makronun Livana səfər etməsi oldu. Makron Fransanın Livana maliyyə yardımı etməyə hazır olduğunu, ancaq bunun üçün Beyrut qarşısında şərtlər qoyduqlarını xatırlatdı. Şərtlər içərisində korrupsiyaya qarşı mübarizə ilə yanaşı, əsas təhlükənin – “Hizbullah” təşkilatınının fəaliyyətinə qadağa qoyulması da əksini tapır.

Bundan sonra isə Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay və Xarici İşlər naziri Mövlud Çavuşoğlu da Livana səfər etdilər. Türkiyə də Fransa kimi Livana yardım edəcəyini bildirdi və Fransadan fərqli olaraq yardım qarşılığında çətin şərtlər irəli sürmədi.

Hazırda Livanda gərginlik davam edir. AYNA-nın mövzuya dair suallarını “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırıb.

– Elxan bəy, Livanda baş verənlərin əvvəlcədən planlaşdırılmış olması ehtimallarını necə dəyərləndirirsiz? Hadisənin siyasi tərəfləri nədən ibarətdir?

– Əslində, Livan çox mürəkkəb ölkədir. Vaxtı ilə gah Fransanın kaloniyası olub, gah Misirin tərkibində olub, gah da Osmanlının. Son 50-60 ildə öz müstəqilliyini bərpa etsə də, bu illərdə dövləti qurmaq və möhkəmləndirmək çox çətin olub. Çünki Livanın çox fərqli etnik və məzhəb tərkibi var. Ölkədə həm xristian ərəblər, həm sünni ərəblər, həm şiələr, həm də fərqli millətlər var ki, bu qruplardan da vahid xalq yaratmaq çətin olub. 1975-ci ildən 1990-cı ilə qədər Livanda vətəndaş müharibəsi olub, şəhərlər dağılıb. Nəhayət, 1990-cı ildə sülh əldə olunub. Lakin yenə də müxtəlif illərdə Livan İsrailin hücumlarına məruz qalıb. Onun səbəbi isə Livanda dövlət içində dövlət qurmuş “Hizbullah” təşkilatı olub. Yəni, “Hizbullah” Livan ərazisindən İsraili nə zaman hədəf seçibsə, İsrail də əks hücuma keçib və zərər Livan dövlətinə dəyib. Ona görə də ölkə belə bir uçuruma yuvarlanıb.

Bundan başqa, artıq Livanda iqtisadi isahatlar aparmaq da çətinləşib. Düzdür, 2000-ci ildə Livanın sabiq Baş Naziri nəsə etməyə çalışırdı, lakin onu da terror nəticəsində qətlə yetirdilər. Sonra oğlu da bir müddət Baş Nazir olsa da, dəyişən heç bir şey olmadı. Ona görə də həmin məlum partlayış olmsaydı belə, ola bilsin ki, hökumət yenə də istefa vermək məcburiyyətində qalacaqdı. Çünki ölkədə iqtisadi və sosial vəziyyət getdikcə ağırlaşırdı və ölkənin borcları artırdı. Belə olan halda isə bu partlayış vəziyyəti daha da ağırlaşdırdı.

Ölkə indi elə bir vəziyyətdədir ki, özünə sahib axtarır. Təsəvvür edin ki, Fransa Prezidenti Makron Livana gələndə, xalq onun qarşısına çıxıb onları yenidən tabeliyinə qatmalarını istəyir və idarə oluna bilməməkdən əziyyət çəkdiklərini deyirdi. Təbii ki, belə olan halda kənar maliyyə dəstəyi olmasa, Livan bu vəziyyətdən xilas ola bilməyəcək. Amma kənar dəstək də müəyyən şərtlərlə edilir.

– Həmin kənar maliyyə yardımları Fransa və ya Türkiyədən ola bilərmi?

– Məsələ burasındadır ki, Fransa Livana dəstək verəcəyini bildirsə də, iki şərt irəli sürüb: Birinci şərt – korrupsiya ilə ciddi mübarizə aparılacaq, ikinci şərt – “Hizbullah”ın fəaliyyətinə son qoyulacaq. Livanda korrupsiya ilə bağlı hansısa qərar verilə bilər, amma “Hizbullah”ın fəaliyyətini qadağan etmək son dərəcədə problem yaradar. Çünki “Hizbullah” Livanda dövlət içində dövlətdir və üstəlik, İrandan dəstək alır. Türkiyə Prezidentinin köməkçisi və Xarici İşlər naziri isə heç bir şərt irəli sürmədən dəstək ifadə etdilər. Hətta, Livanın bir müddət Türkiyəyə məxsus dəniz limanından istifadə edə biləcəyini də dedilər. Çünki Livanla əlaqələr Türkiyə üçün də vacibdir. Bəzən soruşurlar ki, Türkiyə Livana nə üçün dəstək verir? Axı, Livan parlamenti 2000-ci ildə qondarma “erməni soyqrımı”nı tanıyıb, üstəlik, Türkiyə diplomatlarını zaman-zaman qətlə yetirən ASALA terror təşkilatı Livanda yaradılıb. Bunların hər biri doğru olsa da, bu, siyasətin görünən tərəfidir. İndiki vəziyyətdə Türkiyə Aralıq dənizi uğrunda mübarizədə müəyyən dövlətlərlə üz-üzə qalıb. Livan da Aralıq dənizi ölkəsidir deyə, Türkiyə Livana dəstək göstərməklə, Livanın ən azı anti-Türkiyə blokunda yer almayacağını təmin etmək istəyir.

– Bundan sonra Livanı nə gözləyir?

– Aydındır ki, ölkə parlament seçkilərinə getməlidir. Lakin parlament seçkiləri də bir çox şeyi həll etməyə bilər. Ona görə ki, Livanda fərqli etnik və məzhəb qruplarına görə belə bir qayda var: Prezident xristian, Baş Nazir sünni, parlament sədri isə şiə olmalıdır. Belə bir bölgü olanda da nə qədər seçki keçirilsə də, bu, hökumətin fəaliyyətinə ciddi təsir göstərməyəcək. Çünki hökumət istədiyi addımları ata bilməyəcək.

– Belə olan halda, Livan bundan sonra Liviya və Suriyanın taleyini yaşaya bilər?

– Bəli, mümkündür! Məsələn, 15 il bundan əvvəl Suriyada vətəndaş müharibəsinin olacağını və ölkənin dağılacağını heç kim təsəvvür etməzdi. Çünki Suriyada ən azından mütləq hakimiyyət var idi və Livandakı kimi etnik və məzhəb qarşıdurması yox idi. Amma buna baxmayaraq, son 8 ildə Suriya məhv oldu. Hətta, iş o yerə gəlib çatdı ki, Suriyada İran, Rusiya, Amerika, Türkiyə fəaliyyət göstərir. Livanda da məsələlər həll olunmasa – ki, həllinə bir o qədər də ümid bəsləmirəm – hadisələr Suriya ssenarisi üzrə cərəyan edə bilər. Çünki son günlərdə baş verənlər də göstərdi ki, insanlar naziriklərə hücum edirlər, həyat şərtləri yaxşı deyil və bu xalqın 15 illik vətəndaş müharibəsi təcrübəsi var. Həmin silahlı qruplar yenə də bir-birinə qarşı çıxa bilər. Əgər, beynəlxalq aləm Livana dəstək verməsə və prosesləri nəzarətdə saxlamasa, Livan özbaşına bu ağır vəziyyətdən çıxa bilməyəcək və Suriyadakı hadisələr Livanda da təkraralanacaq.

– Livanda uzun illər baş verən qarşıdurmalar, social-iqtsadi və siyasi durumun günü-gündən pisləşməsi, ən əsası isə dövlətin müstəqil siyasət yeridə bilməməsi “Hizbullah”ın rolu varmı?

– Bəli! Çünki “Hizbullah” tək silahlı qruplaşmadan ibarət deyil. “Hzibullah”ın parlamentdə təmsil olunan siyasi qanadı da var, sosial məsələlərlə məşğul olan qanadı da. Ona görə də bu təşkilatın fəaliyyətini Livanda asanlıqla qadağan etmək mümkün deyil. Əsas maliyyə dsətəyini də İrandan alırlar. Düzdür, “Hizbullah” Livanın daxilində hansısa qruplaşma ilə savaşmır və əsas hədəfi İsraildir. Livan hökuməti ilə onların müəyyən razılaşmalaır var ki, bir-birilərinə mane olmasınlar. Amma bu, ümumilikdə Livanın özünə problem yaradır. Çünki “Hizbullah” İsrail ərazisinə raket atanda İsrail də qarşılığını verir və ölkə zərər çəkir. Hətta, neçə dəfə olub ki, buna görə İsrail ordusu Livan ərazsinə daxil olub. Təbii ki, bunu Livan hökuməti istəmir. Amma onların fəaliyyətini qadağan da edə bilmir. Çünki bu qadağa vətəndaş müharibəsi ilə də nəticələnə bilər.

 

 

Mənbə: turkustan.info