Ukrayna MDB-nin 3 sazişindən çıxdı

Ukrayna MDB-nin 3 sazişindən çıxdı

"Rəsmi Kiyev Qərbə doğru addım atarkən, artıq Rusiya haqda fikirləşmir"

Ukrayna MDB ölkələri çərçivəsində imzalanan daha üç sazişdən çıxıb. Müvafiq qərar Ukrayna hökumətinin Nazirlər Kabineti tərəfindən verilib. Qərara əsasən, MDB dövlətlərinin sərhəd qoşunları üçün hərbi kadrların hazırlanması və ixtisasartırma təhsili, mədəniyyət sahəsində əməkdaşlıq, habelə qurum üzvlərinin Mədəni Əməkdaşlıq Şurasının yaradılması barədə Ukraynaya dair sazişlərə xitam verilib.

Xatırladaq ki, 2014-cü ilin fevralında Ukraynadakı dövlət çevrilişindən sonra ölkənin yeni rəhbərliyi MDB-dən ayrılma prosesinə başlandığını elan etmişdi. Göründüyü kimi Ukrayna gənc prezident Vladimir Zelenskinin rəhbərliyi ilə postsovet ölkələrinin təmsil olunduğu təşkilatı birdəfəlik tərk etmək və Qərbə inteqrasiyanı sürətləndirmək siyasəti yeridir.

Bəzi ekspertlərin fikrincə, rəsmi Kiyev bundan dolayı Rusiyanın təzyiqlərinə məruz qala bilər. Lakin Moskvanın bütün rıçaqlarını işə saldığını, əlində Ukraynaya qarşı təzyiq vasitəsi qalmadığını düşünənlər də var.

 

Kiyevin addımları ilə bağlı fikirlərini “Şərq”ə bölüşən “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli deyib ki, MDB artıq formal təşkilata çevrilib. Siyasi şərhçinin sözlərinə görə, qurumun heç bir effektivliyi, siyasi-hərbi təsir gücü yoxdur:

“Sırf Moskvanın eqosuna xidmət etdiyi üçün bu təşkilat yarımcan vəziyyətdə ayaqda saxlanılır. Ukrayna düzgün addım atır. Əslində Rusiyanın təcavüzündən sonra ümumiyyətlə MDB-ni tərk etməliydi.

 

Bu ölkənin hələ də Kremlin nəzarəti altında olan bir qurumda qalması təəccüblüdür. Zelenski Moskva ilə hərbi bağlılığa birdəfəlik son qoymaq fikrindədir.

Ukrayna birmənalı olaraq Qərbə inteqrasiya yolu tutub və bu istiqamətdə irəliləyir.

Rusiya Ukraynaya edə biləcəyi bütün təzyiqləri edib, Krımın ilhaqını reallaşdırıb, ölkə ərazisində separatçı rejimlərin yaranmasına dəstək verib və s. Yəni bacardığı bütün pislikləri həyata keçirib. Ona görə də rəsmi Kiyev Qərbə doğru addım atarkən, artıq Rusiya haqda fikirləşmir”.

Mənbə: sherg.az