Tramp İsrail və ərəblər arasında imzalanacaq sazişin tarixini açıqladı

Tramp İsrail və ərəblər arasında imzalanacaq sazişin tarixini açıqladı

BƏƏ İsraillə tam diplomatik əlaqələri quran üçüncü ölkə olub. Daha əvvəl yəhudi dövləti ilə sülh sazişini 1979-cu ildə Misir, 1994-cü ildə isə İordaniya imzalamışdı

BAKI, 14 avqust — Sputnik. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail üç həftə ərzində Birləşmiş Ştatların ərazisində sülh sazişi imzalayacaqlar. Sputnik Azərbaycan "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bildirib.

"Mən çox yaxın vaxtda Ağ Evdə sazişin formal imzalanmasını qəbul etməyə hazırlaşıram. Böyük ehtimalla biz bunu yaxın üç həftə ərzində edəcəyik", - deyə Tramp qeyd edib.

Qeyd edək ki, avqustun 13-də Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə İsrail arasında diplomatik əlaqələr bərpa edilib. Belə ki, ABŞ Prezidenti Donald Tramp, İsrailin Baş Naziri Benyamin Netanyahu və BƏƏ-nin vəliəhd şahzadəsi Şeyx Məhəmməd Bin Zayid arasında danışıqlar yekunlaşıb. BƏƏ və İsrail rəsmiləri diplomatik əlaqələrin bərpa olunmasına dair razılığa gəliblər. Bununla bağlı tərəflər arasında sənəd imzalanıb.

Xatırladaq ki, BƏƏ İsraillə tam diplomatik əlaqələri quran üçüncü ölkə olub. Daha əvvəl yəhudi dövləti ilə sülh sazişini 1979-cu ildə Misir, 1994-cü ildə isə İordaniya imzalamışdı.

 

Mənbə: sputnik.az