Türkiyənin həmsədr olmasını kimlər istəmir? - Politoloq rəyi

Türkiyənin həmsədr olmasını kimlər istəmir? -    Politoloq rəyi

Artıq uzun illərdir ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmir. Bununla bağlı Azərbaycan cəmiyyətində birmənalı fikir formalaşıb ki, onların fəaliyyəti formal xarakter daşıyır, həmsədr ölkələr birtərəfli mövqe tutaraq işğalçıya dəstək verirlər. Minsk Qrupunun fəaliyyətsizliyi və ədalətsiz yanaşması son bir ayda, xüsusən də Tovuz hadisələri zamanı və ondan sonrakı dönəmdə daha qabarıq şəkildə özünü göstərdi.

Bu səbəbdən indiyədək münaqişənin həlli istiqamətində heç bir iş görməyən ATƏT-in Minsk Qrupunun buraxılması, onun fəaliyyətinin yenidən təşkilinə baxılması məsələsi gündəmə gəlib. Minsk Qrupunda təmsil olunan Türkiyənin həmsədr ölkə qismində prosesə cəlb edilməsi də aktual müzakirə mövzusuna çevrilib.

Maraqlıdır, indiki halda Türkiyənin həmsədr statusunda danışıqlara cəlb olunması mümkündürmü? Yaxud qardaş ölkənin iştirakı danışıqlar prosesinə rəng qata bilərmi?

Məsələni Azvision.az -a şərh edən politoloq Tofiq Abbasov deyib ki, Minsk Qrupunun fəaliyyətinin yenidən təşkil olunması real görünsə də, Türkiyə kimi Qərbin qıcıq olduğu bir dövlətin burada həmsədr qismində təmsil olunması inandırıcı deyil:

“Əlbəttə, indiki situasiyaya görə Minsk Qrupu buraxılmalıdır. Çünki bölgədə otuz ilə yaxın müddətdə nə kimi transformasiyalar, hadisələr, insidentlər baş veribsə, bu qrup ortaya heç bir fəaliyyət qoya bilməyib. Faktiki olaraq həmsədrlər turist diplomatiyasını həyata keçirirlər və kəsərli söz sahibi deyillər. Danışıqlar prosesində irəliləyişin olmamasının bir səbəbi də elə budur ki, onların fəaliyyəti indi daha çox gərəksiz hala gəlib. Dəfələrlə belə fikir səsləndirilib ki, həmsədr ölkələr işğalçı dövlətə təzyiq göstərmək əvəzinə, sanki vəziyyətin qarışıq olmasında maraqlıdırlar. Beləcə, status-kvo da saxlanılır. Ancaq indiki halda Türkiyənin həmsədr kimi proseslərdə təmsil olunması bir qədər müşkül məsələ kimi görünür”.

Tofiq Abbasovun sözlərinə görə, Türkiyənin prosesə aktiv qoşulmasında yalnız üçüncü dövlətlər, Qərbin fövqəlqüvvələri yox, Rusiyanın özü də maraqlı deyil: “Onların bu işə ümumiyyətlə meyli, hazırlığı, niyyətləri də yoxdur ki, Türkiyə bu formatda təmsil olunsun. Amma Türkiyə qədər digər bölgə dövlətləri də, qonşu dövlət kimi elə erməni ordusu üçün silah-sursat ötürən Rusiyanın özü belə daha çox maraqlı olmalıdır ki, məsələ tezliklə həllini tapsın. Ermənistanla bağlı məsələ bəllidir. Bu xalqın iddiaları böyükdür. Onlar çalışırlar ki, problemin həllinə, məsələyə bir neçə istiqamətdən yanaşılsın. Gah müxtəlif tarixi müqaviləyə, gah da özlərinin “əzəli tarixi torpaqlarının” qayıdışına istinad edirlər. Amma indiki halda bu ölkənin özünün ən böyük səhvi ondadır ki, Ermənistan Türkiyənin bu qrupda təmsil olunmasına razılıq vermir və ya maraqlı deyil. Bu, baş versə, inanın ki, erməni xalqı da prosesdən qazanar. Təəssüflər olsun ki, erməni xalqında o qədər məkr, qisas hissi güclüdür ki, onlar heç nəzəri baxımdan da bu məsələni özlərinə yaxın buraxmaq istəmirlər. Deyirlər ki, ay aman, birdən Türkiyə kimi tarixi düşmənimiz həmsədr mandatı alar, problem fərqli istiqamətdə həll olunar. Amma bir daha deyirəm ki, bu baş versə, Ermənistan dövlətinin də öz xeyrinə işləyən amil olar”.

Tofiq Abbasov ermənilərin kütləvi şəkildə Türkiyənin indiki hakimiyyətini hədələyib, tez-tez təhqir etdiklərini xatırladaraq bildirib ki, bunun qarşılığında türklər tolerant davranaraq heç bir erməninin burnunu elə qanatmayıblar:

“Elə siyasət məkanında da belədir, loyallıq, tolerant yanaşma hələ ki, saxlanılmaqdadır. Hər il 24 apreldə Türkiyə rəhbərləri erməni kilsəsinə gedərək ibadətlərə qatılırlar, ya da məlum hadisələr zamanı ölmüş ermənilərlə əlaqəli başsağlığı verirlər. Bəli, bir güclü dövlət kimi Türkiyə çoxdan təşəkkül tapıb və bölgədə öz rolunun olduğunu artıq son proseslərdə aşkar şəkildə nümayiş etdirdi. Artıq onun sözü eşidilir, bölgə maraqlarına qarşı çıxacaq istənilən qüvvəyə cavab verəcəyi mesajı da göndərilib. Amma həmsədr kimi görmək istədiyimiz Türkiyə digər həmsədr ölkələrdən fərqli olaraq məsələyə ədalətli yanaşır axı. Bu ölkə hazırda çalışır ki, bölgədə sabitlik əmin-amanlıq bərqərar olsun. Sadəcə olaraq, sabitliyin pozulmasında maraqlı olan erməni dövləti və onlara dəstək verən Rusiya, Fransa və s. kimi ölkələr öz sözlərini hələ də deməkdədirlər... Son olaylarda - Tovuz hadisələrində isə bir daha gördük ki, həmsədrlər nə dərəcədə ikibaşlı oyun oynayırlar. Özləri oturduqları budağı sındırırlar”.

Politoloq onu da vurğulayıb ki, Rusiyanın ikibaşlı oyunu Azərbaycan qədər Türkiyə üçün də qıcıq doğurur: “Rusiya birinci dəfə deyil ki, Ermənistana belə aktiv hərbi yardım edir. Bu cür yanaşma məsələnin həlli deyil. Düzdür, Rusiyanın özündə də silah mafiyası var ki, belə situasiyalar yarananda maksimum yararlanmağa çalışır. Ancaq şimal qonşumuzdan diplomatik cəhdləri müşahidə etmədik. Yəni bu formada yanaşma sağlam diplomatiyanın təzahürü deyil. Ona görə də bir daha deyirəm ki, erməni liderlərinin siyasi elitasının ağlı olsa, hələ də onlara yumşaq yanaşan bir ölkənin - Türkiyənin bu prosesdə yaxından iştirakına "HƏ" deyərdilər. Bu aktiv qoşulmadan özləri də siyasi qazanclar əldə edərlər. Ən azı ona görə ki, Türkiyədə yüz mindən artıq loyal erməni yaşayır. Türkiyə prosesə cəlb olunsa, Ermənistanın bu ölkə ilə münasibətləri birə-beş yaxşılaşar, iqtisadiyyatları xeyli dirçələr, özləri torpaqlarımızdan çəkilməklə isə bölgədə çiçəklənən ölkələrdən birinə çevrilərlər. Ancaq günümüzdə Qərbin buna gedəcəyini düşünmürəm. Nə Fransa, nə Amerika, nə də başqa tarixi türk düşmənçiliyindən kin saxlayan Qərb ölkəsi Türkiyənin belə aktivliyinə imkan verməz. Çünki bu ölkələr hələ Osmanlı dönəmindən türklərlə əzəli düşmən olublar. Tarixi ədavət bu gün də saxlanılır. Türkiyənin bizə kiçik bir dəstəyinə belə müsəlman birliyi kimi yanaşılır və bu birliyə yuxarıdan aşağı baxan Qərb təsisatlarıdır ki, hazırda münaqişənin həllinin bir açarı da məhz onların əlində sayılır”.

Mənbə: azvision.az