Bölgəmizdə dəyişiklik gözlənilir? Putin BMT Təhlükəsizlik Şurasının toplanmasını istədi

Bölgəmizdə dəyişiklik gözlənilir? Putin BMT Təhlükəsizlik Şurasının toplanmasını istədi

"Partnyorlarımızı təklifimizi diqqətlə götür-qoy etməyə çağırırıq. Alnernativ – gərginliyin bundan sonra da artması, münaqişə yaranması riskinin böyüməsidir"

Rusiya Prezidenti Vladimir Putin yaxın vaxtlarda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv ölkələrin liderlərinin onlayn görüşünün keçirilməsini təklif edib.

Sputnik Azərbaycan -yə istinadən bildirir ki, o, Almaniya və İranın da iştirakını istəyib, əsas mövzu isə “İran məsələsinin” və gərginliklərdən qaçmağın müzakirəsidir.

Bu barədə məlumat Prezidentin rəsmi saytında yer alıb.

“Məqsəd – BMT Təhlükəsizlik Şurasında vəziyyətin gərginləşməsini, konfrontasiyanı aradan qaldırmağa imkan verəcək addımların müəyyən edilməsidir. BMT Təhlükəsizlik Şurasının Birgə Hərtərəfli Fəaliyyət Planının reallaşdırılmasına beynəlxalq hüquqi baza yaradılmasına təkan verən 2231 saylı qətnaməsinin bundan sonra da kəsintisiz gerçəkləşdirilməsi üçün kollektiv dəstək verilməsi vacibdir”, - Rusiya lideri qeyd edib.

Onun sözlərinə görə, TŞ-də müzakirələr getdikcə gərginləşir, Tehranın ünvanına “əsassız bəyanatlar” səslənir, hazırlanan qətnamə layihələri isə öncəki yekdil qərarların dağıdılmasına yönəldilib.

“Bu regionda dünyanın digər guşələrində olduğu kimi, şantaja və kiminsə kənardan diktə etməsinə imkan verilməməlidir. Birtərəfli yanaşmalar məsələnin həllinin tapılmasına yardım etmir”, - Putin vurğulayıb.

Putin deyib ki, Rusiya İranın nüvə proqramı çərçivəsində tənzimləmələr üzrə 2015-ci il Birgə Hərtərəfli Fəaliyyət Planına sadiqliyini qoruyur. O, həmçinin xatırladıb ki, 2019-cu ildə Moskvanın təqdim etdiyi, Fars körfəzində Təhlükəsizlik Konsepsiyasının yenilənmiş versiyası regionda promlemlərin həlli üçün konkret addımları ehtiva edir.

“Partnyorlarımızı təklifimizi diqqətlə götür-qoy etməyə çağırırıq. Alnernativ – gərginliyin bundan sonra da artması, münaqişə yaranması riskinin böyüməsidir. Belə inkişafdan qaçmaq lazımdır. Rusiya vəziyyətin təhlükəli həddən kənara çəkilməsində maraqlı olan hər kəslə konstruktiv qarşılıqlı fəaliyyət üçün açıqdır. Məsələ təcilidir”, - Rusiya Prezidenti deyib.

O təklif edib ki, liderlərin danışıqlar üçün “prinsipial cəhətdən hazır olduğu təqdirdə” onlayn sammitin gündəliyini xarici siyasət idarələri xətti ilə razılaşdırmaq olar.

Ötən həftə ABŞ-ın Dövlət katibi Mayk Pompeo bildirmişdi ki, Vaşinqton İrana qarşı silah embarqosunun uzadılması barədə BMT Təhlükəsizlik Şurasının qətnaməsinin layihəsini hazırlayıb.

Bundan sonra İran bəyan etmişdi ki, bu cür sənəd ilk növbədə İrana deyil, məhz BMT TŞ-nin öz mexanizmlərinə təhdid yaradır.

İran XİN-in rəsmi nümayəndəsi Abbas Musəvinin sözlərinə görə, bu minvalla Vaşinqton bu təşkilatı özünə tabe edərək onu zəiflətmək istəyir.

Mənbə: sputnik.az