Türkiyə – Azərbyacan birgə hərbi təlimlərinin keçirilməsi böyük əhəmiyyət kəsb edir

Türkiyə – Azərbyacan birgə hərbi təlimlərinin keçirilməsi böyük əhəmiyyət kəsb edir

Türkiyənin Milli Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri və Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə qarşılanması iki ölkə arasında digər sahələr kimi, hərbi əməkdaşlığın da möhkəm özüllər üzərində qurulmasından xəbər verir.

Bunu Milli Məclisin deputatları, o cümlədən ziyalılar bu səfərlə əlaqədar təəssüratlarını bizimlə bölüşərkən dedilər:

Fazil MUSTAFA, Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri:

– Azərbaycan –Türkiyə dostluq və qardaşlıq münasibətləri qədim tarixə malikdir. “Bir millət, iki dövlət” arasın­dakı sıx vəhdəti heç bir yad təsir poza bilməz. Hər iki dövlət həmişə çətin məqamlarda bir-birinə arxa - da­yaq olub. Qardaş dövlətlər arasında əlaqələrin yüksələn xətlə inkişafı, o cümlədən birgə həyata keçirilən iqtisadi, siyasi, hərbi layihələr təkcə Qafqaz və Anadolu regionları üçün deyil, Avra­siyanın böyük bir hissəsi üçün xüsusi əhəmiyyət daşıyır. Türkdilli dövlətlərin zəngin təbii sərvətləri və milli inkişaf konsepsiyası Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi layihələrin da­vamlı olması üçün perspektiv yaradır.

Türkiyənin Milli Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri və dövlətimizin başçı­sı tərəfindən yüksək səvyyədə qəbul edilməsi, digər bütün sahələrdə olduğu kimi, hərbi və hərbi texniki sahədə də işbirliyinin, həmçinin əməkdaşlığın yüksək səviyədə olmasından xəbər verir. Məlum olduğu kimi, Türkiyə bu gün ən müasir silahlar, hərbi texnika istehsal edir. Hesab edirəm ki, Silahlı Qüvvələrimizin bu imkanlardan yarar­lanması vacibdir.

Türkiyə –Azərbyacan birgə hərbi təlimlərinin keçirilməsinin böyük əhəmiyyəti var. Bu, düşmənlərimizə göz dağı olmaqla yanaşı, iki dost və qardaş ölkə arasında sıx birliyin göstəricisidir.

Asim MOLLAZADƏ, Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri:

– Türkiyənin hərbi rəhbərliyinin ölkəmizə səfəri, əslində, bizim əlaqələrimizin bütün sahələr üzrə yüksək səviyyəsindən xəbər verir. Bölgə üçün çox çətin və ağır olan bir zamanda qardaş ölkənin hərbi rəhbərliyinin səfəri yüksək dəyərə malikdir. Ermənistanın sərhədboyu ərazilərdə törətdiyi təxribatlara Türkiyə Prezidentinin, Xarici İşlər nazirinin, Milli Müdafiə Nazirliyi rəhbərliyinin birmənalı münasibətləri dostluq və qardaşlığın sarsılmaz olduğunun göstəricisidir. İstənilən təhlükəli məqamda Türkiyə həmişə Azərbaycanın yanında olub. Budəfəki səfər də çox ciddi mesajdır.

Azərbaycan və Türkiyəni birləşdirən amillərdən biri də çox böyük əhəmiyyətə malik strateji sistem­dir. İki ölkənin birgə həyata keçirdiyi strateji layihələr dünya birliyi üçün də əhəmiyyətlidir. Bu layihələrin arxasında böyük maraqlar dayanır.

İki ölkə arasında təhlükəsizlik sahəsindəki əməkdaşlıq da böyük ümid verir. Neçə gündür ki, Türkiyə –Azərbaycan birgə hərbi təlimləri keçirilirdi. Bu, çox əlamətdar, se­vindirici, qürurverici hadisədir. Eyni zamanda, iki dost ölkənin birliyinin, qardaşlığının nümunəsidir. Bu təlimlərin həm də xalqlar arasındakı qardaşlı­ğın gücləndirilməsi baxımından çox böyük əhəmiyyəti və faydası var. Hesab edirəm ki, qardaş ölkənin hərbi rəhbərliyinin yüksək səviyyəli səfəri düşmənlərimizə ibrət dərsi olacaq.

Havva MƏMMƏDOVA, tarix elmləri doktoru, professor:

– Tarixi dostluq, qardaşılıq, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq üzərində köklənmiş Azərbaycan –Türkiyə əlaqələri dünyaya nümunədir. Heç bir qüvvə bu əlaqələri poza bilməz. Ən əsası ona görə ki, xalqlarımız eyni soykökünə, dilə, dinə, mədəniyyətə malikdir. Bu amillər iki ölkəni həmişə bir-birinə doğma edib. Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan–Türkiyə münasibətləri bu gün daha böyük uğurla davam edir. Hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Elə qardaş ölkənin Milli Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri də bu baxımdan yüksək dəyərə malikdir.

Milli Müdafiə naziri Hulusi Akarın dövlətimizin başçısı ilə görüşündə “Türkiyədə 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür” – deməsi iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir. Ermənistan silahlı qüvvələrinin Tovuz­da törətdiyi təxribatın başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla 83 milyonluq türk xalqı tərəfindən nifrətlə qarşılandığını bildirən Milli Müdafiə naziri bir daha iki ölkə arasındakı qardaşlıq münasibətlərin sarsılmaz ol­duğuna işarə edirdi. Bu əməkdaşlıq hər birimizdə gələcəyə inam və işğal altında olan ərazilərimizin azad ediləcəyinə əminlik yaradır.

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com