Distant təhsillə bağlı Təhsil İnstitunun təkliflərinə reaksiyalar - Sorğu

Distant təhsillə bağlı Təhsil İnstitunun təkliflərinə reaksiyalar - Sorğu

Ötən gün Təhsil İnistututu yeni tədris ili üçün hazırladığı təkliflər paketini ictimaiyyətə təqdim etdi. Təkliflərə görə, COVID-19 pandemiyası ilə əlaqədar olaraq təhsil müəssisələrində tədrisin ənənəvi qaydada (tədris planlarına) uyğun təşkil edilməsi mümkün hesab edilmir. Hazırlanan təkliflər isə birmənalı qarşılanmır.

Mövzu ilə bağlı Teleqraf.com-un sualını cavablandıran Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı hesab edir ki, dərslər sentyabrın 15-də bərpa olunmazsa, ən geci oktyabrın 1-dən ənənəvi qaydada keçirilməlidir:

“Ölkəmizdə koronavirusla bağlı vəziyyət getdikcə stabilləşir. Azərbaycanda mürəkkəbləşmə yox, sadələşmə gedir. Əgər daha əvvəl yoluxma sayı 500-dən yuxarı idisə, indi 100-dən aşağıdır, ölənlərin də sayı azalıb. Qonşu ölkələrlə müqayisədə, ölkəmizdə vəziyyət kifayət qədər stabildir. Məhz bu səbəbdən dərslərin başlaması üçün bütün əsaslar var. Təbii ki, vəziyyət dəyişməsə. Vəziyyət dəyişdiyi halda, onsuz da bunu hamı görüb, tədris müəssisələrinin açılmasına qarşı çıxacaq. Amma hadisələrin gedişinə görə ənənəvi təhsili bərpa etmək lazımdır. Düşünürəm ki, Təhsil Nazirliyi bu barədə düşünüb, idarəetmə strukturları ilə də məsləhətləşəcək”.

Hamlet İsaxanlının fikrincə, özəl müəssisələrə -universitet/orta məktəb/bağça hədd müəyyən edilməlidir: “Məsələn, dərslər sentyabrın 15-dən tez başlaya bilməz. Oktyabrın 1-dən sonra bütün gigiyena qaydalarına riayət etməklə dərslərə başlaya bilərlər. Mən bunu daha doğru hesab edirəm. Qonşu ölkələrə baxaq, Rusiyada qəbul olunan son qərara əsasən, sentyabrın 1-i dərslər başlayır. Əgər bilik günündə hər kəs toplaşıb, himn oxuyaraq dərs ilini açıq elan edirdilərsə, artıq belə kütləvi toplaşmalar olmayacaq. Nəzərə alaq ki, Rusiyadakı vəziyyət ölkəmizlə müqayisədə xeyli ağırdır, amma onlarda dərslər başlayır. Eyni zamanda, Türkiyə qərara gəldi ki, sentyabrın 1-dən 21-nə qədər dərslər onlayn qaydada keçirilsin. 21 sentyabrdan etibarən isə dərslər ənənəvi qaydada keçiriləcək. Türkiyədəki vəziyyət ölkəmizlə müqayisədə çox pis olmasa da, bizdə daha stabildir”.

Hamlet İsaxanlının fikrincə, onlayn dərslərin keçirilməsi müddətini artırmaq həm müəllimləri, şagirdləri, həm də tələbələri yorur: "Proses çətinləşir və keyfiyyət getdikcə azalır. Təsəvvür edin, musiqi, tibb, mühəndislik və digər bütün sahələr təcrübə tələb edir. Bunları kömək xarakterli qısa müddət ərzində onlayn şəkildə tədris etmək olar. Ona görə də ənənəvi dərsləri bərpa etmək lazımdır. Eləcə də kütləvi toplaşma yerləri istisna olmaqla, həyatı əvvəlki axarında bərpa etmək lazımdır. İnsanlar işləməlidirlər. Bu çətin şəraitdə yaşamağı, işləməyi öyrənmək lazımdır. Əks halda müddət uzanarsa, vəziyyət daha da çətinləşəcək”.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli yeni dərs ilində dərslərin distant formada bərpasını düzgün hesab etmir. Qurum rəsmisinin sözlərinə görə, distant təhsil dünyanın heç bir ölkəsində uşaqların normal bilik qavramasına şərait yaradan təhsil sistemi deyil və özünü doğrultmayıb: “Bu səbəbdən valideyn olaraq buna normal yanaşmıram. Övladlarımızın virusdan qorunmasından söhbət gedirsə, onların valideynləri onsuz da işləyirlər və virus daşıyıcısı ola bilərlər. Gözləyək, bu hələ ki təklifdir. Bununla bağlı qəti qərar qəbul edildikdən sonra fikir bildirmək olar.

Nəzərə alaq ki, 3 uşaq eyni vaxtda evdə onlayn dərs alır. O uşaqların üçü də planşet, kompüter və ya noutbukla, normal internetlə təmin olunmalıdır. Etiraf edək ki, bu gün internetin gücü o səviyyədə deyil. Uşaqların qavrayış məsələsi var. Ən azından 7-8-ci sinifə qədər kiçik yaşlı uşaqlar birbaşa olaraq müəllimlə ünsiyyətdə olmalıdırlar ki, hər hansı mövzunu normal qavraya bilsinlər. Eyni zamanda, biz hər zaman uşaqlara demişik ki, telefon, kompüter ziyandır. İndi isə onları kompüter qarşısında əyləşməyə məcbur edirik. Bu zaman həm fiziki, həm də əqli cəhətdən uşaqlar inkişaf etmir. Məncə, düzgün deyil. Dünyada distant təhsil özünü doğrultmayıb. Hər hansı uşaqda fiziki məhdudiyyət olarsa, məktəbə gedib-gəlməsində problem varsa, yaxud da müəllimlərin evə gəlməsinə şərait olmadığı halda distant təhsil özünü doğrulda bilər”.

Modern.az-ın əməkdaşı Gülşən Raufqızı hesab edir ki, heç bir distant, onlayn təhsil ənənəvi təhsilin yerini verə bilməz:

"Amma burada söhbət övladlarımızın, eləcə də onlara dərs deyən müəllimlərin sağlamlığından gedir. Uşaqların və yaşlıların COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduqlarını nəzərə alsaq, orta məktəb mühitində bu təhlükə daha da arta bilər. Hamıya bəllidir ki, orta məktəblərdə dərs deyən müəllimlərin böyük əksəriyyəti 45-50 yaş üzəridir.

Hər kəs, ən çox da uşaqlar, eləcə də mənim övladlarım məktəblərin açılmasını arzulayır. Amma indiki pandemiya şəraitində bunun təhlükəli olacağı istisna deyil.

Düşünürəm ki, maskasız həyata yenidən qovuşanda orta məktəblərdə tədris bərpa oluna bilər: "Əks təqdirdə, yayda qapalı ev mühitində qalan, kifayət qədər təmiz hava, bol günəş, "D" vitamini qəbul etməyən uşaqlar arasında payızda adi qrip virusunun yayılma ehtimalı böyükdür. Sərt karantin rejiminin tətbiqinə başlanıldığı mart ayından bu yana qapalı mühitdə qalan uşaqların immun sistemi kifayət qədər zəifləyib. Karantin rejimi hər kəsin əsəblərini tarıma çəkdiyi bir vaxtda qaydalara riayət etmək şərtilə heç olmasa rayonlara gediş-gəlişin bərpası insanlar arasında gərginliyi nisbətən azalda bilər. Bu baxımdan hər bir vətəndaş qoyulan qaydalara ciddi riayət etsə, məktəblərdə ənənəvi tədrisin bərpası da bir o qədər tez baş verər".

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov yeni tədris ilində ənənəvi təhsilin başlanıb-başlanılmaması məsələsini Təhsil Nazirliyi yanında İctimai şura olaraq Təhsil naziri Emin Əmrullayev ilə müzakirə etdiklərini bildirib: "Ötən həftə bu mövzu haqqında onlayn müşavirəmiz keçirildi. Əlbəttə, hamımızın arzusudur ki, ənənəvi təhsil bərpa olunsun. Amma bu gün reallıq bizə başqa şeyi diqtə edir. Hazırkı dövrdə situasiya heç də ürəkaçan deyil, təəsüf ki, pandemiya hələ bitməyib. COVID-19 virusunun hələ ki, vaksini tapılmayıb, vəziyyət hər an dəyişə bilər. Buna görə də hazırkı dövrdə ən doğru seçim onlayn tədrisdir, təhsil müəssisələrinin ənənəvi fəaliyyətini bərpa etmək böyük risk tələb edən addımdır. Bu, insanlarımızın gələcəkdə kütləvi şəkildə yoluxmasına səbəb ola bilər. O baxımdan da, biz dünya təcrübəsini öyrəndik, beynəlxalq qurumların tövsiyələri ilə tanış olduq. Eyni zamanda, müxtəlif ölkələrdə qəbul olunmuş fərqli qərarların nəticələrini analiz etdik. Bu gün təhsil müəssisələrinin açılması ilə bağlı yekun qərar yoxdur.

Təhsil Nazirliyi nə mümkündürsə, onları etmək əzmindədir və edir. Ötən tədris ilində mart ayının əvvəllində məktəblər qapadılanda təhsil müəssisələri qısa müddətdə olsa belə, məsafədən təhsili bərpa etdi. Teledərslər layihəsi, virtual məktəb platforması, ali məktəblərdə distant təhsilin keçirilməsi ilə bağlı qərarlar qısa müddətdə verildi. Nə Azərbaycan, nə də dünya buna hazır deyildi. Xeyli müddət sonra digər ölkələr də Azərbaycanın tətbiq etdiyi yeniliklərdən istifadə etməyə başladılar. Bu onu deməyə əsas verir ki, Azərbaycandakı vəziyyət bilavasitə Təhsil Nazirliyinin diqqətindədir.
Narazılıqlar ola bilər, bir hər zaman deyirik, distant təhsil ənənəvi təhsili əvəz edə bilmir. Amma Azərbaycanda distant təhsillə bağlı vəziyyəti qənaətbəxş sayıram. Bu baxımdan ki, qısa müddətdə təhsil nazirliyi olaraq bu qədər işlər ortaya qoyulur. Əminəm ki, növbəti tədris ilinə qədər də təkmilləşmə olacaq, yeniliklər tətbiq ediləcək. Əlbəttə ki, arzu edək ki, ən azından sentyabrın əvvəlində dərslər başalamasa belə, çox qısa müddətdə ənənəvi təhsil bərpa olunsun".
İlqar Orucov hesab edir ki, yeni tədris ilində əvvəlki tədris ilində baş verən problemlərin bir qismini aradan qaldırmaq mümkün olacaq: "Çünki, pandemiyanın ilk dövrlərində distant təhsillə bağlı mütəxəssislər az idi. Həmçinin ali təhsil müəssisələri bu prosesə hazır deyildi. Hesab edirəm ki, aradan keçən bu müddət ərzində ali təhsil müəssisələri xeyli işlər görüblər. Bu istiqamətdə Təhsil Nazirliyi ali məktəblərlə sıx işləyib, müzakirələr aparılıb. Eyni zamanda distant təhsillə bağlı qabaqcıl ölkələrin təcrübəsi öyrənilib. Fikirləşirəm ki, əvvəlki müddətdən keçən dövr ərzində öyrənilmiş təcrübə bizə imkan verəcək ki, bu istiqamətdə xeyli irəliləyişə nail ola bilək.

O ki, qaldı birinci sinif məsələsi xeyli vaxt aparan məsələdir. Əslində birinci sinifə qəbul prosesi artıq tamamlanıb. Birinci siniflər üçün dərslərin hansı formada olması ilə bağlı variantlar mövcuddur. Amma bütövlükdə reallıq onu deməyə əsas verir ki, biz təhlükənin nə qədər ciddi olmasını nəzərə alaq və insanlarımızın sağlamlığını qoruyaq. Əlbəttə ki, təhsil bizim üçün çox önəmlidir, amma sağlamlıq ondan da vacibdir. Bütövlükdə isə, hesab edirəm ki, yəqin ki, hazırkı durumu valideynlər başa düşür. Təbii, birinci sinif şagirdləri bunu dərk etmək qabiliyyətində deyillər. Amma, bizim başqa yolumuz da yoxdur. Əgər qərar verilsə ki, onlayn dərslərə başlayaq, biz bunun üzərində durmalıyıq. Bunu heç kim arzu etmir, amma reallıq budursa, ona uyğun olaraq fəaliyyət göstərməliyik. Əlbəttə, birinci siniflər üçün onlayn tədrisin nə dərəcə doğru olub olmaması geniş müzakirə mövzusudur".

 

Mənbə: teleqraf.com