“Ali Baş Komandanın döyüş əmrini hər birimiz səbirsizliklə gözləyirik”

“Ali Baş Komandanın döyüş əmrini hər birimiz səbirsizliklə gözləyirik”

Səhərin erkən saatlarıdı. Günəşin zərrin şüaları insana xoş əhval-ruhiyyə aşılasa da, günün isti keçəcəyindən xəbər verir. Nəhayətsiz səmanı öz nuruna qərq edən günəşin şüaları altında "N" hərbi hissəsinə doğru irəliləyirik. Müəyyən məsafə qət edərək nəzərdə tutduğumuz məntəqəyə yaxınlaşdıqca havanın hərarəti daha da artır. "N" hərbi hissəsinə çatdıqdan və zabit Ramazan Orucovla tanış olduqdan sonra onunla birlikdə ön xəttə yola düşürük. Yaşayış məntəqələrini ötüb keçdikdən sonra ətrafda əsrarəngiz sakitlik hökm sürür. Asfalt yol artıq torpaq yolla əvəzlənir. Uzun yola maraqlı söhbəti ilə körpü salan zabit xidmətinin böyük hissəsini ön xəttə həsr etmiş təcrübəli hərbçilərimizdəndir. Uzun müddət ordu sıralarında xidmət edən zabit əvvəlki xidmət dövrünü belə xatırlayır: "Şübhəsiz ki, ötən əsrin sonlarında yenidən müstəqillik əldə etmiş gənc ölkənin qarşısında duran prioritet məsələ ordusunun komplektləşdirilməsi məsələsi idi. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra hərb sahəsində aparılan islahatlar qısa müddət ərzində öz müsbət nəticələrini göstərdi.


Müstəqilliyimizin ilk illərində ordumuzun güc göstəricisi ilə indiki statistika arasında müqayisəyəgəlməz dərəcədə fərq var. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan hərbi islahatlar, bu gün Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Bu gün ordumuz kifayət qədər hərbi gücə malikdir. Ordunun gücünü onun əsgərinin döyüş bacarığı, mənəvi-psixoloji vəziyyəti təsdiqləyir. Arsenalında ən müasir silahı olan ordunun əsgəri əgər vətənpərvər deyilsə, qələbə qazanması qeyri-mümkündür. Azərbaycan Ordusu istər arsenalında olan müasir silahlara, istərsə də əsgərinin döyüş ruhuna görə düşmənə qalib gəlmək iqtidarındadır. Sussa da, bütün dünya bilir ki, Azərbaycan əsgərinin mübarizəsi haqq mübarizəsidir. Elə hesab etməsinlər ki, Azərbaycan xalqının səbri tükənməzdir. Bu gedişlə beynəlxalq qurumların bərqərar etmədiyi ədaləti Azərbaycan əsgəri edəcək, tarixi ata-baba ocaqlarımızı düşməndən təmizləyəcək. Xeyirin şər üzərində qələbəsinin bütün dünya şahidi olacaq. Bu gün birmənalıdır ki, Azərbaycan Ordusu düşmən ordusunu istənilən göstəricidə qabaqlayır. Düşmən ordusu öz havadarlarına arxalana bilər, bizim ordumuz yalnız öz gücünə güvənir. Ordumuz artıq ötən əsrin sonlarındakı ordu deyil, gündən-günə daha da güclənir. Qısa müddət ərzində dünyanın aparıcı orduları sırasına adını yazmağı bacaran Azərbaycan Ordusunun gücünü bütün dünya bilir. Günümüzdə ölkəmiz artıq öz milli silahlarını istehsal edir. İstehsal etməklə yanaşı, milli hərbi məhsullarımız xarici ölkələrə də ixrac edilir. Bundan savayı, dünyanın aparıcı ordularına malik ölkələr ilə müxtəlif layihələrə imza atılır." Zabit xidmət etdiyi hərbi hissənin bir müddət əvvəl istifadəyə verildiyini vurğulayır və qeyd edir ki, hərbi hissənin açılışında Müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edib. Yaradılan şəraitdən şəxsi heyətin döyüş və psixoloji hazırlığından danışan zabit bildirir ki, ordumuzun bugünkü gücü rəhbərliyin yüksək diqqətinin bəhrəsidir. "Ölkəmizin əksər bölgələrində yerləşən hərbi hissələrində təmir və yenidənqurma işləri görülür və görüləcək. Ordumuza rəhbərliyin və xalqımızın böyük inamı var, ordu sıralarında olan hər bir kəs də öz növbəsində bundan ruhlanır, ona göstərilən etimadı layiqincə doğruldur. Ordu rəhbərliyinin tez-tez cəbhə bölgəsinə səfər etməsi, yurdumuzun keşiyində dayanan hərbi qulluqçularla görüşməsi, onların xidmətini layiqincə qiymətləndirməsi, qayğı və problemləri ilə maraqlanması hər kəsin döyüş ovqatını daha da artırır".


Nəzərdə tutduğumuz ünvana çatdıqdan sonra ilk tanışlığımız baş leytenant Bəhruz Qocayev olur. Özü haqqında qısa məlumat verən gənc zabit bildirir ki, Vətəni qorumaq, xalqa sədaqətlə xidmət etmək hər bir vətənpərvər şəxsin müqəddəs amalıdır. "Düşmənlə təmas xəttində əynində hərbi mundir, ordu sıralarında Vətən müdafiəçisi adını daşımaqdan qürur duyuram. Tabeliyimdəki şəxsi heyətin də ürəyi Vətən sevgisi ilə döyünür. Hər birimizin qəlbindəki ən böyük arzu əzəli və əbədi torpaqlarımız olan Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğaldan azad etməkdir. İstənilən an Ali Baş Komandanımızın döyüş əmrini yerinə yetirməyə hazırıq. Ömür Vətən üçündür, onun üçün ölünür və öldürülür. Bölməmizin hərbi qulluqçuları düşməni daim nəzarətdə saxlayır, onlar tərəfindən törədilən təxribatları layiqincə cavablandırırlar”.

Bölmənin dayaq məntəqəsində gördüklərimiz zabitin dediklərinin sübutudur. Şəxsi heyətin gözündəki qorxmazlıq insanı qürurlandırır, qələbəyə kökləyir. Şübhəsiz, xalqımız onlara əbəs yerə güvənmir, çünki məhz onlardır bugünkü təhlükəsizliyimizin və gələcəyimizin təminatçıları. Əsgər Samrat Əlizadəylə kəlmələşirəm. Vətən müdafiəçimiz komandirlər tərəfindən verilən təlimata əsasən düşmənin istənilən təxribatına hazır olduqlarını qeyd edir. "Tarix boyu Vətənimiz qəsbkarların təcavüzünə məruz qalıb. Ermənilərin tarixi torpaqlarımızı işğal edərkən xalqımızın başına gətirdiyi insanlıqdan uzaq hərəkətlərini izləyərkən düşmənə qarşı qəzəb hissim daha da alovlandı. Böyüyüb boya-başa çatdığımız Vətənin bu gün müdafiəçiləriyik. Uzun müddətdir ordu sıralarındayam, xidmətimi səngərdə təşkil etdiyim üçün qürurluyam. Bu gün Vətənə övladlıq borcumu ödəyirəm. Əsgər yoldaşlarımla hər birimiz bu şərəfli vəzifənin məsuliyyətini və verdiyi qüruru dərindən hiss edirik. Ali Baş Komandanımızın döyüş əmrini hər birimiz səbirsizliklə gözləyirik”.

Qarşı tərəfi müşayiət edən Ozal İsmayılova yaxınlaşırıq. Zabit Ramazan Orucovun "Səngərdə xidmət edərkən hansı hissləri keçirirsən?" sualına əsgər çox maraqlı cavab verir. "Hər gün səngərdə döyüş növbəsinə çıxarkən komandirlərimizin bu səngərlərin Vətənə neçə-neçə igid oğullar qazandırması ilə bağlı söhbətlərini xatırlayıram. Mübarizlər, Çingizlər və minlərlə igidlərin ünvanı olan səngərlər Vətəni qorumağın vacibliyini insana daha yaxşı dərk etdirir. Yerinə yetirdiyimiz vəzifə ümdə vəzifə olduğundan iqlimindən, relyefindən asılı olmadan barmağımız silahın tətiyində Vətəni müdafiə edirik. Hər birimiz ata-babalarımızdan miras qalan, hazırda işğal edilən tarixi ərazilərimizin düşmən işğalından azad olunacağı döyüşlərin iştirakçısı olmaq arzusundayıq".

Döyüş yoldaşının sözünə qüvvət olaraq əsgərlər Nəriman Məmmədov və Sabir Həsənov bildirirlər ki, Vətənə sevgi ilə xidmət edirlər. - Çoxdan bu günün həsrətindəydim. Yaşımın az olmasına baxmayaraq, Vətənin haradan başladığını daha dərindən anlayıram. Düşmən mövqeyini müşahidə edərkən tək bir amal haqqında düşünürəm - Qarabağımızı azad görmək, torpaqlarımızın müharibə yolu ilə azad olunacağı döyüşlərin iştirakçısı olmaq.

 

Mənbə: ordu.az