Gənclər arasında sağlam həyat tərzinin təbliği diqqətdə saxlanılmalıdır

Gənclər arasında sağlam həyat tərzinin təbliği diqqətdə saxlanılmalıdır

Ağsu, 15 avqust, AZƏRTAC

Ağsuda rayon icra hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Şamaxı bölgəsinin birgə təşkilatçılığı ilə “Narkotiklərə yox deyək” mövzusunda vebinar keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, vebinarda rayon icra hakimiyyətinin hüquqşünası Vüqar Hüseynov, Gənclər və idman idarəsinin rəis müavini Rəşad Osmanov, DQİDK-nın Şamaxı bölgəsinin əməkdaşı Tural Vahabov, YAP rayon təşkilatı gənclər birliyinin sədri Elnur Fərzəlizadə, fəal gənc İsa Əliyev çıxış ediblər. Çıxışlarda narkomanlığın və digər zərərli vərdişlərin dövlətə, cəmiyyətə və insanların sağlamlığına vurduğu ziyandan danışılıb, rayonda yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində aparılan maarifləndirmə işlərindən bəhs olunub. Vurğulanıb ki, bu gün gənc nəslin savadlı, vətənpərvər ruhda, sağlam böyüməsi hər kəsin qayğısı olmalıdır.

Vebinarda koronavirus pandemiyası təhlükəsi ilə əlaqədər tədbiq olunan karantin rejimi şəraitində yeniyetmə və gənclərlə işin xüsusi diqqət mərkəzində saxlanılmasının vacibliyi bildirilib, bununla bağlı görüləçək işlər, qarşıda duran vəzifələr geniş təhlil olunub.

Mənbə: azertag.az