Ermənistanın yeni milli təhlükəsizlik strategiyasının çatışmazlıqları

Ermənistanın yeni milli təhlükəsizlik strategiyasının çatışmazlıqları

“Luys” Fondu bu yaxınlarda “Xarici mühitdə və bölgədəki dəyişikliklər kontekstində Ermənistanın Təhlükəsizlik Strategiyası” adlı geniş təhlil nəşr edib. 40 səhifəlik təhlil, 2007-ci il təhlükəsizlik strategiyasının hazırlanması zamanı Ermənistanın xarici təhlükəsizlik mühitinin ətraflı icmalını verir, Ermənistanın əvvəlki xarici təhlükəsizlik strategiyasının qarşısında duran problemlərini və nəticələrini qiymətləndirir.

Təhlilin ikinci hissəsi qlobal və regional inkişaf kontekstində Ermənistandakı mövcud təhlükəsizlik mühitindən bəhs edir.

Təhlilin üçüncü hissəsində Ermənistanın xarici təhlükəsizlik mühitinin orta müddətli perspektivində Ermənistanın yeni təhlükəsizlik strategiyasına istinad edilir.

Ayrı bir hissədə 2007 və 2020-ci illər üzrə Ermənistan Milli Təhlükəsizlik Strategiyalarında Qarabağ münaqişəsinin qiymətləndirilməsinə toxunulub.

Protokollar, sənədlər və müqayisələr nəticəsində təhlil müəllifləri belə bir nəticəyə gəliblər ki, müxtəlif şərtlərdən asılı olaraq Ermənistanın təhlükəsizliyi baxımından xarici təhlükəsizlik mühiti xüsusilə vacibdir. 2007-ci ildə əvvəlki təhlükəsizlik strategiyasının qəbul olunduğu dövrdə olduğu kimi, bu gün də Ermənistan xarici təhlükəsizlik çağırışlarının əhəmiyyətli bir dönüş ərəfəsi ilə üzləşib.

Müəlliflərin fikrincə, 2007-ci ildə qəbul edilən əvvəlki milli təhlükəsizlik strategiyası əsasən ölkənin üzləşdiyi xarici təhlükəsizlik təhdidlərinə qarşı mübarizə missiyasını yerinə yetirməyə qadir olub, halbuki yeni 2020-ci il strategiyası bu baxımdan bir sıra çatışmazlıqlara malikdir. Bunlardan biri “Ermənistan dövlətçiliyinin mövcudluğu geosiyasi vəziyyətdən asılı deyil, ancaq erməni xalqının iradəsindən qaynaqlanmasıdır” bəndidir. Təhlil müəlliflərinin fikrincə, sənədin ən əvvəlində Ermənistanın təhlükəsizliyi baxımından geosiyasətin və geosiyasi reallıqların rolunu zəif qiymətləndirməyə cəhd edilir. Bu meyl, yeri gəlmişkən, təhlillərə əsasən sənədin bütün mətnində müşahidə olunur. Hər bir dövlətin varlığının həmin dövlətin vətəndaşlarının iradəsindən qaynaqlandığına razılıq verilərək bildirilib ki, yalnız bu, kifayət etməz, əgər geosiyasi reallıqlar düzgün qiymətləndirilmirsə, bu reallıqların məntiqinə zidd olan hərəkətləri etməyə çalışırlar. Bəzi hallarda bu cür siyasət müxtəlif millətlər üçün dağıdıcı nəticələrə səbəb olur.

Növbəti narahatlıq, sənəddə Ermənistanın təhlükəsizlik mühitinə yönəldilən bir sıra təhdidlərə aid olduğu bildirilməsidir. Burada bildirilir ki, “Ermənistan bölgədə və dünyada insan hüquqları sahəsində qeydə alınan geriləmədən narahatdır”.

Ermənistanı “demokratiyanın beşiyi” elan etmək və xarici siyasət zəminində demokratiya ideyasını əsas götürməklə, Paşinyan hökumətinin bu sözlərinin sənəddə yer alması təəccüb doğurmur, əksinə, məhz onların irəli sürdüyü prinsiplərin ziddiyyətini göstərir. Aydın məsələdir ki, belə bir bəyanat sənəd müəlliflərinin həm qlobal proseslərə, həm də regional reallıqlara dair natamam fikirlərinə dəlalət edir.

Ermənistanın 23 əsas strateji müttəfiqini “demokratiya liderləri” hesab etmək çətindir. Bundan başqa, mövcud geosiyasi inkişafın praqmatik kursu yaxın gələcəkdə demokratiya və insan hüquqları məsələlərinin dövlətlərarası münasibətlərdə rolunun azalacağını göstərir.

Ümumiyyətlə sənəddə Ermənistanın xarici təhlükəsizlik mühitinin təsviri natamam və ibtidai şəkildə ifadə edilib. Bölgədə, dünyada gedən proseslərin dərin, hərtərəfli təhlili, proqnozlar və Ermənistanın bu çərçivədəki yanaşmaları və mümkün davranışlarının təsviri yoxdur. Koronavirus epidemiyası səbəbindən dünyada dəyişiklik prosesinin sürətlənməsi, beynəlxalq aktyorlar arasında güc balansındakı dəyişiklik nəzərə alınmayıb.

Yeni strategiyada bildirilir ki, Ermənistan insan kapitalına vurğu edərək beynəlxalq çəkisini artırmaq üçün “yumşaq güc”dən də istifadə edəcək. Üstəlik, insan kapitalının potensialı bütün dünyada ermənilərin birləşməsi kontekstində nəzərdən keçirilir. Strateji hədəf olaraq təhlil müəllifləri, əlbəttə ki, bunu alqışlayırlar, lakin bunun hökumətin son 2 ildəki fəaliyyətinə tam zidd olduğunu qeyd edirlər.

“Xüsusilə, Baş nazir öz çıxışlarında ənənəvi ermənipərəst quruluşlarla ziddiyyətlərdən danışır. Hökümətin nüfuzlu diaspor iş adamları, ekspert, media (ilk növbədə Rusiyada yaşayan) qurumları arasında mürəkkəb münasibətlər meydana gəlib. Mövcud vəziyyət, erməni diaspora potensialından tam şəkildə istifadə etmək imkanlarını əngəlləyir. Xüsusilə ekspertlər, media sahəsində xaricdəki nüfuzlu erməni xadimləri ilə normal münasibətləri davam etdirmək, Tavuş sərhədindəki son gərginliklər zamanı Ermənistanın “yumşaq gücdən” istifadəsini xeyli gücləndirə bilərdi, həmin vaxt bunun zəruriliyi xüsusilə hiss edilib”, - deyə təhlilçilər bildirir.

Təhlil Ermənistan-KTMT, Ermənistan-NATO münasibətlərini, həmçinin müxtəlif geosiyasi mərkəzlər, Rusiya, Türkiyə, İran, Azərbaycan və sairə arasındakı münasibətləri əhatə edir.

Təhlil müəlliflərinin fikrincə, 2007-ci ildə Strategiya çərçivəsində gözlənilən problemlər nəinki aradan qaldırılmayıb, əksinə daha da dərinləşib və yeniləri də əlavə olunub. Nəticədə bu fakt yeni strategiyada qeyd edilsə də, mövcud olan və ortaya çıxan xarici təhdidlərin bütün spektrini tam şəkildə əks etdirə bilməyib, buna Ermənistanın strateji baxışı və bunlara qarşı müqavimət baxımından yol xəritəsi təqdim edilməyib.

“2007-ci ildə qəbul edilmiş sənəd, son on ildə özünü daha çox doğruldan Ermənistanın xarici təhlükəsizlik strategiyasının əsasını tamamlayıcılıq prinsipi kimi qoymuş olsa da, indi sürətli geosiyasi gerçəkliklər, fövqəldövlətlər arasında ziddiyyətlərin artması və digər hallar səbəbindən bu siyasətin həyata keçirilməsi daha çətin olacaq. Buna görə yeni, daha praqmatik xarici siyasət çağırışlarına uyğun bir prinsip qəbul etmək lazım idi

Bu yaxınlarda Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən vaxtaşırı səsləndirilən və yeni strategiyada, suverenlik, ümumerməniçilik, əməkdaşlıqda yeni tətbiq olunan prinsiplərin yeni xarici təhlükəsizlik strategiyası üçün həddindən artıq qeyri-müəyyən və dəqiq xüsusiyyət olmadığı açıq-aşkar ortadadır. Ermənistanın hazırkı xarici təhlükəsizlik problemlərini nəzərə alaraq, məsələn, “dayanıqlı tamamlama” prinsipini tətbiq etmək mümkün ola bilərdi. Ümumiyyətlə, Ermənistanın xarici siyasətini tərəfdaşlar və müttəfiqlər üçün bir qədər daha aydın göstərərək, daha çox proqnozlaşdırıla bilən vəziyyətə gətirilməli idi. Qeyd edildiyi kimi, dəyişən dünya nizamında kiçik ölkələrin geosiyasi seçim qarşısında qalması üçün belə bir seçimin qaçılmazlığı perspektivi daha çox olur. Xarici siyasətdə sabitlik prinsipinin tətbiqi Ermənistanın əsas xarici siyasət vektorundan kəskin dönüşlər etmək niyyətində olmadığını və belə bir seçim qarşısında qalarsa, məhz sabitlik prinsipinə əsaslanacağını açıq şəkildə göstərə bilərdi. Yeni sənəddə bu prinsip geosiyasi reallıqların, müxtəlif ölkələrlə münasibətlərin, beynəlxalq təşkilatlarla münasibətlərin, ilk növbədə fövqəldövlətlərin, müttəfiqlərin və erməni tərəfinin onlara olan baxışlarının daha dəqiq şəkildə təqdim olunmasında öz əksini tapmalı idi, lakin qəbul edilmiş strategiya bu baxımdan daha çox yeni problemlər ortaya çıxarır.

Yeni strategiya dəyişən dünya düzənində Çinin artan rolunu, habelə Çinin bölgədəki artan rolunu və təsirini nəzərə alaraq, Ermənistan-Çin münasibətlərinə, Çinin başlatdığı bir sıra beynəlxalq proqramlara daha çox yer verməli idi.

Ermənistanın KTMT və AİƏT qurumuna üzvlüyünü nəzərə alaraq, yeni strategiyada bu strukturların Ermənistanın xarici təhlükəsizliyi məsələsindəki rolunu dəqiq qiymətləndirməli, ölkənin yürütdüyü siyasəti həmin strukturlarda daha sabit, strateji axara qoymalı idi. Strategiya Ermənistan-Rusiya strateji müttəfiq münasibətlərinin bütün mahiyyətini və potensialını tam şəkildə əks etdirə bilməli, bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün Ermənistanın strateji baxışlarını açıq şəkildə vurğulamalı idi. Belə bir aydınlaşdırma, Ermənistanı strateji, uzunmüddətli davranışının Ermənistandakı daxili siyasi inkişafdan asılı olmayan daha proqnozlaşdırıla bilən, sabit bir müttəfiq kimi təqdim etməsinə imkan verər və müttəfiq öhdəliklərinin tam yerinə yetirilməsinə yönəldə bilərdi. Təəssüf ki, yeni sənəddə Ermənistanın təhlükəsizliyində Rusiya amilinin əhəmiyyəti lazımi səviyyədə nəzərə alınmayıb” - deyə təhlilin yekununda vurğulanıb.

Təhlil müəlliflərinin fikrincə, yeni milli təhlükəsizlik strategiyası yalnız bu ölkələrlə məhdudlaşmaqla, həmin ölkələrin ətrafında yaranmış regional, geosiyasi reallıqları, Ermənistan üçün bu ölkələrin əhəmiyyətini nəzərə alaraq Ermənistan-Gürcüstan, Ermənistan-İran münasibətlərinin inkişafı üçün yeni strateji həll yolları təklif etməli idi. Halbuki bu ölkələrlə münasibətlərdə yalnız “prosedur” xatırlatmalarla kifayətləniblər.

Aqil Məmmədov
Ordu.az

 

Mənbə: ordu.az