Quraqlığın artması ölkədə su təhlükəsizliyi ilə bağlı məsələlərin aktuallığını daha da artırıb

Quraqlığın artması ölkədə su təhlükəsizliyi ilə bağlı məsələlərin aktuallığını daha da artırıb

"Ölkəmizdə su təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması əsas strateji vəzifələrdən biri kimi müəyyənləşdirilib. Xüsusilə, son illərdə quraqlığın artması ölkədə su təhlükəsizliyi ilə bağlı məsələlərin aktuallığını daha da artırıb". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə Milli Məclisin deputatı Fatma Yıldırım sıxış edib. O, bildirib ki, iyulun 23-də Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirədə də bu məsələlər diqqət mərkəzində olub: "Dövlətimizin başçısı ölkəmiz üçün su təhlükəsizliyinin önəmindən bəhs edərək bildirib ki, su həm həyat, həm inkişaf, həm də təhlükəsizlikdir. Bu kontekstdə suya qənaət məsələsi olduqca mühüm önəm kəsb edir. Çünki su təsərrüfatında itkilərə yol verilməsi ölkəmizin mövcud su resursları ilə təmin edilməsi baxımından ciddi problemlərə yol açır".

Deputat qeyd edib ki, ölkəmizin təbii sərvətlərinin qorunub saxlanılması üçün hər bir vətəndaş bu məsələyə xüsusi məsuliyyətlə yanaşmalı, xalqımızın rifahı və dövlətimizin qüdrəti baxımından olduqca vacib əhəmiyyətə malik olan suya qənaət məsələsində üzərinə düşəni etməlidir: "Heç şübhəsiz, bu, bizim vətəndaşlıq borcumuz olmaqla yanaşı, dövlətin öz vətəndaşları üçün gördüyü işlərə ictimai dəstəyin göstərilməsi baxımından əhəmiyyətlidir".

Deputat onu da diqqətə çatdırıb ki, "Azərsu" ASC-nin dəstəyi ilə Bərdə şəhərində (Heydər Əliyev prospekti, Cəlil Məmmədquluzadə küçəsi, Qarabağ qəsəbəsi), Həsənqaya, İkinci Hacallı, İkinci Nazırlı, Zümürxan, Həsənli, Köbərkənd, Nəcəfqulubəyli, Qaraqoyunlu, Yeni Daşkənd kəndlərində, ümumilikdə, 22 çeşmədə suyun fasiləsiz olaraq boşuna axmasının qarşısını almaq üçün su kranları quraşdırılacaq, təmir bərpa işləri görüləcək: "Həmin ərazilər üzrə bələdiyyə nümayəndələrini daha aktiv fəaliyyətə dəvət edirəm, bərpa olunmuş çeşmələrə daima nəzarətin gücləndirilməsinin təmin edilməsini xahiş edirəm".

 

Mənbə: olaylar.az