Yaponiyada İkinci Dünya müharibəsi qurbanlarının xatirəsi anılır

Yaponiyada İkinci Dünya müharibəsi qurbanlarının xatirəsi anılır

 

Tokio, 15 avqust, AZƏRTAC

Avqustun 15-də Yaponiyada İkinci Dünya müharibəsinin başa çatmasının 75-ci ildönümü qeyd edilir.

AZƏRTAC xəbər verir ki, Yaponiyada hər il avqustun 15-də müharibə qurbanlarının anım mərasimləri keçirilir, sülhün davamlı olması üçün dualar oxunur.

Cari ildə koronavirus pandemiyasına görə, həmin hadisə ilə əlaqədar ölkənin hər yerində keçirilən tədbirlərə daha az insan cəlb olunub.

Yaponiya hökuməti hər il anım mərasimini paytaxtın “Nippon Budokan” zalında təşkil edir.

Mərasimdə çıxış edən Baş nazir Şinzo Abe deyib: “Biz bir daha müharibədə iştirak etməyəcəyimiz barədə andımıza sadiq qalacağıq”.

Baş nazir əlavə edib ki, onun ölkəsi beynəlxalq ictimaiyyətlə birlikdə dünyanı narahat edən ən müxtəlif problemlərin həlli üçün çalışacaq.

Yerli vaxtla saat 12:00-da mərasim iştirakçıları müharibə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Mərasimdə xalqa müraciətlə çıxış edən İmperator Naruhito əmin olduğunu bildirib ki, həmişə sıx birlik nümayiş etdirən yapon xalqı koronavirus pandemiyasının və onun yaratdığı çətinliklərin öhdəsindən də layiqincə gələcək. İmperator deyib: “Arzu edirəm ki, müharibədə iştirak bir daha heç vaxt təkrarlanmasın”.

İmperator Naruhitonun çıxışından sonra səhnədə quraşdırılmış ehramın önünə müharibədə həlak olmuş 3 milyon 100 min yaponun xatirəsinə ehtiram əlaməti olaraq gül dəstələri qoyulub.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Mənbə: azertag.az