Belə diplomatlar haradan tapılar...

Belə diplomatlar haradan tapılar...

Cəmi 15 gün idi Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsini yerinə yetirirdim. Əməkdaşlardan biri məlumat verdi ki, üç iş adamı yanınıza gəlmək istəyir. Onları qarşıladıq, çay içəndən sonra söhbətə özüm başladım:

- Mən sizin nəyə görə gəldiyinizi təxminən bilirəm.

Onlardan biri dilləndi:

- Haradan bilirsiniz?

Mən davam etdim:

- Yəqin siz gəlmisiniz ki, məndən xahiş edəsiniz, Bakıda sizə torpaq sahəsi alam, siz də orada nə isə bir iş görəsiniz...

O biri iş adamı:

- Doğrudur-dedi. Bacararsınız?

- Diqqətlə qulaq asın-deyə, onlara bir əhvalat danışdım.

- Maşınıma qaraj yeri almaq üçün Bakı şəhərinin merinə ərizə ilə müraciət etmişdim. Bir il keçdi, heç bir cavab almadım. Bakının meri isə mənim mənsub olduğum partiyanın üzvü idi... Bir neçə dəfə Bakı Şəhər İcra Hakimiyyətinə gedib-gəldim, xeyri olmadı. Axırda şöbə müdirlərindən biri soruşdu ki, "bağışlayın, siz deputatsınız, yoxsa kuriyer?" Dedim "deputat." O, çox təəssüf və təəccüblə "özünüzə bir qaraj yeri ala bilmirsiniz" -dedi. Nəhayət böyük çətinliklərlə 3-4 ilə qaraj yeri ala bildim...

Sonra əlavə etdim:

- Sizcə, mən sizin istədiyiniz torpaq sahəsini necə ala bilərəm?

Onlar üzümə baxa-baxa qaldılar və az qala xorla dilləndilər:

- Onda niyə bu işə gəlmisiniz?

Ayağa qalxdılar, getmək istədilər, mən də ədəb-ərkanla yola saldım.

Amma onların "bu işə niyə gəlmisiniz?" sualına uzun illər cavab tapa bilmədim. Məgər, səfiri, baş konsulu, ona-buna iş görmək, pul qazanmaq, biznes qurmaq, al-ver etmək üçün təyin edirlər?

İndikilərin çoxu o işlərin "ustasıdırlar!"

Yeri gəlmişkən, bir əhvalatı da danışım. Baş konsul olarkən, Azərbaycanda tanınmış bir adam da yanıma gəlmişdi. Söhbət zamanı dedi ki, "mən sizin yerinizdə oldaydım, burada gündə 200.000 pul qazanardım..." Maraq üçün soruşdum, "necə?"

O, nə desə yaxşıdır: "Məndə min tondan çox "salyarka" var, satmaq lazımdır." Dedim "a kişi, birincisi, mən burada heç bir iş adamı tanımıram. İkincisi, cənab prezident soruşmaz ki, a bala, mən səni ora "salyarka" satmaq üçün göndərmişəm? Bunun biabırçılığı hara çatar?!

O da mənə dedi ki, "onda qal quru yurdda!"

Mən "quru yurdda"- filanda qalmadım, diplomatik müddətdən 4 ay da artıq işlədikdən sonra geri qayıtdım. 18 ildir işimdən ayrılmışam, daim dövlətdən qayğı və diqqət görürəm. Hərçənd, İstanbula gedəndə qalmağa yerim olmadığından, pulumun çoxu dörd ulduz otellərə gedir... Lakin indikilərin çoxu işlədikləri ölkədə biznes də qururlar, evlər də alırlar, bahalı maşınlar da! Elə bilirlər elə belə olmalıdır...

Amma onu da unutmuram ki, diplomatik xidmətdən ayrıldığım 18 il müddətində Xarici İşlər Nazirliyindən heç kim bir dəfə də olsa, mənimlə maraqlanmadı. Çünki heç kimlə ""alış-"veriş" etməmişdim və ümumiyyətlə, belə işlər mənə yaddır! Görünür, mənim kimi adamlar da onlara yaddır!.. Yoxsa, mən 52 yaşımdan bəri niyə işsiz qalmalıydım ki?..

Xeyrəddin QOCA,

Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində sabiq baş konsulu.

 

 

Mənbə: moderator.az