“Lukaşenko hakimiyyətini itirə bilər” – POLİTOLOQ

“Lukaşenko hakimiyyətini itirə bilər” – POLİTOLOQ

Xəbər verildiyi kimi, Belarus kilsəsi Lukaşenkonu seçkidə qələbəyə görə təbrik etdiyi üçün üzr istəyib.

Belarus kilsəsinin rəhbəri Mitropolit Pavel təbrikin erkən olduğu qənaətinə gəlib.

Məlumatda bildirilir ki, Mitropolit Pavel Belarusdakı vəziyyətlə bağlı məlumat alıb, videolara baxıb, təəccüb və əsəb keçirib. Kilsənin də Belarusdakı məsələyə qarışması və özünə yeni tərəf seçməsi Lukaşenkonun probleminin ağır olduğundan xəbər verir.

Məsələyə münasibət bildirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında deyib ki, Lukaşenko hakimiyyətini qoruyub saxlasa da, bundan sonra vəziyyəti ağır olacaq:

“Kilsə rəhbərinin bu addımı insan psixologiyası ilə bağlıdır. İnsan psixologiyası adətən güclü tərəfi seçir. Lukaşenko nə qədər ki, güclü idi, bütün dövlət strukturları onun xidmətində idi. Lakin 9 avqust prezident seçkilərindən sonra güc tədricən müxalifətə doğru yönəlir. Küçələrə axışan insanların sayı artır. Bəzi polis və ordu mənsubları nümayişçilərə qoşulurlar. Ona görə də Lukaşenkonu dəstəkləyənlər düşünürlər ki, onu hələ də dəstəkləməyə dəyər ya yox? Kilsə də düşünüb ki, belə bir vəziyyətdə Lukaşenko məğlub olarsa, bunlar da onu dəstəklədikləri üçün məğlub olarlar.

Nəticədə təbriklərindən imtina ediblər. Lukaşenkonun prezidentliyi təstiqlənsə də, kürsüsünü qoruya biləcəyi sual altındadır. Hələki qorumağa çalışır, amma böyük zavodların tətilə çıxması Lukaşenko üçün gözləniləməz oldu. Çünki həmişə böyük zavod və fabriklər Lukaşenkonun dayağı olub. Hazırda ən böyük zavodun işçilərinin tətilə çıxması həm Lukaşenkonu, həm də onun ətrafındakıları ciddi düşünməyə məcbur edəcək. Proses genişlənərsə, Lukaşenko hakimiyyətini itirə bilər. Amma Lukaşenko hakimiyyətini qorusa belə, hazırda baş verənlər gələcəkdə idarəçilikdə ciddi problemlər yaradacaq”.

Əli Bədir
Cebhe.info

Mənbə: cebhe.info