Dilənçi ölkənin milyonluq saat taxan baş naziri

Dilənçi ölkənin milyonluq saat taxan baş naziri

Ermənistanın baş naziri Nikol Paşinyan yenidən bahalı qol saatı ilə gündəmə gəlib. Azvision.az xəbər verir ki, iki il əvvəl Ermənistanda korrupsiya, rüşvətxorluqla mübarizə aparacağını, şəffaflığın təmin ediləcəyini, vətəndaşlara yaxşı həyat, sosial rifah vəd verən “Məxməri inqilab” liderinin bahalı saatı hansı pula alması sosial şəbəkələrin erməni seqmentində və KİV-də ciddi müzakirələrə səbəb olub.

Hələ 2018-ci ildə Paşinyan “vəziyyətdən çıxmağa” çalışaraq, hər kəsi inandırmaq istəyirdi ki, Ermənistan istehsalı olan 200 dollar dəyərində saat taxır. Bununla belə, onun "Facebook"dakı paylaşımı istifadəçilər tərəfindən birmənalı qarşılanmadı.



Məsələn, elə 2018-ci ildə baş nazirin yayımladığı fotoda onun saatları fərqli vaxtları göstərirdi. Baxmayaraq ki, Paşinyan hər iki saatdan istifadə etdiyini yazmışdı. Sosial şəbəkə istifadəçisi Tiqran Zakaryan bu məqama toxunaraq, Paşinyana sual vermişdi ki, niyə vaxt bir saatda 17:22-ni, digərində isə 16։45-i göstərir. Suallar qarşısında çaş-baş qalan Paşinyan məntiqə sığmayan “izahatı” ilə özü-özünü ifşa etmişdi.

Amma bu mövzu qapanmadı. Ermənistan mətbuatı, ictimai fəallar, sosial şəbəkə istifadəçiləri baş nazirin bahalı qol saatı taxması barədə yenidən məlumatlar paylaşmağa başladılar.



Dünən isə Paşinyanın BBC-nin “HARDtalk” verlişinin qonağı olarkən istifadə etdiyi bahalı saat diqqətlərdən yayınmadı. Paşinyan həmin verilişdə özünü təkcə aparıcının verdiyi Ermənistanın işğal siyasəti, Dağlıq Qarabağ bölgəsindəki qanunsuz hərəkətləri, sülh prosesinin pozulmasına istiqamətlənmiş təxribatçı addımlarına dair suallara dəxlisiz cavabları ilə deyil, həm də israrla təkzib etməyə çalışdığı milyonluq saatı ilə biabır etmiş oldu.



Dilənçi ölkənin baş nazirinin milyonluq saatı əlbəttə ki, diqqətdən yayına bilməzdi.

Araşdırmalar zamanı məlum olub ki, Paşinyanın taxdığı Patek Philippe brendinə məxsus saat 1 milyon dollardan bahadır.



Bu brendə məxsus qızıldan olan 5002R markası 1,3 milyon dollara satılır. Platin 5002P isə 1,1 milyon dollara təklif olunur. Tərkibi ağ qızıldan ibarət olan 5027G markasının minimum qiyməti 877 min dollar təşkil edir.



Patek Philippe İsveçrə şirkətidir, lüks saat istehsalçısıdır və 1839-cu ildə Polşa mühaciri Antoni Patek və Fransua Capek tərəfindən təsis edilib.

Hər kəsə məlumdur ki, bu gün Ermənistanda ağır sosial-iqtisadi vəziyyət hökm sürür. İllərdir davam edən acınacaqlı vəziyyət Paşinyan hakimiyyətə gəldikdən sonra da dəyişməyib. Əksinə ölkədəki durum daha ağırlaşıb. Demək olar ki, hər gün ölkədə işsizliyə, ağır sosial vəziyyətə etiraz olaraq aksiyalar keçirilir.

Bundan əlavə, Paşinyanın hakimiyyəti dövründə Ermənistanda heç bir uğurlu iqtisadi layihə reallaşdırılmayıb, nəinki xarici investorlar, hətta yerli iş adamları belə ölkəyə sərmayə qoymaqdan imtina edirlər. Çünki hazırkı iqtidarın apartdığı uğursuz siyasətə güvənmirlər. Ölkədə demək olar ki, yeni iş yerləri açılmır, sosial rifah getdikcə daha da pisləşir. Səfalət içində boğulan kasıb ermənilərin şikayətinə isə dövlət qurumları tərəfindən baxılmır.

Vətəndaşların şikayətlərini qulaqardına vuran Paşinyan dövlət büdcəsini sabiq yüksək vəzifəli məmurlardan korrupsiya yolu ilə yığdıqları vəsaiti geri almaqla doldurmağa çalışır ki, bunun da problemdən çıxış yolu olmadığını yaxşı anlayır.

Artıq ermənilər özləri də etiraf edirlər ki, koronavirus pandemiyası dövründə ölkədəki sosial, iqtisadi problemlər pikk həddə çatıb. Paşinyan bu müddət ərzində vətəndaşlara heç bir güzəşt etməyib, dövlət hesabına maliyyə dəstəyi gostərməyib, əksinə iş yerləri bağlanıb, kommunal xərcləri ödəyə bilməyən vətəndaşların işığı, qazı, suyu kəsilib.

Parlamentdəki “Çiçəklənən Ermənistan”, “Parlaq Ermənistan” fraksiyasının deputatları dəfələrlə aztəminatlı əhaliyə güzəştlər edilməsi, büdcədən bu məqsədlə vəsait ayrılması məsələsini qaldırsalar da, Paşinyan qətiyyən bunu nəzərə almayıb.

Görünən odur ki, işğalçı ölkənin baş naziri özünə milyon dollarlıq saat almağı ehtiyac içində yaşayan vətəndaşa yardım göstərməkdən daha vacib hesab edir.



Pərvanə Sujltanova
Azvision.az

Mənbə: azvision.az