Səbr edək, özümüzü və yaxınlarımızı qoruyaq...

Səbr edək, özümüzü və yaxınlarımızı qoruyaq...

Ötən ilin sonundan etibarən yayılmağa başlayan koronavirus 8 aydır ki, aramızdadır. Demək olar ki, elə bir sahə qalmayıb ki, koronavirus ona müəyyən təsirini göstərməsin. Bu virus hətta insanların normal şəkildə dini mərasimlərini belə keçirməyə mane olur. İnsanların məscidə, kilsəyə, sineqoqlara gedə bilməməsi, Qurban, Ramazan və digər dini bayramları ənənəvi formada keçirə bilməməsi bunu deməyə əsas verir. Artıq koronavirus təkcə toy, ad günü, şənlik etmək istəyənlərdə deyil, eləcə də dini mərasimlərin keçirilməsini səbrsizliklə gözləyənlərdə də narazılıqlara səbəb olur. Xüsusən də, qarşıdan Məhərrəm ayının gəlməsi narahatlıqları daha da artırır.

Hətta ötən həftə keçirilən brifinqdə jurnalistlərdən biri Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümova məscidlərin açılması ilə bağlı sual da ünvanlayıb. O isə açıqlamasında bildirib ki, məscidlərin açılması üçün tezdir. Prezidentin köməkçisi sözügedən məsələnin müzakirə olunmadığını söyləyib.

Bu məsələ isə təkcə ölkəmizdə deyil. Hazırda dünyanın müxtəlif ölkələrində insanlar ənənəvi ibadətlərindən məhrumdurlar. Onlar kütləvi mərasimlər təşkil edib, dini ayinlərini normal şəkildə icra edə bilmirlər. Hətta bu il Həcc ziyarəti belə tam fərqli şəkildə həyata keçirildi. Səbəb isə, şübhəsiz ki, dünyanı cənginə alan, son statistikaya görə, 763 mindən çox insanın ölümünə səbəb olan Covid-19-dur.

"Bu gün məscidlər, ziyarətgahlar, sinaqoqlar, kilsələr tək Azərbaycanda yox, dünyanın hər yerində bağlıdır. İnsanlarımız bu qaydalara əməl etməlidir, biz koronavirusa qarşı birgə mübarizə aparmalıyıq", - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı açıqlamalarının birində söyləyib.

Koronavirus aramızdaykən, 21 milyon insanın test nəticələri müsbət çıxmışkən, hər gün yoluxma sayının artdığı dönəmdə, ikinci dalğa təhlükəsinin proqnozlaşdırıldığı bir vaxtda qapalı məkanlara, xüsusən də məscidlərə yığışmaq bu virusun yayılması üçün münbit şərait yarada bilər. İnsanların camaat namazı qılarkən pəncələrini bir-birlərinə birləşdirdiyini də nəzərə alsaq, virusun yayılma riski daha da böyük ola bilər.

Həmçinin, bəzi din xadimlərinin fikrincə, belə bir dönəmdə xəstəliyin yayılmasına səbəb olmaq və zəmin yaratmaq İslam dini baxımından günah hesab olunur. Xəstəliyin yayıldığı dövrdə hansısa dini ayinlərin təşkilinin cinayət olması ilə bağlı din xadimlərinin müvafiq fətvası da var.

Ümumiyyətlə isə, Allah tərəfindən buyrulan, ən böyük əxlaqi dəyərlərdən, əmrlərdən biri səbrdir. Hətta Bəqərə surəsinin 153-cü ayəsində səbr etməkdən bəhs olunur. Allahın Qurani-Kərimdə "səbr" sözünü yüz dörd dəfə zikr etməsi də İslam dinində səbr etməyin nə qədər vacib olduğuna işarədir.

Bizim də koronavirusla bağlı üzərimizə düşən vəzifələrdən biri qaydalara riayət etmək, maska taxmaqla yanaşı, həm də səbr etməkdir. Səbr edək, özümüzü və yaxınlarımızı qoruyaq və qaydalara əməl edək ki, bu bəla üstümüzdən daha tez çəkilsin. Nəzərə almaq lazımdır ki, karantin qaydaları tək Azərbaycan vətəndaşlarının yox, bütün dünyanın, hər kəsin həyatına mənfi təsir edir, yorur, ruhdan salır...

Umarlı
Milli.Az

Mənbə: news.milli.az