O, Nikolun xəstə olduğunu hamıya göstərdi

O, Nikolun xəstə olduğunu hamıya göstərdi

Nikol Paşinyan normal insan deyil. Ona görə ki, təkcə Böyük Britaniyada yox, bütün dünyada populyar olan “Hardtalk” verilişinə çıxırsansa, ən azından ingilis dilini bilməlisən. Hələ başqa şeyləri demirəm. Ancaq Paşinyan qabiliyyətsizliyi də özünü biabır etməyə davam edir.

Bunu Axar.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. Deputat bildirib ki, Paşinyanda özüntənqid hissi yoxdur:

“Mən peşəkar psixoloqam. Ermənistanın baş naziri özünü təhlil edə bilmir. Bu isə xəstəlik əlamətidir. Yalnız xəstə bir cəmiyyət xəstə insanı hakimiyyətin ən yüksək pilləsinə qaldıra bilərdi. Erməni xalqının faciəsi bundan ibarətdir. Digər tərəfdən, görün biz kimlə ünsiyyətdə olmağa məcburuq”.

Deputatın sözlərinə görə, Nikol Paşinyan nəinki suallara cavab verə bilirdi, açıq-aşkar yalan danışırdı:

“Sadəcə yalan danışırdı. Elə bil ki, qarşısında uşaq oturub. Paşinyan özünü elə təqdim edirdi ki, guya dünyanın heç nədən xəbəri yoxdur. Jurnalist soruşur ki, siz işğal olunmuş ərazilərdə niyə yol tikirsiniz, axı Avropa Parlamentinin, Avropa Birliyinin buna qəti etirazı var. Qayıdıb deyir ki, yolu mən çəkmirəm. Belə bir cavab dövlət başçısı tərəfindən gəlirsə, bu, ciddi adam ola bilməz. Jurnalistin “niyə Dağlıq Qarabağda təxribat törədirsiniz” sualına cavab olaraq tarixdən, minilliklərdən danışmağa başlayır. Soruşur ki, niyə pandemiya ilə bacarmamısınız, Paşinyan isə cavab vermək əvəzinə dünyanı hədələyir. Paşinyanın həm psixoloji, həm siyasi baxımdan qeyri-normal olduğunu dünən biz bir daha canlı şəkildə gördük”.

Səməd Seyidov deyib ki, Paşinyan yalnız Ermənistanın yox, həm də Qafqazın faciəsidir:

“Belə bir insan hakimiyyətdə olduğu halda hər cür təxribata gedə bilər; hər bir məsələni gündəmə gətirə bilər, çünki bunun təxəyyülü xəstədir, düşüncəsi normal deyil”.

Deputat bildirib ki, Paşinyandan hər şey gözləmək mümkündür:

“Belə bir qeyri-adekvat “siyasətçi” ilə ünsiyyətdə olmağa məcbursunuzsa, siz hər şeyə hazır olmalısınız. Ordumuzu ən yüksək səviyyəyə gətirməliyik. Əlaqələrimiz də ən yüksək səviyyədə olmalıdır. Xüsusilə burada Türkiyə faktoru var. Xalqımız bilməlidir ki, Tovuzdakı təxribatları baş tutmasa da, bunlar yenə də bənzər təxribatlara hansısa formada əl atacaqlar. Çünki Paşinyan qeyri-normal adamdır, bu insan özünü idarə edə bilmir. Bu, gün kimi aydındır. Paşinyan xəstə təxəyyülü ilə elə bir addım ata bilər ki, sonra onun altından bütün Qafqaz çıxa bilməz. Mən Böyük Britaniyadan olan aparıcıya minnətdaram ki, həmin verilişdə həm Paşinyanın siyasətinin iç üzünü, həm də bu insanın qeyri-normal vəziyyətdə olmasını birbaşa dünyaya canlı efirdə göstərdi”.

Mənbə: axar.az